CƏMİYYƏTİ ÜMİDLƏNDİRƏN MƏHKƏMƏ İŞİ

CƏMİYYƏTİ ÜMİDLƏNDİRƏN MƏHKƏMƏ İŞİ

Rusiyalı jurnalist İvan Qolunov gözlənilmədən azad edilib, üzərindən bütün ittihamlar götürülüb. Beləliklə, Kreml ictimai təzyiqə boyun əyib. “Der Spiegel” qəzetinin Moskva üzrə müxbiri Kristina Hebel (Christina Hebel) bunun həmrəyliyin qələbəsi, ölkə üçün vacib məqam olduğunu düşünür.

“İndiyədək Rusiyada bu cür 180 dərəcəlik dönüş çoxlarının ağlına belə gəlməzdi. Bir neçə gün yüzlərlə narazı insan küçələrə çıxıb. Rusiya misilsiz həmrəylik dalğasına şahid olub. Son dərəcə biyabırçı yolla qurbana çevrilməli olan Qolunovun məhkəmə işi KİV-i və interneti ələ keçirib”, - məqalədə deyilir.

“Bir çoxları başa düşüb ki, növbəti dəfə onlardan biri zərərçəkmiş ola bilər. Ölkədəki ab-hava getdikcə repressiv hal alır. Saxta ittihamlar Rusiyada tənqidçiləri aradan qaldırmağn ən etibarlı yolu hesab edilir. Təhlükəsizlik orqanlarına inam yoxdur. Qolunovun məhkəmə işləri ölkədə polislərin necə biyabırçı fəaliyyət göstərdiyini nümayiş etdirib”, - Hebel yazır.

Məqalədə qeyd edilir ki, Qolunovdan bütün ittihamların götürülməsi ilə bağlı Daxili İşlər Nazirliyinin bəyanatını “özlərini zərbə altından çıxarmaq üçün günah keçisi tapmaq cəhdi kimi qiymətləndirmək olar. Nəticə etibarilə, Kolokolsev ölkədə polisə rəhbərlik edir və başçılıq etdiyi qurumda baş verənlərə görə məsuliyyət daşıyır. Yayılan məlumata görə guya onun oğlunun rüşvətxor dəfn biznesi ilə əlaqəsi var. Belə ki, Qolunovun son vaxtlar apardığı araşdırma məhz bununla bağlı olub.

Qolunovun həbs xəbəri Putinin Sankt-Peterburqdakı mühüm iqtisadi forumunu kölgədə qoyub. Jurnalistin tez-tələsik həbsxanaya deyil, ev həbsinə göndərilməsi ondan xəbər verir ki, Kreml etirazların qarşısını almaq üçün simasını qoruyub saxlamağa icazə verəcək həll yolu tapmağa çalışır. Lakin bunu etmək mümkün olmayıb, insanlar etiraz etməyə davam ediblər.

Cümə axşamı baş verən reaksiya Kremlin nə qədər əsəbiləşdiyini göstərir. Qolunovun işi ilə bağlı tələsik qərar adət edilən təcrübəyə ziddir. Belə ki, tanınmış rejissor Kirill Serebrennikov azad edilənədək demək olar iki il ev dustağı olub. Onun məhkəmə prosesi hələ də davam edir. İyunun 20-nə Putinlə illik canlı yayım planlaşdırılıb. Bu, prezidentin reytinqinin onsuz da pis vəziyyətdə olduğu dövrə təsadüf edir. Yeni neqativ başlıqlar çətin ki, Kremlin ürəyincə olsun.

İndi Putin ən azından ölkədəki vəziyyətə nəzarət etdiyini göstərmək üçün özünü Qolunovun işinə qətiyyətlə müdaxilə edən şəxs kimi göstərəcək.

Məqalədə deyilir ki, Kreml ictimaiyyət tərəfindən belə güclü reaksiya gözləməyib. Etirazlar effektli olub: artıq Qolunovun həbsində əli olan hüquq mühafizə orqanlarının əməkdaşlarının işdən azad edilməsi ilə bağlı tələblər eşidilir, sifarişçilərin kimliyinin ictimailəşdirilməsi ilə bağlı çağırışlar səslənir.

Təsadüfi deyil ki, məhz indi narkotik maddələr haqqında maddəyə dəyişikliyin edilməsi ilə bağlı təklif irəli sürülüb. Lakin nəşr hesab edir ki, ölkədəki rezonans bununla sakitləşməyəcək.

Mənbə: www.xpressa.net