Şəhid olacağını yuxusunda görmüşdü - Dedi öz ehsanımdan yemişəm

Şəhid olacağını yuxusunda görmüşdü - Dedi öz ehsanımdan yemişəm

Döyüşlərdə düşmən texnikasına və canlı qüvvəsinə qənim kəsilən, onları sıradan çıxaran Orxan hər kəs üçün nümunəvi bir döyüşçü ömrü yaşayıb.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Döyüşlərdə düşmən texnikasına və canlı qüvvəsinə qənim kəsilən, onları sıradan çıxaran Orxan hər kəs üçün nümunəvi bir döyüşçü ömrü yaşayıb. Neçə -neçə yaralı əsgər yoldaşlarını döyüş meydanından xilas edib. Şəhid Orxan Babayev Ağstafa rayon Qarahəsənli kəndində doğulub ,boya-başa çatıb. Orxan şəhid olan gündən evləri döyüş yoldaşları, komandirləri tərəfindən ən çox ziyarət edilən bir məkana çevrilib.Ən ağır günlərin yoldaşı olan bu insanlar müharibə bitdikdən sonra yoldaşları vəfa borcu yerinə yetirməyə gəliblər. Bu günlərdə onun döyüş yoldaşları şəhidimizin qəbrini ziyarət edib, ailəsi ilə görüşüblər. Valideynlərinə belə cəsur oğul yetişdirdikləri üçün təşəkkür ediblər.

Hacıqabul rayonundan gələn döyüş yoldaşıVüsal Qurbanov Orxanın igidliyindən danışıb:

"Orxan çox qorxmazıydı. Qələbə üçün özünü hər təhlükəyə atırdı. Fizuli tapşırığına birgə getmişik. Səhər saat 6-da hücuma keçdik. Minaatan batareyasını götürməliydik. Hava işıqlaşanda erməni snayperlərinin mühasirəsinə düşdük. Gecəyə qədər daldalanacaqdan çıxmağa qoymadılar. Susuz qala bilməzdik. Orxanla şəkidən Hacıyev familiyalı bir əsgər heç nədən qorxmadan əvvəl aldığımız posta gedib su gətirdilər. Onda onun necə qorxmaz olduğunu gördüm. Sonra da onun igidliklərinin şahidi oldum. Məndən yaşca kiçik olmasına baxmayaraq elə bir insanala döyüş yoldaşı olduğumçün qürur hissi keçiririəm". Vüsal Qurbanov. Döyüş yoldaşı

Oktyabrın 2-dən son anadək onun yanında olan Sakit Mustafazadə isə Qəbələ rayonundan gəlib. O, Orxanın özünün şəhidliyini bir gün əvvəl yuxuda görüb ona danışdığını söyləyib:

"Bütün hücumlara əməliyyatlarında Orxan birinci atılırdı. Qumbara atanıydı. Məni ona köməkçi vermişdilər. Neçə dəfə üstümüzə gələn texnikanı vurub erməniləri qaçmağa məcbur etmişdi. Hər döyüşə girəndə deyirdi Sakit bax mən şəhid olcam. Gecələr quru otları yolub üstə yatırdıq. Şəhid olmamışdan bir gün əvvəl yuxu görmüşdü. Dedi görürəm şəhid olmuşam. Öz ehsanımdan yeyirəm. Mən arzuma çatacam. Noyabrın 9-da Xocavənd şəhərinin girişində şəhid oldu", - deyərək məlumat verib.

Əsgər yoldaşları Orxanın igidliklərindən ürək dolusu danışdıqca şəhid anası övladı ilə daha çox fəxr etdiyini söyləyib. O, oğlunun müharibənin ilk günündən döyüşlərdə olsa belə evdəkilərə bunu bildirmədiyini deyib:

"Çox vətənpərvər uşaq idi. Şəhid analarını dinləyirəm sanki hamısı eyni taleyi yaşayıb, eyni tərbiyəni alıblar. Əsgər paltarı geyinməyə elə tələsirdi ki. Əsgər çağırılanda dedilər səhhətində problemi var. Sənədlərini Bakıya həkimə göndərdilər. Atasına dedi ki, cavabından asılı olmayaraq, mən mütləq orduya gedəcəm. Füzuliyə düşdü. Müharibə başlayandan hər gün danışsaqda Şəhid olan günə kimi bilmədik ki, o döyüşlərdə olub. Hər dəfə deyirdi narahat olmayın, biz arxadayıq döyüşmürük. Sonra bildik ki, ilk gündən müharibədəymiş. Nümunəvi əsgər olub. Ötən il noyabrın 9-da Füzuliyə andiçməsinə getmişdik. Bu il noyabrın 9-da şəhid xəbəri gəldi".

Şəhid Orxan Babayev noyabrın 11-də Qarahəsənli kənd qəbrstanlığında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunması" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Mənbə: sputnik.az