Millət vəkili türk aydınlarına çağırış etdi

Millət vəkili türk aydınlarına çağırış etdi

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Türk dünyasından gəlmiş şair, yazar, aydınların iştirakı ilə Sumqayıt Poeziya Evində keçirilən IX Şairlər Günündə çıxış edib və Türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib.

News 24.az-ın məlumatına görə, Azərbaycanın böyük şairi Əli Kərim və qardaş Türkiyənin böyük şairi Abdurrəhim Karakoçun xatirəsinə həsr olunan IX Şairlər günündə qardaş Türkiyədən və Qazaxıstandan gəlmiş şair, yazar, aydınların iştirak etdiyi tədbirdə çıxış edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və bu cür tədbirlərin önəmini xüsusi vurğulayıb. Türk dünyasının iki böyük şairi Əli Kərim və Abdurrəhim Karakoç poeziyasının məziyyətlərindən danışan millət vəkili Qənirə Paşayeva qeyd edib ki, bu cür ortaq mədəniyyət tədbirləri türk ədəbiyyatında xüsusi yeri olan şairlərimizi daha yaxından tanımağa, gənc nəslə tanıtmağa şərait yaradır. “Abdurrahim Karakoç təkcə şair deyil, eyni zamanda dəyərli bir ziyalı idi. Nə yaxşı ki, onunla sağlığında görüşmək mənə nəsib oldu. Abdurrahim bəy sərhədlər çərçivəsində düşünən ziyalı deyildi. Onun yaradıcılığını izləyən ədəbiyyatsevərlər bilir ki, Abdurrahim bəyin ürəyi türk coğrafiyası, türk insanının yaşantısı və sevinc və kədəri ilə döyünürdü.

Bu baxımdan da o, Azərbaycanla bağlı Qarabağa xitabən məktub yazmışdı", - millət vəkili deyib.

Millət vəkili vurğulayıb ki, A.Karakoç Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi illərdə, Ermənistan tərəfindən torpaqların işğal edildiyi Qarabağda Ermənistan tərəfindən soyqırım törədildiyi dövrdə Azərbaycanda heç zaman olmamasına baxmayaraq, “Qarabağa məktub” adlı silsilə şeirlər yazaraq, Azərbaycandakı qardaş və bacılarının yanında olduğunu göstərməklə bərabər, qardaş Türkiyənin gəncliyinə və Türk dünyası gəncliyinə müraciət edərək onları Qarabağ probleminin həllində Azərbaycanın torpaqlarının işğaldan azad olunmasında Azərbaycanın yanında olmağa çağırıb.

“A.Karakoç ondan örnək götürən on minlərlə gənc insanları bu cür milli düşüncə və duyğuları ilə hər zaman qardaş birliyinə çağırıb.
Məhz bu səbəbdən də o, Türkiyənin olduğu qədər, Azərbaycanın və Türk dünyasının şairidir. Və onun xatirəsi böyük şairimiz Əli Kərimlə bərabər birgə qeyd edilir" - millət vəkili Q.Paşayeva bildirib. Millət vəkili Qənirə Paşayeva ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması və toplumlarımızın, böyüyən gənc nəsillərimizin və dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türk dünyasının şair, yazar və ziyalıları arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini də vurğulayıb. Türk dünyasından gəlmiş türk yazar, şair və aydınlara səslənərək millət vəkili Q.Paşayeva ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq deyib. Bu məsələdə yazarların, şairlərin, aydınların üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili onları yaradıcılıqlarında bu mövzulara daha geniş yer verməyə çağırıb.

Millət vəkili Q.Paşayeva həmçinin qardaş Türkiyədən və Qazaxıstandan gəlmiş şair və yazarlarla da görüşüb və fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi, Gənc Şairlər Birliyi, AYB Sumqayıt bölməsi və Sumqayıt Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM), Türkiyə və Azərbaycan iş adamları və Sənayeçilər İctimai birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sumqayıtda IX Şairlər günü qeyd olunub.

 

Mənbə: news24.az