Müharibədə psixoloji travma alan qazilərimizə psixoterapevtdən VACİB TÖVSİYƏLƏR

Müharibədə psixoloji travma alan qazilərimizə psixoterapevtdən VACİB TÖVSİYƏLƏR


Son günlər Vətən Müharibəsindən qayıdan əsgər və hərbçilərimizdə baş verən narahatlıq, gecə yuxusuzluğu, ətrafında baş verən ən kiçik bir şeyə çox ciddi şəkildə reaksiya vermə, hətta, öz sağlamlığına ziyan yetirmək kimi hallar aşkarlandı. Bu və ya digər formada yaşanan hallara psixoloji nöqteyi-nəzərdən qoyulan ad posttravmatik stress adlanır. Posttravmatik hal yaşanmış ciddi travmadan sonra baş verən həyəcan, təşviş halıdır. Bu problemdən əziyyət çəkən insanlar eyni hadisəni "flashback" yəni görüntü şəklində təkrar yaşayır və ya bununla bağlı kabuslar görməyə başlayır.
Yeniavaz.com posttravmatik streslərin meydana gətirdiyi hallar və bundan çıxış yolları ilə bağlı psixoterapevt Kəmalə Əfəndi ilə həmsöhbət oldu. Psixoterapevt müharibə faktorunun posttravmatik stres pozuntusuna səbəb olan ən öncül faktor adlandırır:
"Hər hansı bir hadisənin travmaya səbəb olması üçün hadisənin həmin şəxsə və ya ətrafındakı şəxslərə fiziki zərər yetirməsi və eyni zamanda bu zərərin qəfil, gözlənilməz olması lazımdır ki, müharibə şəraiti də sırf buna uyğundur. Hətta belə bir məlumatı sizlə bölüşə bilərəm ki, 2-ci dünya müharibəsi veteranlarından hələ də bu pozuntunun izlərini özündə daşıyan insanlar var. Posttravmatik stress pozuntusunun simptomları sırasına yuxusuzluq, kabuslar görmə, hadisə ilə bağlı xatirələrin narahatlıq verəcək dərəcədə tez-tez xatırlanması, diksinmə və sair daxildir. Adətən bəzi insanlarda travma, baş verən günlərdə şiddətli yaşanır və bir neçə həftə içində itir. Bəzi insanlarda isə aylarla hətta illərlə davam edə bilir. Tədqiqatlar göstərir ki, müharibəyə qatılan və ya müharibədə yaralanan insanlarda 17.5 – 45 faiz, işgəncə görmüş qruplarda 23 – 54 faiz təcavüz qurbanlarında 25 – 50 faiz, təbii fəlakətlərdə 3 – 59 faiz posttravmatik stresə rastlanır".
Kəmalə Əfəndi müharibədən qayıdan bəzi şəxslərin özünə ziyan vermək istəməsini və ya intihar etməsini də posttravmatik halın ən ciddi formada yaşanması ilə əlaqələndirir:
"Travmanın çox şiddətli olması ilə həmin bu stresin şiddəti əslində düz mütənasübdür. Belə bir misal verək, müharibədə yaralanmış əsgərlə yaralanmamış əsgərin posttravmatik stres halı fərqli olur. Yaralanmamış insanla yaralanmış insanın posttravmatik şiddət stresi də fərqli olur. Yaralanmamış insanda bu hal daha yüngül simptomlar müşahidə olunduğu halda, yaralanmamış insanda və ya hər hansı bir orqanını itirmiş insanda bu simptomlar daha şiddətli, daha ağır şəkildə özün biruzə verməyə başlayır. Bir diaqnozun şiddətli olması, yəni söhbət psixoloji diaqnozlardan gedir. Bu paralelində mütləq şəkildə depressiyanı da gətirir. Depressiya başlı başına bir pozuntu halı olsa belə çox hallarda başqa bir pozuntunun yanında ikinci bir pozuntu şəklində daim gördüyümüz bir haldır. Posttravmatik stres zamanı bu insanda eyni zamanda depressiv halların müşahidə olunması “suicidal” (suisidal) halların yəni özünə qəsd hallarının yaşanmasına gətirib çıxarır. Əgər hər hansı bir insanda depressiya yoxdursa, amma özünə qəsd, intihar cəhdləri varsa, bu zaman artıq hər hansı bir travmaya bağlı bu istər psixoloji travma olsun, istər fiziki travma olsun artıq burada travmaya bağlı ciddi şəxsiyyət pozuntuları ortaya çıxmasından xəbər verir. Hansı ki, müəyyən bir hadisədən sonra yaranmış şizofreniya xəstəliyində özünə qəsd etmə halları da müşahidə oluna bilər”.

Kəmalə xanımın sözlərinə görə postravmatik stresdən əziyyət çəkən insanları bu yoldan çəkindirməyin ən birinci yolu mütəxəssisə müraciət etməkdən keçir:
"Bir halda ki, söhbət özünə ziyan yetirməkdən gedirsə, bu halda vaxt itirmədən mütəxəssisə müraciət etmək lazımdır. Burada artıq B planından belə söhbət gedə bilməz. Biz psixoloqların davamlı olaraq aramızda istifadə etdiyi bir söz var. “Suicide” (suisid) halı və ya özünə zərər vermə. Bu halın ciddisi də ciddidir, zarafatı da ciddidir. Hətta "özümü öldürəcəm" sözünü zarafatla deyən insan belə biz mütləq şəkildə ciddiyə almalıyıq. Bunu hər hansı ehtimala buraxmaq kimi bir şansımız yoxdur”.
Mütəxəssisin fikrincə əgər müharibə sonrasında posttravmatik pozuntunun simptomları varsa və bir şəxs mütəxəssisə müraciət etmədən bu haldan uzaqlaşmaq istəyərsə, həmin insan ilk növbədə öz şüuraltı ilə mübarizə aparmalıdır:
“Müharibə sonrasında cəbhədən qayıdan şəxsdə posttravmatik pozuntunun, depresiyanın simptomları görünərsə, mütəxəssisə müraciət etmədən mübarizə aparmaqda ən önəmli nüans həmin hadisəni düşünməkdən qaçmamaqdan keçir. Çünki travma anı elə bir andır ki, insanlar bir müddətdən sonra həmin travmanın verdiyi obrazdan, şəkildən imic dediyimiz o səhnədən davamlı olaraq qaçmağa, düşünməməyə çalışırlar. Təbii ki, bu da insanlarda bir şüuraltı olaraq qalıq şəklində narahat etməyə gətirib çıxarır. Ona görə də hər hansı bir travmadan uzaqlaşmaq üçün, travmanı öz beynimizdən atmaq üçün ondan qaçmaq yox, onunla davamlı üzləşmək lazımdır. Düşünmək ilk vaxtlarda nə qədər çox ağrılı-acılı olsa da, olanları dəfələrlə insan öz beynində düşünməli və bir müddətdən sonra artıq düşündükcə bu hadisə səni daha az incitməyə başlayır. Həmin hadisə ilə birlikdə danışmağı öyrənmiş olur. Əgər travma paralelində hər hansı bir depressiv hal müşahidə olunarsa, təbii ki, bu zaman da depressiyanın müailəcəsində istifadə olunan davranış metodikalarından məsləhət verə bilərəm. Buraya hər gün mütləq şəkildə gündə 3 dəfə qida rasionuna nəzarət etməlidir. Çünki bu insanlar qidalanmaqdan da imtina edirlər. Qida rasionuna stabil, şəkildə nəzarət etmək, yuxu rejiminə mütləq şəkildə nəzarət etmək, təmiz havada olmaq. Müəyyən bir məşğuliyət tapmaq və bununla artıq bir müddətdən sonra davamlı məşğul olmaq depressiyanın nəticələrini aradan qaldırmağa kömək edə bilər”.
Aygün Zayıdova

Mənbə: www.yeniavaz.com