Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib

Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib

Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşlarının iştirakı ilə 20 Yanvar hadisələrinə həsr olunmuş videokonfrans təşkil edilib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə bildiriblər ki, videokonfrans zamanı 20 Yanvar faciəsinin tarixi, hadisəyə hüquqi qiymət verilməsinin vacibliyi, beynəlxalq ictimaiyyətin məlumatlandırılması barədə müzakirə aparılıb.

Səbinə Əliyeva 20 Yanvar hadisələrinin təşkilatçıları və icraçılarının bu günə qədər cinayət məsuliyyətinə cəlb edilmədiyini bildirib. O, həmin dövrdə hadisələrin məqsədyönlü şəkildə əhalidən gizlədildiyini, dəlillərin toplanması ilə bağlı maneələr yaradıldığını, lakin bütün bunların Azərbaycan xalqının əzmini qıra bilmədiyini vurğulayıb.

Tədbirdə ombudsmanın 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar beynəlxalq ictimaiyyətə bəyanat və videomüraciət ünvanladığı qeyd olunub, bəyanatda qeyd edilən əsas məqamlar iştirakçıların diqqətinə çatdırılıb.

Ombudsman Aparatının bir sıra əməkdaşı, həmçinin regional mərkəzlərin rəhbərləri mövzu ətrafında çıxışlar edərək həmin hadisələrlə bağlı fikir və xatirələrini bölüşüblər. Anım tədbirlərini uzun illər sonra ilk dəfədir ki, tarixi ədaləti bərpa edərək öz əzəli torpaqlarını azad etmiş dövlət olaraq qeyd etdiyimiz xüsusilə vurğulanıb.

Videokonfransın sonunda Səbinə Əliyeva 20 Yanvar faciəsi haqqında həqiqətlərin müvafiq beynəlxalq təşkilatlara, ümumilikdə dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyini bir daha diqqətə çatdırıb.

Mənbə: az.trend.az