Vətən müharibəsinin 18 yaşlı şəhidi (VİDEO)

Gəncə şəhər sakini, 18 yaşlı şəhid Qismət Heydərov sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına döyüşüb və oktyabırın 3-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şəhidin atası İsmayıl Heydərov "Report”un Qərb mərkəzinə bildirib ki, oğlu iyul ayının 23-də həqiqi hərbi xidmətə gedib:

"Oğlumu yola salan zaman kiçik qardaşım onu qucaqladı, kövrəlib ağladı. Qismət ona dedi ki, əmi ağlama torpaqlarımızı işğaldan azad etməyə gedirəm. Oğlum könüllü olaraq döyüşə gedib. Oktyabırın 3-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Əmisi indidə o anı xatırlayıb deyir ki, onun dediyi oldu, torpaqlarımız işğaldan azad edildi. Yenə Allaha şükür ki, oğlumun qanı yerdə qalmadı, torpaqlarımız işğaldan azad edildi. Mən oğlumla, bütün şəhidlərimizlə fəxr edirəm. Allah hamsına rəhmət eləsin, qazilərimizə də can sağlığı versin”.

Şəhidin anası Gülamdar Heydərova isə oğlunun hərbi xidmətə getməsini belə xatırlayır:

"Oğluma hərbi komissarlıqdan çağırış kağızı gəlmişdi və yanıma gəlib - "Ana mən şəhid olsam nə edərsən?” dedi. Ona dedim ki, Qismət nə isə ürəyinə damıbsa, onda qoymaram gedəsən. Amma o, öz istəyi ilə müharibəyə getdi və şəhid oldu. Şəhidlik hər insana qismət olmur, amma mən onu bir dəfədə olsa hərbi formada görə bilmədim, kaş ki görə bilsəydim. O, mənim körpə şəhidimdir. Qismət balam mənim qismətim olmadı”.

Şəhid Qismət Heydərov Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

Qaynarinfo.az

ƏVVƏLKİ XƏBƏR

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şamaxı rayonunda anım mərasimi keçirilib

SONRAKI XƏBƏR

Qızdan "Evdə heç kim yoxdur" mesajını alan gənc həyatının ŞOKUNU yaşadı - VİDEO