Vətən müharibəsində itkin düşən 13 əsgər... - FOTOLAR

Vətən müharibəsində itkin düşən 13 əsgər...  - FOTOLAR

Vətən müharibəsində 50 hərbçimiz itkin düşüb ki, bunlardan da 13-ü əsgərdir.

"Qafqazinfo" Vətən müharibəsi zamanı itkin düşmüş 13 əsgərlə bağlı ətraflı məlumatları təqdim edir:

Yusubov Orxan Allahverdi oğlu

Vətən müharibəsində itkin düşən Orxanın bu gün 29 yaşı tamam olur.

O, sentyabrda Kəpəz rayon Səfərbərlik Xidmətinin çağırışıyla təlimə yollanıb. N saylı hərbi hissənin “Həmlə” qrupunda olub. Orxan Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 3 aydan artıqdır ki, ailəsi Orxandan xəbər ala bilmir. İtkin düşən əsgərimiz Kəpəzdə yerləşən marketlərin birində administrator işləyib. Orxan subaydır.

Səfərli Xəqani İlqar oğludur

1991-ci il təvəllüdlü Xəqani Vətən müharibəsinə Bakının Xətai rayon Hərbi Komissarlığının çağırışı ilə gedib. O, sonuncu dəfə ailə üzvləri ilə oktyabrın 4-də əlaqə saxlayıb. Həmin tarixdən sonra yaxınları Xəqanidən xəbər ala bilmir.

Salamov Qorxmaz Bayram oğludur

1996-cı il təvəllüdlü əsgərimiz Şəkinin Baş Göynük kəndindəndir. O, sonuncu dəfə ailəsi ilə oktyabrın 14-də əlaqə saxlayıb. Qorxmazın həmin vaxt Suqovuşan istiqamətində olduğu bildirilib. Lakin sonrada əsgərdən xəbər alınmayıb.

Qədirli Elnur Rəcəb oğlu

1997-ci ildə İsmayıllının Diyallı kəndində anadan olub. Sentyabrın 29-da Vətən müharibəsinə yollanıb. Ailəsi sonuncu dəfə Elnurla oktyabrın 7-də əlaqə saxlayıb. Həmin tarixdən sonra Elnurdan xəbər yoxdur.

Mustafayev Elvin Fuad oğlu

1997-ci ildə Gəncədə anadan olub. Vətən müharibəsinə könüllü yollanıb. Sonuncu dəfə ailəsi ilə Zəngilan işğaldan azad ediləndə əlaqə saxlayıb. Həmin tarixdən sonra Elvindən xəbər yoxdur.

Məmmədov Vüsal Elşən oğlu

1998-ci il təvəllüdlü Vüsal 8 noyabr tarixindən itkindir. Sonuncu dəfə onun Xocavənd isdiqamətində döyüşdüyü bildirilir. 2 aydan çoxdur ki, ailəsi Vüsaldan xəbər ala bilmir.

Bundan başqa, 1997-ci il təvəllüdlü Məmmədli Cavidan Valeh oğlu və 2002-ci il təvəllüdlü Ağayev Əmirağa Mahir oğlu da itkin düşən əsgərlərimizdəndir.

Fotoda Vüsal Məmmədov

Kərimli Qalası Müslüm oğlu

Ailəsi 2000-ci il təvəllüdlü Qalası ilə sonuncu dəfə noyabrın 2-də danışıb. Bu zaman o, Şuşaya (Daşaltına) döyüşə yola düşdüklərini bildirib. Artıq iki aydan çoxdur ki, əsgər Kərimlidən xəbər yoxdur.

Onud da qeyd edək ki, itkin əsgərimiz Zəngilan, Füzuli, Hadrut uğrunda da döyüşüb. O, Prezidentin sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif olunub.

İsmayılov Rəcəb Nəcəf oğlu

Rəcəb 2000-ci ildə İmişli rayonu, Əliqulular kəndində doğulub. Axırıncı döyüş yeri Qubadlı olub. İmişlidə itkin düşən iki nəfərdən biridir. Oktyabrın sonlarından sonra ailəsi Rəcəbdən xəbər ala bilmir.

İmanov Məmmədağa İqab oğlu

O, Neftçala rayonundan hərbi xidmətə yollanıb. Döyüşlər başlayanda Beyləqanda xidmət edib. Sonuncu dəfə ailəsi ilə sentyabrın 29-da əlaqə saxlayıb. 2001-ci il təvəllüdlü əsgərizdən 3 aydan çoxdur ki, xəbər yoxdur.

Feyzullayev Aydın Zakir oğlu

25 yaşlı Aydın Feyzullayev sentyabrda Suraxanı Səfərbərlik Xidməti tərəfindən təlimlərə çağırılıb. Döyüşlər başlayanda onları Horadizə aparıblar. Müharibənin ilk günləri ailəsiylə əlaqə saxlasa da, oktyabrın 1-dən ondan xəbər ala bilmirlər.

Əsgərimizin atası Zakir Feyzullayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, oktyabrın 14-ü oğlunun dalınca Füzuliyə gedib, xidmət etdiyi hərbi hissəni, döyüşçü yoldaşlarını tapıb:

“Döyüşçü yoldaşları dedilər ki, ermənilərlə 30-40 metr məsafədə 500-600 əsgər üzbəüz vuruşub. Aydın da yanlarında olub, sonradan ətrafa baxıblar ki, Aydın yoxdur. Hara yox olub bilinmir. Deyilənə görə həmin gün, həmin yerdə şəhidimiz olub. Danışdığım uşaqlar qayıdıblar, oğlum isə itkin düşüb. Həmin ərazilər azad ediləndən sonra döyüşçü yoldaşları şəhidlərimizin nəşini ərazidən çıxarıblar. 3-4 nəfər dostu bütün ərazini axtarıb, qamışlığa qədər baxıblar, Aydının nə ölüsünü, nə də dirisini tapa bilməyiblər”.

Rajapov Əmrah XXX

Əmrah 2000-ci ildə Gəncədə anadan olub. Kiçik yaşlarında atasını itirən Əmrah, sonradan anası tərəfindən Gəncə şəhərində yerləşən Uşaq Evinə verilib. Orta məktəbdən məzun olduqdan sonra da, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb.

Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Məlumata görə, o, oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Onun itkin siyahasında adının olmasına gəlincə, bunun Əmrahın tibbi-ekspertizası hələ də davam etməsi ilə bağlı olduğu bildirilir. Məlumata görə, heç bir yaxını olmadığı üçün ekspertizanın nəticələri bu səbəbdən gecikir.

Emin Səfərov

Mənbə: qafqazinfo.az