Lerikdə şəhid Səxavət Hacıyevin xatirəsi anılıb

Lerikdə şəhid Səxavət Hacıyevin xatirəsi anılıb

Lerik, 12 iyun, Bağır Əliyev, AZƏRTAC

Lerikdə Qarabağ müharibəsində şəhid olmuş Səxavət Hacıyevin xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbirində idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, məktəblilər, şəhidin yaxınları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbir iştirakçıları şəhid Səxavət Hacıyevin ömür yolundan bəhs edən videoçarxa baxıblar. Çıxış edənlər şəhidin həyat və döyüş yolundan danışıblar. Qeyd olunub ki, Qarabağ müharibəsində Lerik rayonu 130-dan çox şəhid verib, beş nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə yüksək diqqət və qayğı göstərilir, rayon mərkəzində onların xatirəsinə möhtəşəm abidə ucaldılıb.

Diqqətə çatdırılıb ki, rayonun Rvarud kəndində Səxavət Hacıyev ilə yanaşı, Etiqad Hacıyev və Mübariz Həsənov da şəhid olublar. Rvarud kənd məktəbi şəhid Səxavət Hacıyevin adını daşıyır.

Tədbirdə məktəblilər hərbi-vətənpərvərlik mövzusunda şeirlər və mahnılar ifa ediblər.

Mənbə: azertag.az