Şad ruhların günü - VİDEO

Şad ruhların günü - VİDEO

Əksəriyyətimiz qan verib kiminsə həyatda qalmasına vəsilə olmuşuq. Qanını son damlasına qədər vətənə verib Azərbaycanın həyatda qalmasına səbəb olmaq isə şəhidlik adlanır.

Bəli, azadlığımızın qiyməti onun üçün canını fəda edənlərin qan bahasıdır. Biz hürriyətin qiymətini və qədrini onların qəbr evindəki əbədiyyəti ilə ölçməliyik.

Məzar-məzar qazandığımız hürriyyətin ziyarəti də, dastanı da İlham və Fərizədən başlayaraq, İlqara, Larisaya kimi müqəddəsləşir. Elə ona görə də Şəhidlər xiyabanında ilk qərənfilləri azadlığa fəda olan nakam sevginin üzərinə qoyuruq.

Beləcə hər ilin 20 yanvar tarixi milyonlarla insanın azadlığını əbədi məşəlin istisinə toplayır. O gün 150 həmvətənimizin hər biri müstəqil Azərbaycanın bütövlüyü üçün canından keçmişdi. Çünki onlar bir neçə il sonra torpaqlarımızın işğal olunacağından xəbərsiz idi. Axı onlar tankların qarşısına təkcə Bakı üçün yox, ümumulikdə Azərbaycan üçün çıxmışdı.

Elə ona görə də torpağının, suyunun, azadlığının 20 faizi əlindən alınmış azərbaycanlının müqəddəs ziyarətində də, bizi bağışlayın etirafı vardı. 2020-ci ilin 10 noyabr tarixinə kimi. Ərazi bütövlüyümüzü bərpa etdiyimiz Zəfər günü bütöv Azərbaycan uğrunda canından keçmiş 20 yanvar şəhidlərinin də ruhunu şad etdi.

31 il əvvəl şəhid tabutlarının keçidinə şahidlik etmiş Azadlıq meydanı bu dəfə düşmən qənimətlərinin sərgisini izlədi. Çünki azadlıq təkcə Bakıda yaşamaq deyil, azadlıq, açılan gözəl sabahların birində Şuşaya yol ala bilməkdir.

Mənbə: www.realtv.az