Homolar niyə danışmağa başladılar?

Homolar niyə danışmağa başladılar?

Nitq qədim insanların nəyinə lazım idi və danışıq qabiliyyətinin yaranma prosesi barədə elmə nə məlumdur? Bir kommunikasiya sistemi kimi, nitqin meydana çıxmasını danışmaq bacarığı və dilin (ya da dillərin) yaranması mərhələlərinə bölmək mümkün deyil. Hər şeydən əvvəl bu təkamül prosesi ilə bağlıdır: təkamül daima, amma yavaş-yavaş, demək olar ki, hissolunmayacaq şəkildə gedir və yüz min, milyon illər ərzində nəhəng dəyişikliklər üst-üstə yığılır.

Eyni şəkildə təzəcə dil açmağa başlayan uşaq haqqında konkret hansı gün dili tam mənimsəyəcəyini deyə bilmərik. Uşaq cəmi bir söz bilirsə, onun danışmağı bacardığını deyə bilərikmi? Bəs iki söz bilirsə? Bu, tədricən gedən prosesdir, ona görə də hansısa dəqiq tarixlərdən danışmaq mümkün deyil. Əgər uşaqlar üçün, bir qayda olaraq, zaman çərçivəsi kifayət qədər kiçikdirsə – həyatlarının ilk bir-neçə ili, əcdadlarımız üçün dili tam mənimsəmək prosesi yüzminilliklər boyu çəkib.

NİTQ NƏYƏ LAZIMDIR?

İnsan dilinin strukturuna baxsaq, onun həmsöhbətin diqqətini hansısa detallara, nüanslara cəlb etməyə uyğunlaşdığını görərik. Bunu hətta insanda nitq pozğunluğu olanda, ya da əksinə, hələ danışmağı öyrənməmiş olsa belə, görmək mümkündür: başqalarının diqqətini nəyəsə yönəltmək ehtiyacı hər zaman var. Balaca uşaq „pişpiş“ deyə barmağı ilə küçədəki pişiyə işarə edir. Ya da maşınla oynayanda „Maşın dğın-dğın“ deyir.

Lev Vıqotskiyə görə, uşaq, dediklərini heç kimin eşitmədiyini, ya da başa düşmədiyini biləndə (məsələn, əcnəbilərin, ya da lal-karların əhatəsindədirsə), demək olar ki, səssiz-səmirsiz oynayır. Amma yanında valideynləri, ya da onun kəlmələrini anlayacaq başqa kimsə varsa, uşaq danışa-danışa oynayacaq, hətta hərdən yanındakı insanları çağıracaq – konkret bir şeyə görə yox, sadəcə eşidilmək üçün, kimsə onun şərhlərini dinləsin deyə. Biz, bu dərin dinləyici ehtiyacımızı, adətən, dərk etmirik, amma o, hər zaman var.

Hətta yetkin yaşlarda da kifayət qədər tez -tez qeyri-ixtiyari ətrafda baş verənləri şərh edirik. Burda açar söz qeyri-ixtiyaridir: dərininə varsa, o şərhlərin böyük əksəriyyəti faydasızdır, onları sırf emosional məqamlarda, nəsə diqqətimizi cəlb edəndə, ya da bizi qıcıqlandıranda səsləndiririk. Bundan əlavə, belə şərhlər hər zaman səmimi olur: biz bayırda qar yağanda, ya da günəş çıxanda qeyri-ixtiyari də olsa, „leysan yağış yağır!“ deyə bilmərik. Belə şərhlər böyüklərdən daha çox, uşaqlarda müşahidə olunur – bu, kommunikativ aktların sözügedən tipinin son dərəcə qədimliyinə işarə ola bilər.

Maraqlı müşahidələrdən biri də odur ki, insan ətrafdakı bütün obyektlərin adı olduğunu düşünür və həmin adları öyrənməyə çalışır. Uşaqların dili mənimsəmə prosesində bunu da müşahidə etmək mümkündür – onlar mütləq bu və ya digər əşyaların adını öyrənmək istəyirlər. Adsız nəsnələr isə, adətən, diqqətimizdən yayınır.

DİLİN TƏKAMÜLÜ

İnsan, dili sözlərlə mənimsəyir: o, bu və ya digər sözü bilib-bilmədiyini asanlıqla müəyyənləşdirir. Lakin dil – təkcə sözlərdən ibarət deyil, o, həm də onlarla davranış qaydalarıdır. Sözlər hansı səslərdən qurula bilər, hansılardan yox? Sözlərdən cümlə qurmaq üçün nə etmək lazımdır və bu zaman sözlər necə dəyişəcək? Bir sözdən başqa sözü necə yaratmaq olar? Bütün bunlar bizdə asanlıqla, təbii şəkildə, bir növ öz-özünə alınır, halbuki bu proseslərin arxasında nəhəng sayda qaydalar və qanunauyğunluqlar dayanır. Amma insanlar (əlbəttə, əgər linqvist deyillərsə) bunu qətiyyən dərk etmirlər.

İnsan dilinin ən əsas özəlliyi – yenidən qurulmaq qabiliyyətidir. Biz, uşaqlıqda dili mənimsəməyə başlayanda öz kommunikativ sistemimizi dərhal əzbərləmirik, onu yenidən qururuq: ilk dəfə rastlaşdığımız sözü hallandıra və ya təsrifləndirə bilərik, hələ heç kimin səsləndirmədiyi bir cümlə qura, hətta hərdən yeni sözlər də yarada bilərik – və bizi anlayacaqlar.

Heyvanların kommunikativ sistemləri belə imkanlardan məhrumdur. Onlar yalnız artıq bəlli olan bir şeyi tanımağa imkan verir (çox vaxt söhbət o qədər bəlli şeylərdən gedir ki, onlara müvafiq reaksiya genetik səviyyədə instinkt kimi yazılmış olur).

İLK HOMOLAR

İnsanın təkamülü prosesinin başlanğıcında, bizim təkamül budağımız müasir meymunlara aparan budaqdan yeni-yeni ayrılanda nə baş verirdi? İqlim dəyişirdi, meşələrin sahəsi daralırdı, meymunların nəsilartımı isə əvvəlki kimi qalırdı. Meşələrdə adətolunmuş rahat yerlər insana bəs etmirdi, buna görə də, belə yerlər uğrunda ciddi mübarizə başlamışdı. Şəraitə ən çox uyğunlaşan meymunlar meşədə qalırdılar – bu gün onlar bonobo və şimpanzelər adlanırlar. Meşədə qalanlar, yeni şərtlərə ən az uyğunlaşanları kənara qovurdular – orda da yaşamaq mümkün idi, amma uyğunlaşmaq lazımdı. Yeni şərtlərdə yaşamağı öyrənməkdən ötrü meşədən qovulan primatlar ağıllanmağa məcbur olurlar: onların beyinlərinin həcmi böyüməyə başlayırdı. Paleontologiya salnaməsində bu təkamül prosesi Homoların bütün tarixi boyu müşahidə olunur.

Digər tərəfdən primatlar – ictimai heyvanlardılar və onların balalarının sağ qalması qrupun keyfiyyətindən asılıdır. Nə şimpanzelər, nə qorillalar, nə bonobolar balalarını təkbaşına uğurla böyüdə bilməzlər. Təbii ki, müasir insan artıq bu işin öhdəsindən gəlir, amma sadəcə ona görə ki, nəhəng insan cəmiyyəti bunun üçün şərait yaradır. Müvafiq olaraq, qədim hominidlər qruplar halında yaşadıqlarına görə onlardan hansısa bütün qrupun sağqalma şərtlərini yaxşılaşdırmağa qadir, ümumiyyətlə, qrupa necəsə fayda verəcək bir şey kəşf edəndə, onun bu qabiliyyəti tezliklə bütün qrupun sərvətinə çevrilirdi və bir neçə nəsil sonra populyasiyanın bütün nümayəndələri belə „faydalı bacarığa“ sahib olurdular.

Qeyd etmək vacibdir ki, primatlar, o cümlədən bizim əcdadlarımız – hər şey yeyən məxluqlar idilər. Bununla belə, onlar ətraf aləmdə həddindən çox olan detalları fərqləndirmək və çoxlu davranış proqramlarına malik olmaq zərurəti ilə üzləşmişdilər.

Bizə ən aydın olacaq nümunə: qaragilə ilə qarğagözü meyvəsi zahirən bir-birinə çox bənzəyir, amma eyni dərəcədə faydalı deyil. Vaxtilə əcdadlarımızın yaşadıqları Afrikada belə nüanslar həddindən çox idi və onları nəzərə almaq lazım gəlirdi. Savannada isə həyat meşədəkindən daha rəngarəng idi. Hələ bir də alətlər düzəltdikdən sonra! Hansı daşlar alət düzəltməyə yararlıdır, hansılar deyil, daşların kənarları iti olsun deyə hara vurmaq lazımdır, o alətləri harda və necə istifadə etmək olar – bütün bunları bilmək lazım idi. Eyni zamanda gərəkli anda alətlər yanında olmayanda yalın əllərlə qida əldə etməyin üsullarını da bilməliydilər. Yəni diqqət yetirilməsi gərəkən detalların sayı artırdı və onların hamısını necəsə yadda saxlamaq tələb olunurdu. Odur ki, əcdadlarımızın sadəcə beyinləri böyümürdü, həm də ətraf mühitin əhəmiyyətli aspektlərini görməyə və dərk etməyə imkan verən bir şeyə tələbat yaranmışdı. Bunu bacaranlar təkamül yarışında qalib gəlirdilər.

DİLİN YARANMASI

Bəs əcdadlarımızın dili necə meydana çıxmışdı?

Çox güman ki, onlar əvvəllər müasir şimpanzelər kimi jestlər vasitəsilə ünsiyyət qururdular, səslər isə az miqdarda anadangəlmə bir topludan ibarət idi. Hər halda avstralopiteklərin səs aparatı və beyinlərinin quruluşu ilə bağlı əldə etdiyimiz məlumatlar məhz bunu deyir. Lakin əcdadlarımız (erkən Homolar) müxtəlif alətlər düzəldib onlardan mütəmadi istifadə etməyə başlayanda jestlər vasitəsilə ünsiyyət get-gedə çətinləşmişdi. Böyük ehtimalla, sözügedən çətinliklər emosional çığırtıların – fərqli vəziyyətlərdə fərqli səslər – yaranmasına səbəb olmuşdu. Qrupun fərasətli üzvləri çığırtılar arasındakı fərqlərə görə yoldaşlarını nəyin həyacanlandırdığını başa düşə bilirdilər.

Təxminən, eyni halı müasir meymunlarda da görmək mümkündür: qrup yoldaşları qışqırlara əsasən, məsələn, almanı çörək ağacının meyvəsindən fərqləndirməyi bacarırlar. Amma bizim əcdadlarımızın bir-birindən ayırd etməli olduqları nüanslar həddindən çox idi. Öz növbəsində təbii seçmə də bu bacarığın – bir tərəfdən emosional çığırtıları boğmamaq, digər tərəfdən isə onlara diqqət yetirmək və uyğun nəticələr çıxartmaq – inkişafını dəstəkləməyə başlayırdı. Qəbilədaşlar nə baş verdiyini rahat anlasınlar deyə çığırtıları bir-birindən fərqləndirməyə tələbat artırdı.

Beləliklə də, tədricən, bir-birindən kiçik detallarla – fonemlərlə fərqlənən sözlər formalaşmağa başlayır və sözləri öyrənmək asanlaşırdı: istənilən yeni sözü tanımaq və yaddaşda saxlamaq üçün az sayda fonemləri əzbərləmək kifayət idi. Həmçinin nitqin sərbəstliyi də inkişaf edirdi, yəni səs siqnalları, tədricən, sadəcə emosional anın məhsulu olmaqdan çıxıb şüurlu şəkildə səsləndirilirdi.

Təbii ki, bu bacarıqlar müxtəlif insanlarda müxtəlif şəkillərdə formalaşırdı: kimsə siqnalları eşidərək fərqləndirməyi daha yaxşı bacarırdı, kimsə onları aydın tələffüz etməyi. Bəzi qruplarda bacarıqlı kommunikatorlar daha çox idi, digərlərində – daha az. Birincilərdə məlumat daha yaxşı ötürülürdü, onların davranışları daha effektiv, sağqalma faizləri daha yaxşı olurdu. İkincilərdə də isə sadalananlar zəif idi. Buna görə də, ikincilər, tədricən, üzvlərini itirir, nəsilləri kəsilir, ya da daha uğurlu qruplara qarışıb onların içində əriyirdilər… Lakin axırda, hər kəs danışmağı və danışıqları anlamağı öyrəndi – hər halda bu vərdişlərə uşaq vaxtından tətbiq etməyə başlayanlar.

Bu hal hansı anda baş vermişdi? Arxeoloji qazıntılar zamanı tapılan dilaltı sümüyün quruluşuna nəzərə alsaq, avstralopiteklərdə müasir meymunlardakı kimi boğaz torbaları olub. Belə torbalar ağzıdolu halda səslər çıxartmağı sevənlərə lazımdı: onların öz rezonanslar və anti-rezonanslar sistemi var, ağzında dili necə oynadırsan-oynat, boğaz torbaları səsi lazımi ölçülərə salacaq. Bizim – yəni insanların buna ehtiyacı yoxdur: bizim qırtlağımız aşağıda yerləşir, odur ki, ağzıdolu halda danışmaq cəhdi boğulmaq təhlükəsi yarada bilər. Əvəzində, boğaz torbaları olmayanlar, dilini ağzında oynatmaqla fərqli tonlu çoxlu müxtəlif siqnallar yarada və çoxlu fərqli işarələr verə bilərlər.

Boğaz torbalarının nə vaxt yoxa çıxdığı məlum deyil. Hər halda heydelberq insanında – sapienslərlə neandertalların ortaq əcdadlarında belə torbalar yox idi.

Heydelberq insanının aydın nitqə sahib olmaq üçün başqa alətləri vardı – səslər arasında artikulyasiya vasitəsilə fərqlər yaradan tezliklərə ayarlanmış (müasir insandakı qədər yaxşı olmasa da) eşitmə qabiliyyəti və xüsusi nitq nəfəsi rejiminə (bunsuz ağızla müxtəlif səslər çıxartmaq faydasızdır – səslər bir-birini batıracaq və dinləyici heç nə anlmayacaq) imkan verən kifayət qədər geniş onurğa kanalı.

Homo habilislərdə, müasir insanın Brok zonasına (nitq zonalarından biri) oxşar beyin bölgəsi avstralopiteklərdə olduğundan daha çox inkişaf edib. Bu, onların dilləri olduğu deməkdir? Çox güman ki, yox. Hərçənd ola bilər. Beynin motor qabığına yaxın olan bu bölgənin inkişafı eyni vaxtda həm alətlərdən, həm jestlərlə ünsiyyətdən istifadə zamanı yaranan çətinliklərə reaksiya idi. Brok zonasının nitqə cavabdehliyi məhz hansı anda üzərinə götürdüyü dəqiq məlum deyil: qazıntılarda tapılan qalıqlara əsasən, biz sadəcə beynin ayrı-ayrı bölgələrindəki dəyişiklikləri izləyə bilirik, onların funksiyalarındakı dəyişiklikləri yox.

Heydelberq insanının aydın başa düşülən, bir-birindən fərqlənən səsləri tələffüz etmək qabiliyyətini dil adlandırmaq olarmı? Bu, mürəkkəb sual olaraq qalır. Əgər biz yalnız sintaksisli, mürəkkəb budaq cümlələrə və s. bu kimi elementlərə malik sistemi dil adlandırırıqsa, çox güman ki, heydelberq insanı bu sistemə sahib deyildi.

Amma kiməsə sözləri aydın tələffüz etmək və fərqləndirmək qabiliyyəti kifayətdirsə, onda heydelberq insanlarının kommunikativ sistemini dil hesab etmək mümkündür.

Svetlana Burlak

Filologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq institunun baş elmi əməkdaşı

Mənbə: azlogos.eu