Ögey qızını bıçaqlayan kişi: "Gecələr "can", baş üstə" deyirdi" - Naftalanda şok olay

Ögey qızını bıçaqlayan kişi: "Gecələr "can", baş üstə" deyirdi" - Naftalanda şok olay

Naftalan şəhərində arvadını qətlə yetirməkdə, ogey qızını öldürməyə cəhddə ittiham olunan 1975-ci il təvəllüdlü Zəfər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Zəfər Məmmədov 4 iyul 2020-ci ildə saat 23 radələrində 2010-cu il təvəllüdlü oğlu Həsənin ad günü münasibəti ilə Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində keçirilmiş məclisdə içdiyi alkoqollu içkinin təsirindən sərxoş olub.

O, bu vəziyyətdə Naftalan şəhərində yaşadığı nömrəsiz evə qayıtdıqdan sonra həyətdə qovaq ağacının altında ögey qızı, 2002-ci il təvəllüdlü Aysun Həsənovanın mobil telefonla başqa şəxslə danışmasını bəhanə gətirib.

Ana və qızına dəhşət yaşatdı

Zəfər Məmmədov Aysun Həsənova və arvadı, 1979-cu il təvəllüdlü Elnurə Verdiyevanı öldürmək qərarına gəlib. O, bıçaqla öncə arvadı Elnurə Verdiyevaya azyaşlı oğlu və qızı Aysunun gözü qarşısında çoxsaylı zərbələr endirib.

Anasına yardım üçün gələrək onu yerdən qaldırmaq istəyən Aysun Həsənovaya da azyaşlı qardaşının gözü qarşısında bıçaq zərbələri vurub.

Aysun Həsənova və Elnurə Verdiyeva kömək məqsədi ilə hadisə yerinin yaxınlığından keçən avtomobil yoluna qaçıb, onları görən Məlahət Məmmədova idarə etdiyi "Volkswagen Passat" markalı avtomobili saxlayıb.

Kömək etmək istədilər, hədə-qorxu gəldi

Avtomobildən düşən Məlahət Məmmədova onların hər ikisinə kömək etməkistəyib. Elnurə Verdiyevanı avtomobilin arxa oturacağına mindirdikdən sonra Aysun Həsənovanı da avtomobilə gətirmək istəyib.

Zəfər Məmmədov əlindəki bıçağı ana və qıza kömək etmək istəyən Məlahət Məmmədovaya istiqamətləndirib, ona "bunlara dəymə, yoxsa səni də öldürəcəm, bunların ikisini də öldürmək istəyirəm" sözlərini deyib.

Zəfər Məmmədov Məlahət Məmmədovanı hədələyib, hadisə yerindən uzaqlaşmağa məcbur edib.

Bu zaman Aysun Həsənova yaranmış imkandan istifadə edərək bir qədər irəliləyib və üzü üstə avtomobil yoluna yıxılıb. Ətrafda olan şəxslər bunu görüb və onu xəstəxanaya aparıblar. Qıza vaxtında ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən həyatı xilas edilib. Elnurə Verdiyeva isə vəfat edib.

"Qızı ilə yaşadığım evə köçüb"

Zəfər Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) 29,120.2.7-ci (iki və ya daha çoxs şəxsi öldürməyə cəhd), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zəfər Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, 2010-cu ildə Naftalan şəhər sakini Elnurə Verdiyeva ilə rəsmi olaraq evlənib: "Elnurə Verdiyevanın məndən əvvəlki nikahından 17 yaşlı Aysun adlı övladı olub. Elnurə ilə evləndikdən sonra o, qızı ilə mənim yaşadığım evə köçdü. Elnurə ilə nikahdan 2010-cu il təvəllüdlü oğlum dünyaya gəldi".

"Qız gecə oğlanlarla..."

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 2020-ci aprel ayından başlayaraq Aysun evdə telefonla tanımadığı oğlanlarla danışdığını bilib:

"Aysun gecə saatlarında öz otağında kiminləsə telefonda danışırdı, danışıqların "can", "bəli", "baş üstə" kimi sözlərdən ibarət məzmunundan isə Aysunun oğlanla danışdığını başa düşdüm. Bir neçə dəfə Elnurəyə qızını başa salmasını, sonuncunun hansısa oğlanla danışıb, münasibət qurmasını və məni biabır etməsinin qarşısını almasını istədim. Elnurə isə qızı ilə danışacağını və bu hərəkətlərinə son qoyulacağını bildirdi".

"Əsl səbəbi deməyə utandım"

Zəfər Məmmədovun ifadəsinə görə, 2020-ci ilin aprel ayından etibarən müxtəlif vaxtlarda, dəqiq xatırlamadığı tarixdə Elnurəni və qızını evdən qovub:

"Bu zaman bəzi hallarda sərxoş, bəzi hallarda isə ayıq olmuşam. Hər dəfə Elnurəni və qızını evdən qovanda onlar polisə müraciət ediblər. Polis məndən arvadımı və qızımı evdən qovmağımın səbəbini soruşanda, sərxoş olduğumu demişəm, əsl səbəbi deməyə utanmışam.

Sonra Elnurəni və qızı yenidən evə buraxmışam. Hər dəfə Elnurə qızı ilə danışıb və qızının belə hərəkətlərinə son qoymasını tələb etmişəm. Arada pərdə saxlayaraq Aysuna bu barədə heç nə deməmişəm".

"Mənim evimdə pozğunçuluq eləmək olmaz"

Zəfər Məmmədovun ifadəsinə görə, Aysuna 7-8 dəfə zəng edib, lakin Aysunun telefonu məşğul olub: "Aysunun yenə oğlanla danışdığını bildiyimdən əsəbiləşdim. Bir daha zəng etdikdə, Aysun telefona cavab verdi. Həmin vaxt Aysunu təhqir etdim. Aysun buraxılış imtahanları ilə bağlı sinif yoldaşları ilə danışdığını bildirdi.

Gecə evə qayıtdım və Elnurəyə bir daha "qızına denən özünü yığışdırsın, mənim evimdə pozğunçuluq eləmək olmaz, mənim başımı aşağı salmasın, istədiyi varsa elçi gəlsinlər, yoxdusa bu telefon danışıqlarına son qoysun"dedim. Elnurə yenə qızı ilə danışacağına söz verdi".

"Öğlanlarla danışdığını hiss etdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü, günorta saat 16 radələrində ailəvi olaraq, arvadı Elnurə, ögey qızı Aysun və oğlu Həsənlə istirahət etmək üçün Yuxarı Ağcakənd kəndinə gediblər:

"Biz yeməklərimizi özümüzlə götürmüşdük. Orada çayın qırağında yer tutaraq yemək bişirdik, istirahət etdik. Özümlə 0.7 litrlik araq, 2 litrlik "Xırdalan" pivəsi də aparmışdım. Araqdan təxminən 200 qram tək içdim. Pivəni isə çayın qırağında istirahət edən tanımadığım adamlarla bölüşərək içdik. Axşam saat 23 radələrində evə qayıtdıq.

Evə çatdıqda Aysun evin qabağında gəzərək telefonla kiminləsə danışmağa başladı. Onun yenə də oğlanlarla danışdığını hiss etdim. Aysunun hansı məzmunda danışmasını eşitməmişəm. Elnurə isə özləri ilə aparıb gətirdiyimiz qab-qacaqları yığışdırdı. Həmin vaxt Aysuna "telefonu yerə qoy, sumkalara köməy elə" dedim.

Aysunla aralarımızda təxminən 1-2 metr məsafə olmasına baxmayaraq mənə cavab vermədiyindən təkrar ona anasına kömək etməsini bildirdim".

"Aysunu qırağa itələyərək qabağıma keçdi"

Zəfər Məmmədovun sözlərinə görə, həmin vaxt Aysun Elnurəyə "Çıxaq gedək, bu alkaş yenə içkilidi, dava salacaq" deyib: "Aysunun bu sözünə əsəbiləşdim. Onu öldürmək qərarına gəldim. Aysunun üzərinə getdim, o, qaçdı, mən də dalınca düşüb avtomobil yolunun qırağında şam ağaclarının yanında onu tutdum.

Həmin vaxt Elnurə özünü çatdıraraq məni tutdu və dedi ki, lazım deyil, eləmə. Elnurə məni tutanda çiynimdə çanta vardı. Çanta açıq idi, içində ərzaq doğramaq üçün özümüzlə götürdüyümüz bıçaq vardı.

Bıçağı çantadan çıxardım və dərhal Aysunun xatırlamadığım nahiyəsindən vurdum. Elnurə Aysunu qırağa itələyərək qabağıma keçdi".

"Peşmanam..."

Təqsirləndirilən şəxsin ifadəsinə görə, çox həyəcanlı olduğundan bundan sonrasını xatırlamır: "Lakin Elnurəyə çoxsaylı bıçaq zərbələri endirdiyimi xatırlayıram. Özümə gələndə artıq Naftalan şəhər polis şöbəsində olmuşam. Naftalan şəhər polis şöbəsində ögey qızım Aysunu öldürdüyümü bildirdim, əlimdə olan bıçağı könüllü olaraq təhvil verdim. Daha sonra xatırlamadığım polis əməkdaşları ögey qızım Aysunun yaralı vəziyyətdə xəstəxanaya yerləşdirildiyi, arvadım Elnurənin isə öldüyü barədə məlumat verdilər".

Təqsirləndirilən şəxs ifadəsinin sonunda qeyd edib ki, hadisə vaxtı oğlu Həsən orada olmayıb. O, əməlindən peşman olduğunu söyləyib.

"Əyyaş olub"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Aysun Həsənova bildirib ki, təqsirləndirilən şəxs onun ögey atasıdır:

"Anam Zəfər Məmmədovla 2010-cu ildə ailə həyatı qurdu. Həmin vaxtdan anamla onun evinə köçdük. Təqsirləndirilən şəxs əyyaş idi. O, demək olar ki, hər gün spirtli içki qəbul edir, sərxoş olduqda isə səbəbsiz yerə evdə dava salır, mənimlə və anamla mübahisə edirdi.

Hətta o, anamı bir neçə dəfə mübahisə zamanı vurmuşdu, anamın başına fincan, külqabı və digər əşyalar atmışdı.

Anam telefonla qohumlarımız ilə danışanda kiminlə danışdığını bilmək üçün həmişə anamın başının üstündə dayanırdı".

"Zəfər deyirdi ki, çıxın gedin, siz mənim ailəm deyilsiniz"

Aysun Həsənovun ifadəsinə görə, təqsirləndirilən şəxs onun anası ilə bu zəmində mütəmadi olaraq bir neçə dəfə mübahisə edib: "Anam isə Zəfərə dedi ki, yekə kişisən, mən kiminlə danışasıyam, mənim yekə qızım var.

Son zamanlar Zəfər mənim də telefonla danışmağımdan narahatlıq keçirdiyini anama demişdi. Mənim kiminlə danışmağımı bilmək üçün telefona baxmalarından ötrü telefonu Zəfərə və anama verdim. Zəfər və anam bir yerdə telefonuma baxdılar, heç nə tapmayıb, geri qaytardılar".

Aysun Həsənova qeyd edib ki, hadisədən təxminən 3-4 ay əvvəl Zəfər onu və anasını tez-tez spirtli içki içib, səbəbsiz yerə evdən qovub: "Zəfər deyirdi ki, çıxın gedin, siz mənim ailəm deyilsiniz. Anam da bu barədə bir neçə dəfə polisə müraciət etmişdi. Evdən qovulduğumuzadan bir neçə dəfə anamla həyətdə yatmışıq".

"Zəfər artıq şərxoş olmuşdu"

Zərərçəkmişin sözlərinə görə, hadisə günü, yəni iyulun 4-də, saat 16 radələrində ögey qardaşı Həsənin doğum gününü qeyd etmək üçün ailəvi olaraq Goranboy rayonunun Yuxarı Ağcakənd kəndinə gediblər:

"Anam və Zəfərlə dostluq münasibətində olan Naftalan şəhər Qaşaltı kənd sakini Məlahət xala da bizimlə getmişdi. Orada çayın qırağında masa qoyduq, yemək yedik. Dayım, arvadı Günel və azyaşlı uşaqları da ora gəlmişdilər. Dayım bir qədər sonra işi olduğunu bildirib getdi. Dayım arvadı isə uşaqları ilə qaldı, Naftalana birlikdə qayıtdıqr. Normal, mehribancasına yeyib-içib istirahət etdik, sonra gəldiyimiz "Sprinter"lə geri qayıtdıq.

Yolda Zəfər artıq şərxoş olmuşdu. Zəfər dayanmadan arxaya dönərək diqqətlə anama baxır, anam isə "nə olub, niyə belə baxırsan?" deyirdi.

Zəfər isə anama dedi ki, dayan, evə çataq danışaçıyıq. Məlahət xala da bir neçə dəfə "Zəfər, bir tikə çörək yemişik, burnumuzdan gətirmə" dedi".

"Anamı təhqir etdi"

Aysun Həsənova bildirib ki, onlar saat 23 radələrində Naftalan şəhərinə çatıblar: "Evimizin qarşısından keçəndə Zəfər və ögey qardaşım Həsən düşdülər. Mən, anam və Məlahət isə dayımın arvadını və uşaqlarını düşürməyə getdik. Onları düşürdükdən sonra evə qayıtdıq.

Evimizə çatmağa az qalmış Məlahət düşdü və oğlunu gəlib aparacağını bildirdi. Evin qarşısına çatanda Zəfərlə Həsənin evin qarşısında dayandıqlarını gördük. Zəfər mənə və anama dedi ki, çıxın gedin, evə gəlməyin. Anam Zəfərə bildirdi ki, çəkil, əşyalarımızı düşürək. Bu zaman onlar mübahisə etməyə başladılar.

Anam mübahisə edə-edə əşyalarını düşürdü. Mən də anama kömək etdim. Zəfər anamı nalayiq ifadələrlə təhqir etdi, anam da cavabında "özünsən" dedi".

"Anama kömək edin" dedim"

Aysun Həsənova bildirib ki, Zəfərin sərxoş olduğu zaman evdə dava salmasına öyrəşdiyindən öz otağına gedib: "Qəfildən anam çox yüksək səslə qışqırdı. Dərhal həyətə çıxdım və həmin anda həyətlərimizdə avtomobil yolu tərəfdə olan qovaq ağacının altında Zəfərin anamın yerə yıxaraq bıçaqla dayanmadan çoxsaylı zərbələr endirdiyini, qardaşım Həsənin isə anamı vurmasın deyə onun əlindən tutmağa çalışdığını gördüm.

Qaçıb anamı yerdən qaldırmaq istədim. Anama tərəf əyilən anda Zəfər kürək nahiyəmdən bıçaqla vurdu. Mən avtomobil yoluna qaçdım. Həmin anda Məlahət xala və oğlu Rasif avtomobillə evimizin qabağından keçəndə məni gördü. Avtomobilin ön hissəsinə yıxıldım, "anama kömək edin" dedim.

"İkisini də öldürmək istəyirəm dedi"

Zərərçəkmişin ifadəsinə görə, Məlahət avtomobildən düşüb: "Arxaya çönəndə Zəfərin əlində bıçaq gəldiyini gördüm, yolla qaçmağa başladım. Bir daha dayanaraq geri baxdım. Məlahətin anamı avtomobilə mindirildiyini gördüm. Məlahət mənim yanına gələrək köməklik etmək istədi.

Zəfər əlindəki bıçağı Məlahətə tərəf uzadaraq "bunlara dəymə, yoxsa səni də öldürəcəm, mən bunların ikisini də öldürmək istəyirəm" dedi. Məlahət qorxusundan avtomobilə mindi, anam Elnurə, oğlu Rasiflə getdi. Mənim səsimə ətrafa xeyli adamlar yığıldı, lakin kim olduqlarını xatırlamıram.

Avtomobil yolu ilə bir qədər gedərək yerə yıxıldım. Başımın üstündə Məlahət xalanın mənə köməklik etdiyini gördüm. Daha sonra huşumu itidim".

Zərərçəkmişin ifadəsinə görə, Məlahət Həsənova qardaşı Həsənin köynəyini çıxarıb və çox qan itirməsin deyə onun yarasının üstünə qoyub: "Bir neçə dəqiqə sonra təcili tibbi yardım gələrək məni Goranboy rayon Mərkəzi Xəstəxanasına apardı. Sonradan bildim ki, anam xəstəxanaya aparılarkən yolda vəfat edib".

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zəfər Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Mənbə: news.milli.az