Mehdiabadda gənc oğlan arvadına xəsarət yetirdi - TƏFƏRRÜAT

Mehdiabadda gənc oğlan arvadına xəsarət yetirdi - TƏFƏRRÜAT

Abşeron rayonunda arvadına xəsarət yetirməkdə ittiham olunan 1994-cü il təvəllüdlü Məmməd Rüstəmovun məhkəməsi başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Məmməd Rüstəmov Mehdiabad qəsəbəsində yaşadıqları evdə arvadı Sevil Rüstəmovanı döyərək, ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Məmməd Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd Rüstəmov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, Sevillə 2 il əvvəl ailə həyatı qurub, ümumilikdə münasibətləri yaxşı olub:

"Lakin sonradan aramızda bəzən mübahisələr yaranmağa başladı. Hadisə günü, saat 20 radələrində Mehdiabad qəsəbəsində olan kafelərdən birində şam etdim, bir qədər spirtli içki içib evə gəldim.Sevil anasıgilə getmək istədiyini bildirdi. Mən buna etiraz edərək ümumiyyətlə oraya getməsinə icazə vermədiyimi dedim".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu səbəbdən onlar arasında mübahisə yaranıb: "Mübahisə zamanı əsəbləşərək Sevilin sifət nahiyəsinə bir neçə şillə vurdum. Bundan sonra Sevil evdən getdi. Sonradan Mehdiabad polis bölməsinə dəvət edildiyimdən Sevilin barəmdə şikayət etdiyini bildim".

Məmməd Rüstəmov ifadəsinin sonunda etdiyi əməldən peşman olduğunu və zərərçəkən şəxsdən üzr istədiyini bildirib.

Sevil Rüstəmova ifadəsində bildirib ki, hadisə baş verən günü, saat 20 radələrində Məmməd sərxoş vəziyyətdə evə gəlib: "Məmməd mənə qardaşım Ənvərin nə üçün zəng edərək onunla maraqlanmadığını soruşdu. Bu səbəbdən aramızda mübahisə yarandı. Məmməd sifət nahiyəmə əvvəl şillə ilə, daha sonra isə üzümə, başıma yumruqla bir neçə zərbə vurdu. Buna görə evdən getdim. Bir gün sonra isə Mehdiabad polis bölməsinə şikayət ərizəsi ilə müraciət etdim".

Abşeron rayon Məhkəməsinin hökmü ilə Məmməd Rüstəmov aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Mənbə: news.milli.az