"Bunu ilk dəfədir ki, mətbuata danışıram, 19 yanvar gecəsi məni xilas edən kimdirsə..."

“1990-cı il yanvarın 19-u idi. Mənim o zamanlar 26-27 yaşım ancaq olardı. Biz o vaxt paltarlarımızı Lyuda adlı rus qadına yuduzdurub, ütülədirdik. Lyuda xanıma zəng edib, paltarlarımı gəlib götürmək istəyimi bildirdim. Dedi ki, qızım, gəl götür. O, 20 yanvarın yaxınlığında yaşayırdı. Başımız nədənsə söhbətə çox qarışdı, daha sonra taksi ilə evə yollanmaq istədim. Tanış taksi sürücüsünü çağırsam da, nədənsə gəlmədi və küçəyə çıxıb onu axtardım. Gördüm ki, göyün üzü qırmızıdır və gurultulu səslər gəlir. Uzaqdan iki avtobus adam gəlirdi və qışqırırlar: “Ay camaat, işıqları söndürün, küçəyə çıxmayın”.. Heç nə başa düşmədim, küçədə də məndən başqa heç kim yox idi. İnanın, elə vahimə bürümüşdü ki, məni.. Sən demə, 19-u gecəsi SSRİ qoşunları Bakıya hücum etməyə hazırlaşırmış”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva bildirib. Aktrisa daha sonra əlavə edib.

“Küçədə təkbaşına o yana, bu yana gedirdim. Bir də hiss etdim ki, kimsə boynumdan yapışıb məni telefon butkasının içinə saldı. Həyəcanlı əlləri ilə başımı yerə əyirdi, əlləri də əsirdi. Başımdan üstündən basırdı.. Uzaqdan güllə səsini eşitdim, sonra üzərimizə işıq düşdü. Güllələrdən biri yanımızdakı ağac butkanın üstünə düşdü, butka yerə aşdı. Huşum başımdan çıxmışdı, telefon butkasının içində huşumu itirib gecələmişdim. Oyananda artıq səhər idi, üzüm cızıq-cızıq olmuşdu... Güc-bəla ilə butkanın içindən çıxdım, amma o adam yox idi. Mən bilmədim ki, o kimdir? Kişidir, yoxsa qadın? Bir kişi dedi ki, qızım, sənə nə olub? Bir də gördüm ki, ətrafım bütün qan içərisindədir. Camaat ora-bura qaçır.. Sınıq maşınlar, qırıq şüşələr.. 20 yanvar hadisələri baş vermişdi.. Sən demə, həmin insan məni qorumaq üçün bunu edib.. Həyəcandan özünü də itirib.. Sonradan mənə dedilər ki, onlar işığı salırlar camaatın üstünə, harada qaraltı görürlərsə oranı güllələyirlər. Başıma gələn bu hadisədən sonra bir həftə evdə xəstə yatdım.. Hər dəfə 20 yanvar günü gələndə həmin hadisə mənim yadıma düşür. Bunu ilk dəfədir ki, mətbuata danışıram, ailəmdən başqa heç kim bilmir. Amma çox istərdim ki, məni xilas edən insan kimdirsə, axtarıb onu tapım. O, həqiqətən də mənim həyatımı o gecə xilas edib.. Kaş o gecə heç kim həlak olmazdı.. O gecə şəhid olanlar bizim azadlıqımızın ilk toxumlarını səpdilər” - deyə xalq artisti bildirib.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Gənc ana yeni doğulan uşağını bıçaqlayaraq öldürdü - DƏHŞƏT...

SONRAKI XƏBƏR

Boğulma təhlükəsi yaşayan iti bu cür xilas etdi - MARAQLI... + VİDEO