İnfeksionist: “İki həftədən sonra xəstəlik sayının artacağını gözləyin”

İnfeksionist: “İki həftədən sonra xəstəlik sayının artacağını gözləyin”

Azərbaycanda COVID-19-a qarşı könüllü vaksinasiya başlayıb, eyni zamanda ölkədə koronavirus pandemiyasına görə tətbiq edilən məhdudlaşdırıcı tədbirlər yumşaldılır.

N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin Yoluxucu Xəstəliklər və Epidemiologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar həkimi Vladimir Nikiforov Media.Az-a müsahibəsində vəziyyətlə bağlı fikirlərini paylaşıb.

O bildirib ki, karantinin yumşaldılması yoluxma sayına təsir edəcək:

“Əlbəttə, yoluxmaların sayı artacaq, bu başa düşüləndir. Hətta karantin dövründə belə, evin giriş qapıları həmişə bağlı qalmır. İstənilən halda virusa yoluxmuş kimsə evə daxil olaraq, onun sirkulyasiyasına səbəb olur”.

Professor qeyd edib ki, nəzəri cəhətdən hər yeri bağlamaq olar, amma bu da başqa problemlərə gətirib çıxaracaq:

“Karantin yalnız səhiyyə sistemindəki yükün azaldılmasına təsir göstərir. İnsanlar necə xəstələnirdilərsə, yenə də xəstələnirlər. Yeri gəlmişkən, mən virusu keçirmişəm, peyvənd vurdurmaya bilərəm”.

O deyib ki, epidemiyanın qarşısı alınmayıb, məhdudlaşdırıcı tədbirlər xəstələrin sayının azalmasına səbəb olub:

“Həkimlərin işi asanlaşıb. Yenə deyirəm, nə qədər ki, sərt karantindir, yoluxma azalacaq, yumşaldılma varsa, iki həftədən sonra xəstəlik sayının artacağını gözləyin.

Lokomotivin sürətini dayandıra bilərsən, özünü yox. Amma karantin sayəsində həkimlər gərgin işlərinə ara verə bildilər”.

Mənbə: paralel.az