26 yerdə üçrəngli hilalımızı ucaldan 26 yaşlı ŞƏHİDİMİZ

"Mənim də sevdiyim var, gözü yolda nişanlım var, atam-anam toy murazındadı, amma mənim ürəyimdəki arzularımdan daha ucada dayanır Vətən..."

Azər Yusifli ürəyindəki bütün arzulardan Vətəni uca tutdu

Ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşan, azad etdiyi 26 ərazidə üçrəngli hilalımızı ucaldan 26 yaşlı Vətən müharibəsi qəhrəmanı şəhid Azər Nazim oğlu Yusiflinin əziz xatirəsinə sonsuz ehtiramla...

Bayraq təkcə dövlətin və xalqın özünütəsdiqi, milli kimliyinin simvolu deyil, bütünlüklə millətin mənəvi dünyasının, məfkurəsinin görünən ən şəffaf və işıqlı meyarıdır. Bayraq millətin qürur, güvənc və and yeridir.

Hələ on altı il bundan öncə gənc zabitimiz Ramil Səfərov Budapeştdə bayrağımıza həqarət etdiyinə görə erməni zabiti, leytenant Qurqen Markaryanın layiqincə dərsini vermiş və ömürlük azadlıqdan məhrum edilmişdi.

Bayraq bizim düşüncəmizdə o qədər qutsal və ali bir dəyərdir ki, biz nəinki o hilal uğruna azadlığımızı, hətta sevə-sevə canımızı belə fəda edirik... Təki o bayraq ucalsın! Təki o bayraq dalğalansın! Təki Vətən sağ olsun!

Bu yazımda ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşan, azad etdiyi ərazilərdə - 26 yerdə üçrəngli hilalımızı ucaldan 26 yaşlı Vətən müharibəsi qəhrəmanı şəhid Azər Nazim oğlu Yusiflinin döyüş yolunu işıqlandırmaq arzusundayam...

Azər... “Başım üstə məğrur – məğrur dalğalanan... Bayrağına canım qurban, Azərbaycan!” – deyib o müqəddəs yola çıxan, Haqq savaşında son nəfəsinədək şərə meydan oxuyan Cəsarət simvolu...

Azər... Köksü Vətən boyda, Bayraq sevdalı, Azadlıq Fədaisi...

Azər... Vətən savaşımızın müzəffər bayraqdarı!

Azər... Ölümüylə millətin qəlbində ölümsüzləşən İgid...

Azər... Ucaltdığı bayraqla Ruhu göyə ucalan Qəhrəman Şəhid...

Azər... Bayraq ucalığında Mücahid...

***

Azərin şərəfli döyüş yolunu əbədiləşdirmək, həm də Qəhrəman Şəhidimizin göstərdiyi şücaətləri qələmə almaq üçün döyüş yoldaşları ilə müsahibələr edirəm və igid qardaşlarımızı dinlədikcə, onların hər birinin təkcə Vətən üçün deyil, həm də bir-birlərindən ötrü sevə-sevə canlarını fəda etməyə hazır olduğunu eşitdikcə göz yaşlarımı saxlaya bilmirəm. İçimdə yüz kərə “Əhsən!” deyirəm bu gəncliyə! Tarix yazan bu oğulların danışdıqları xatirələr elə tarixin özü qədər dəyərlidir. Nə böyük ürəkdə və necə fədakar yetişib bu oğullar, İlahi! Bu gənclər təkcə torpaqlarımızın azadlığı uğrunda yox, həm də bir-biri üçün canından keçməyə hazır imişlər. Bu böyüklükdə ürəyi, o böyük ürəyin içində yurd salan Yurd sevgisini - Vətən sevgisini, bu əzmi, iradəni sözlə izah etməyə adamın gücü yetmir. Bu gün o gənclərdən birinin – Azərin döyüş yoldaşı Dövlət Sərhəd Xidmətinin baş giziri Cavidan Səfərovun xatirələrini qələmə alıram:

“Bizim andımız amalımızdır. Torpaqlarımızı işğaldan azad etməyimizə and içmişdik və damarlarımızda axan qanın son damlasınacan Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşəcəyimizə andımız vardı. Andımızı yerinə yetirdik...” – deyir Cavidan... “Biz qeyri-adi heç nə etmədik. Torpağımıza göz dikənin gözünü oyduq, torpağımıza sahib çıxdıq”...

Cavidan danışır ki: “Döyüş zamanı əməliyyat tədbirlərini həyata keçirərkən rəhbərlik tərəfindən hərəyə müvafiq döyüş tapşırığı verilir. Biri var həmlə taboru, bir də var təxliyə qrupu. Cəbrayılın Sultanbəyli kəndində verilən döyüş tapşırığına əsasən Azər təxliyə qrupunda olmalı, şəhid olan qardaşlarımızı, yaralılarımızı döyüş meydanından çıxarmalı idi. Əslində biz hamımız subay idik, Azər isə nişanlı idi, toy üstdə idi, bunu bilirdik. Bəlkə də ürəyimizdə hardasa onu qorumaq keçmişdi içimizdən. Azər isə təxliyə qrupunda dayanmadı, lap önə gəldi “Ölərəm, amma burda sizi tək qoymaram!” – dedi, inanılmaz bir cəsarətlə vuruşdu və nəinki ön cəbhədə vuruşdu, hətta daha böyük bir igidlik göstərdi. Elə bir nöqtəyə doğru irəlilədi ki, gedib orda düşmənin yerini aşkar elədi. O qədər təmkinli, cəsur və qorxmaz idi ki, başından mərmi yağa-yağa düşmən arxasınca çətin və keçilməz yerlərə gedir, düşmən mövqeyini aşkarlayırdı...

Azər çox cəsur döyüşçü idi, şəhadətindən az öncə dedi ki, “Qardaşlarım, hamımızın ürəyimizdə arzularımız var, əlbət ki. Mənim də sevdiyim var, gözü yolda nişanlım var, atam-anam toy murazındadı, amma mənim ürəyimdəki arzularımdan daha ucada dayanır Vətən... Onun azadlığı artıq qeyrət məsələsidi... Bu yolda şəhid olsaq da, torpaqlarımızı azad etməliyik. Son nəfərimizə qədər burda hamımız şəhid olsaq da, bu yola baş qoymalıyıq...Gəlib görsələr ki, hamımızın başımız yerdədi, amma orda (əli ilə səmanı göstərdi) qurban olduğum üçrəngli Azərbaycan bayrağı dalğalanır, bax o bayrağın orda dalğalanması üçün hamımız şəhid olsaq da... bu yoldan dönməməliyik”...

“Bütün bunları Sizə ona görə danışıram ki, Azər təkcə cəsur bir döyüşçü deyildi, həm də böyük şövqlə, ruh yüksəkliyi ilə döyüşə səsləyirdi hər birimizi, möhtəşəm bir döyüş əhval-ruhiyyəsi yaradırdı içimizdə...” – deyir Cavidan...

“İndi dillərdə dastana dönən o oğullar hərəsi meydanda bir aslana dönmüşdü, düşmənə nəfəs almağa aman vermirdi... Düşmən panika içindəydi, çaş-baş qalmışdı, elə qorxu içində idilər ki, hər dəqiqə hardansa çıxacağımızı təşvişlə gözləyirdilər...”

“Dizim yaralanmışdı, çox pis ağrıyırdı, Azər qardaşım dizimi sarıdı, dedi ki, Cavidan, sıx bağlamışam ki, qan zəif işləsin, keyisin, dizinin ağrısı bax onda keçəcək, bir az keçmişdi, həqiqətən Azər dediyi kimi dizimin ağrısı keçdi... Azər özü də yaralı-yaralı döyüşürdü, öz yarasını özü sarımışdı, həkimlər nə qədər məcbur eləsələr də hospitalda qalmamışdı”.

“Sultanbəyli kəndindəydik... Ən qızğın döyüşlərin biri elə Sultanbəylidə oldu, qırıcı raket başımızdan yağış kimi yağdırırdı, bombarduman... ətraf göz-gözü görmür, şəhid cənab kapitan Cəmiyev Aşur, mən, Azər qardaşım bir yerdə, çiyin-çiyinə idik... Gözümüzdə bir zərrə narahatlıq yox idi. Qırıcı raketin həmlələrinin qarşısını güllə ilə alırdıq, qırıcı aviyo babo atırdı, təsəvvür edin, təkcə düşmənin canlı qüvvəsini yox, qırıcı, hərbi zirehli texnikasını, ağır artilleriyasını da darmadağın edirdik. Bircə amalımız vardı, bir addım geri çəkilməyəcəyik!”.

“Azər qardaşım elə təkcə döyüşlərin birində düşmənin 30 canlı qüvvəsini və 4 zirehli texnikasını birdəfəyə məhv etmişdi. O qədər cəsur və mərd idi, başından mərmi yağa-yağa, heç nədən qorxmadan odun-alovun içinə atılırdı Azər”.

Bayraq Azər üçün torpağın özü qədər müqəddəs idi... Bu kəndi azad edirdik, sevincək qalxır, bayrağımızı asır, digərini səliqə ilə qatlayıb sinəsinə - ürəyinin üstünə qoyardı, bunu da qarşıdakı azad edəcəyimiz yerdə asacağam, deyirdi. Azad etdiyimiz ərazilərdən 26 yerdə bayrağı şəxsən özü sancdı, o şəhid olanda döş cibində bir bayraq vardı, həmin bayrağı uşaqlar Azərin əmanəti – Azərin nişanəsi kimi Qubadlıda ucaltdılar.

Gecə Zəngilana girdik, ağır döyüşlər oldu, Zəngilanı azad etdikdən sonra qalxdıq Prokurorluq Binasının üstünə, gecənin qaranlığında binanın üstdəki hayların bayrağını söküb yerə atdı, “qurban olum üçrəngli bayrağımıza” deyib öpdü bayrağımızı, Zəngilan Rayon Prokurorluğu binasının üstünə fərəhlə asdı...

Həmin gecə... Zəngilanı azad etdiyimiz gecəydi... “Cavidan, elə bil yenidən doğuldum, elə bil yenidən gəldim dünyaya...” – dedi... Gözlərində qeyri-adi bir sevinc vardı, izah olunmaz dərəcədə xoşbəxt idi... Və ondan bir neçə saat sonra çox ağır bir döyüşdə qarşı-qarşıya vuruşdu, arada heç bir məsafə yox idi, sanki əlbəyaxa döyüş gedirdi, çox böyük mərdliklə, qəhrəmanlıqla, son nəfəsinə qədər düşmənin bütün həmlələrini dəf edib şəhidlik zirvəsinə ucaldı Azər...

Cavidanı qəhər boğur... Döyüş meydanında aslan kimi vuruşan bu igid qardaşıma daha sual verməyə ürəyim gəlmir...

***

Müharibənin 26-cı günü idi... 26 yaşlı Azərin şəhadətə ucaldığı gün...

Bu gün isə azad Qarabağın aydın səmasında Azərin nişanəsi olan 26 bayraq dalğalanır...

Vətən, torpaq, bayraq, böyük amallar və müqəddəs, qutsal bir qayə uğrunda candan keçmək, özünü şüurlu şəkildə fəda etmək... Tanrının verdiyi ömür payını Vətənin və gələcək nəsillərin firavanlığına bağışlamaq... Ölüm var ki, həyat qədər dəyərli... – dedikləri yəqin elə budur – şəhadət məqamı...

Müqəddəs “Qurani-Kərim”də “Ali-İmran” surəsi 169-cu ayədə deyilir ki: “Haqq yolunda canlarından keçənlər ölmürlər. Əksinə onlar Rəbbi yanında ruzi verilmiş dirilərdir”... “Tanrı qatında Şəhidlikdən daha uca mərtəbə peyğəmbərlik məqamıdır...”

Dərisi soyulan Nəsimi də şəhiddir, qolları kəsilən Babək də, Cavad xan da... Bütün ədəbiyyat nümunələrimizdə - Rəsul Rzanın “Babək” şeirində, Əli Kərim Nəsimiyə həsr etdiyi “Şəhidlik zirvəsi” şeirində, Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasında şəhidlik ölüm aktı kimi yox, qəhrəmanlıq, dönməzlik faktı kimi poeziya həqiqətinə çevrilir. Sabir Rüstəmxanlının “Sönmüş ocağın ağısı” poemasında böyük rus imperiyasına qarşı kiçik bir dəstə ilə vuruşan Cavad xanın qəhrəmanlığı və şəhidlik məqamından söhbət açılır. Cavad xan üçün iki yol var idi: ya Gəncə darvazalarının qapısını açıb təslim olmaq, ya da tikə-tikə, rizə-rizə doğranmaq! Cavad xan ikinci yolu seçir – Siz Gəncəyə yalnız mənim cəsədimin üstündən keçə bilərsiniz, - deyir. Cavad xan şəhid olur, amma qanıyla tarixləri qızardır.

Bu gün Azər və gənc Azərlər Babəkin, Nəsiminin, Cavad xanın əmanəti olan torpağa sahib çıxdılar, sinəsi çalın-çarpaz dağlanmış, yaralanmış ana Vətənin yaralarını sarıyıb məlhəm oldular, al qanlarıyla təqvimimizi qırmızıya boyadılar...

Nur içində uyu, Azər! Siz bizim hər ayının hansısa günü mütləq qara ilə haşiyələnmiş təqvimimizi dəyişdirdiniz. Artıq təqvimdəki o qara haşiyələnmiş rəqəmlər yoxdur. Artıq bütövləşmiş Vətən və o Vətənin azad edildiyi qırmızı haşiyəli gün var – Zəfər günü!!!

Siz o zəfəri qanınızla yazdınız!

Siz indiyədək oxuduğumuz tarix kitablarını tarixin arxivinə gömdünüz, tariximizi yenidən yazdınız...

Siz qanınızla köksü param-parça olan Vətənimizi bütövləşdirdiniz!

Siz Azərbaycanın xəritəsini bütövləşdirdiniz!

Siz İlahi Ədaləti bərpa etdiniz!

Siz sadəcə Qarabağı azad etmədiniz, millətimizin üstündən 30 illik möhnət yükünü, əsarət damğasını – ləkəsini təmizlədiniz!

Siz bütövlükdə xalqımızın milli qürurunu, ləyaqətini, mənliyini özünə qaytardınız!

Siz təkcə torpağı deyil, həm də milləti bir yumruqda birləşdirdiniz!

Siz gerçəkdən Tarix yazdınız!!!

Bizə ərməğan etdiyiniz bu Azad və Bütöv Vətən üçün Sizin qarşınızda son nəfəsimizədək minnətdarıq! Ruhunuz qarşısında baş əyirik!

Tanrı qatında yeriniz uca, Şəhadətiniz qutlu olsun!

Xəyalə Zərrabqızı,

Filologiya üzrə fəlsəfə doktoru

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Hakimiyyətinin son günündə Trampdan məhkumlara jest

SONRAKI XƏBƏR

Baydenin inauqurasiyası başladı