Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir

Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir

Astara, 12 iyun, Bağır Əliyev, AZƏRTAC

15 iyun-Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyini xilas etdiyi, xalqımızı bugünkü xoş, firavan günlərə yetirdiyi həmin tarix hər il ölkəmizdə bayram kimi qeyd edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 12-də Astara Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən və Milli Qurtuluş Gününə həsr olunan tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir iştirakçıları Park-Bulvar Kompleksindən Bayraq Meydanına qədər yürüş ediblər.

Ümumrayon tədbiri Astara Olimpiya İdman Kompleksində davam edib.

Min nəfərdən çox məktəblinin, tələbələrin, gənclərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbir Azərbaycan Respublikasının dövlət himninin ifası ilə başlayıb.

Mərasimdə məktəblilərin iştirakı ilə “Şahin” hərbi-idman oyununun nümunəvi çıxışları, “Şən startlar” yarışması maraqla qarşılanıb. Milli Qurtuluş Gününə həsr olunmuş rəsm müsabiqəsinin və şeir ifaçılarının qalibləri mükafatlandırılıb.

Bayram tədbiri “Qurban olum Azərbaycan” mahnısının sədaları ilə başa çatıb.

Mənbə: azertag.az