İngiltərədə hər dəqiqədə 140 nəfər vaksin olunur

İngiltərədə hər dəqiqədə 140 nəfər vaksin olunur

İngiltərədə koronavirus epidemiyasına qarşı mübarizə çərçivəsində ötən ilin dekabr ayının əvvəlində başladılan vaksinasiya prosesi sürətləndirilib.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, bu həftə 70 yaşlı və yaşı 70-dən yuxarı olanlar, həmçinin sağlamlıq vəziyyəti daha həssas olan insanlar peyvənd olunacaqlar.
Vaksinasiya prosesindən məsul olan dövlət rəsmisi Nadhim Zahavi “Sky News TV”-yə açıqlamasında bildirib ki, ölkədə hər dəqiqə orta hesabla 140 insan peyvənd olunur.
Milli Səhiyyə Xidmətinin (NHS) nümayəndəsi Simon Stivens də bildirib ki, hər dəqiqədə vaksinasiya olunanların sayı virusa yoluxanların sayından dörd dəfə çoxdur. O, həmçinin qeyd edib ki, bəzi xəstəxanalarda günün 24 saatı və həftənin hər günü peyvənd olunma prosesini həyata keçirmək mümkün olacaq. Bu proses 10 gün müddətində sınaqdan keçiriləcək.
Qeyd edək ki, bu günə qədər İngiltərədə peyvənd olunmuş insanların sayı 3,8 milyona çatıb. Ölkədə virusa yoluxanların ümumi sayı isə 3,4 milyonu ötüb.
Hökumət ilk olaraq risk qrupunda olan 15 milyon insanın hamısının 15 fevrala, risk qrupu hesab edilən digər vətəndaşların may ayına qədər, bütün əhalinin isə sentyabr ayına qədər vaksinasiya olunmasını hədəfləyir.

Mənbə: cia.az