"General Mais Bərxudarovun sözü onu Şuşaya aparıb" - FOTOLAR

"Gəncədən çıxırdım, zəng gəldi ki, qardaşın Şuşada yaralanıb"

“Şərq” Vətən müharibəsi qəhrəmanlarını tanıtmağı davam etdirir. İndi sayğıdəyər oxucularımıza İkinci Qarabağ savaşı şəhidlərindən birinin həyatı, döyüş yolu haqqında məlumat verəcəyik.

Şəhid Asif Nəsir oğlu Mədətov 1988-ci ildə Ağstafa rayonunun Kolxəlfəli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. 2008-ci ilin yanvarına qədər Vətənə borcunu ödəyərək ehtiyata buraxılıb.

2015-ci ildən müddətdən artıq hərbi qulluqçu kimi Ağstafa rayon N saylı hərbi hissənin kəşfiyyat dəstəsinin 3-cü kəşfiyyat qrupunun plemyotçu vəzifəsində xidmətini davam etdirib. Qəhrəmanımız ailəlidir, iki övladı yadigar qalıb.

Şəhidə dair məlumatları bizimlə paylaşan Valeh Mədətov deyir ki, Asiflə yanaşı qardaşı Məhəmməd də İkinci Qarabağ müharibəsində vuruşub. Mədətovlar ailəsinin bir oğlu şəhid, digəri isə qazidir.

Vətən savaşı dastanına iki adla - qazi və şəhid qardaşı kimi yazılan Məhəmməd isə Asifin döyüş yolu ilə bağlı bunları nəql edir: “Qardaşımın olduğu dəstə müharibə başlayanda Qazax istiqamətində “Kosalar” meşəsi tərəfdə yerləşdirmişdilər. Onlar Qazaxdan hücuma keçib, əsarət altında olan 7 kəndi işğaldan azad edəcəkdilər. Sonra Şuşa döyüşləri üçün kəşfiyyatçı lazım olub.

 

Deyiblər ki, kim istəsə XTQ-nin tərkibinə qatılacaqlar. Kim istəyirsə, gəlsin. Həm də general Mais Bərxudarov da Şuşa döyüşləri üçün Qazax kəşfiyyatçılarının gətirilməsini istəyib.

Deyib ki, onlar sona qədər kişi kimi savaşırlar. Qardaşım bu sözləri eşitdikdən sonra həvəslənib. Seçilmiş dəstə ilə birgə Hadruta yollanıb. Elə Hadrutdan mənə zəng etdi. O zaman mən də yaralı idim. Oktyabr ayının 28-i, ya da 30-u olardı. Bir də foto göndərdi ki, Hadrutun meşəsindəyəm.

Sonra bir müddət zəng çatmadı. Narahat idim, ürəyim dözmədi. Gəncədən Qazaxa, xidmət etdiyi hərbi hissəyə tərəf yol aldım. Düşünürdüm ki, hərbçiyəm, mənə yalan deməzlər, Asif haqqında düzgün məlumat verərlər.

Gəncədən çıxırdım, zəng gəldi ki, qardaşın Şuşada yaralanıb. Dedilər, Füzuliyə gəlib, yaralını götürməlisiniz. Bildirdim ki, mən də hərbçiyəm, düzünü deyin. Şəhiddir, ya yaralı? Söylədi ki, tank vurub, şəhid olub. Soruşdum ki, axı tank vursa, tikəsi də qalmaz. Nəşi hansı durumdadır?

Dedi, qarın hissəsindən yaralanıb. Xülasə, danışdıqdan sonra kəndə getdim. Gördüm, xəbər çatıb, hamı ağlayır. Onları sakitləşdirdim ki, hələ ağlamayın, görək nə məsələdir. Ardınca axtarışa başladıq. İki maşın adam yığılıb, həm Qazaxın Diaqnostik Mərkəzi Xəstəxanasına, həm də Ağstafadakı xəstəxanaya baxdıq. Bəlkə yaralıların içində olar deyə axtardıq. Amma bizim bölgədə tapa bilmədik. Ağlıma bir fikir gəldi. Mən yaralananda Ağcabədidə əməliyyat olunmuşdum.

Ordakı həkimimə zəng etdim, dedim xəstəxanaya baxa bilərsinizmi, bəlkə qardaşım ordadır. Onlar da axtardılar, tapa bilmədilər. Sonunda noyabrın 8-i Füzuliyə yola düşdük. Allah şəhidlərimizə rəhmət eləsin. Orda gələn şəhidlərə baxıb, qardaşımı tapmağa çalışırdım. Bir gün axtardıq. İkinci gün Beyləqanda qaldıq.

Qayıdanda xəstəxanaya şəhid gətirilib-gətirilmədiyini soruşduq. Dedilər, 95 şəhid gəlib, hamısı da Şuşa döyüşlərindən, içlərində kəşfiyyatçı da var. Qardaşımın orda olduğuna əmin idim. Şəhidlərə baxmağa başladıq.... və tapdıq. Asifi formasından tanıdım, fotosunu görmüşdüm”.

Məhəmməd deyir ki, qardaşımın müqəddəs nəəşi salamat tapıldığı üçün şükür edirdik:

“Orda soruşdum ki, axı deyirdilər, mədəsi yoxdur və sair. Nəysə, götüzdürdüm, stolun üstə qoydular. Diqqətlə baxdım, yarasını axtardım. Demə, snayperlə vurulub. Güllə ombanın üstdən, sağ tərəf, ön hissədən şah damara dəyib. Qanaxmanı dayandırmaq mümkün olmayıb. Meşənin içində yardım da edə bilməyiblər. Mən də o yerləri görmüşəm, relyefi çətindir. Yenə də düşünürəm ki, bəlkə kömək edilə bilsə, yaşayardı. Qardaşımı ordan gətirdik, dəfn etdik. Vətən sağ olsun, biz onunla qürur duyuruq.

Hətta Asif müharibəyə gedəndə anam soruşub ki, nə vaxt qayıdacaqsan? Deyib, mən bayrağa bükülüb gələcəm. Elə də oldu. Hadrutda olarkən danışdıq, dedi, bilirəm yaralısan, get anamın yanına. O tək qalmasın. Bizim atamız yoxdur, tez rəhmətə gedib. Az yaşımızdan yetim böyümüşük. Anam bizi vətənpərvər ruhda tərbiyə edib. Qardaşım şəhiddir, mən də qaziyəm. Hərbi formanı geyinmişiksə, vəzifəmizi yerinə yetirməliydik. Ya yaralanmalıydıq, ya da ölməliydik. Ya qələbə ilə qayıtmalıydıq, ya da şəhadətlə. Mən də qazi kimi gəldim”.

Asif silahdaşlarından son dəfə xahiş edib ki, şəhid olsa, müharibə zamanı çəkilən fotolarını qardaşına versinlər:

“Biz onunla fəxr edirik. Kəçfiyyatçı olmaq da öz arzusu idi, Şuşaya da könüllü getdi. Hətta bir dəfə onu Qazaxın postuna göndərmişdilər. İki il orda xidmət edib. Sonra kəşfiyyat rəisinə zəng edərək, Ağstafadakı kəşfiyyat bölüyünə qayıtmaq istədiyini deyib.

Onlara Şəmkirdə təlim keçmişdilər. Təlimlərdən də üzüağ çıxmışdı. Sonra da Vətən müharibəsinə yollandı. Dediyim kimi, əvvəlcə Qazaxda idi, sonra Hadruta, ordan da Şuşaya getdi. Şuşanı da kəşfiyyatçılarla birgə Xüsusi Təyinatlılar işğaldan azad etdi. Noyabrın 8-də də Şuşa işğaldan azad oldu. Mən də tankçıyam. Orda nə tankçılar, nə də topçular vardı. Ancaq əlbəyaxa döyüşlər gedirdi. Oğullarımız öz qanları, canları bahasına Şuşanı əsarətdən qurtardı.

Bir də deyim ki, biz cənab Ali Baş Komandandan çox razıyıq. Bizim arxamızda durur, dəstək olur. Allah qardaşımın timsalında bütün şəhidlərimizə də rəhmət eləsin. Biz Asiflə fəxr edirik”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Cəllad Stepan Şaumyanın Fransada izləri - Fransa mətbuatı

SONRAKI XƏBƏR

Baydenin inauqurasiyasında Belarusu kim təmsil edəcək: Tixanovskaya, yoxsa?..