”Hafiz Paşayev yox, Nərgiz Paşayeva yox, Kamal Abdulla…”

”Hafiz Paşayev yox, Nərgiz Paşayeva yox, Kamal Abdulla…”

Nabatəli Qulamoğlu hesab edir ki, Azərbaycan ictimaiyyəti, ziyalıları bu gün saxta sorğular keçirmək əvəzinə təhsilin səviyyəsindən narahat olmalıdır:

“Məncə, bu cür sorğular cəmiyyətin diqqətini təhsilin problemlərindən yayındırmaq məqsədi daşıyır. Azərbaycan cəmiyyəti təhsilin problemlərini müzakirəyə çıxartmalıdır. Ən yaxşı rektoru seçməyə ehtiyac yoxdur”.

“Biz hamımız bilirdik ki, Kamal Abdulla administrasiyanın rəhbəri Ramiz Mehdiyevə arxalanır”

51 il Azərbaycan Dillər Universitetinin Kadrlar Şöbəsində baş mütəxəssis vəzifəsində çalışan, sonradan qanunsuz olaraq kənarlaşdırıldığını iddia edən Elmira Baxışəliyeva Kamal Abdullanın bu ada layiq olmadığını düşünür:

“Kamal Abdullanın rektor təyin olunan kimi təmir işlərinə başlaması onun məqsədini aşkarladı. İclaslarda da deyirdi ki, təmirə 1 milyon 50 min manat xərcləyib. Nəyə xərclənib, emusiyaya? Universitet kollektivi hər şeyi görür axı”.

E.Baxışəliyeva rektorun təqdim etdiyi akta imza atmadığı üçün işdən çıxarıldığını deyir:

“Guya mən mübahisə edənləri aralamışam, ona görə akt tərtib edilib, imza atmadığım üçün işdən çıxarıldım. Mənim işdən çıxarılmağıma rəy verənlər şəxslərə baxın: Kadrlar Şöbəsinin müdiri Kifayət Hacıyeva, onu özü ilə gətirib. İkinci, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov və hüquqşünas Əli Mustafayev. Bu adamlar mənimlə söhbətdə rəy yazmağa məcbur olduqlarını gizlətmirlər. Onlar rəy verməsəydilər, özlərini uzaqlaşdıracaqdılar. Məni kiməsə məzuniyyət verməkdə ittiham edirdilər. Belə bir səlahiyyətim və imzam yoxdursa, necə ittiham oluna bilərəm?”

E.Baxışəliyeva iddia edir ki, ümumiyyətlə, Kamal Abdulla rektor təyin olunandan sonra sələfi Səməd Seyidovun adamlarını kütləvi şəkildə kənarlaşdırıb:

“Əsasən də Slavyan Universitetində, Azərbaycan Yaradıcılıq Fondunda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olan kadrlarını gətirməli idi. Özü bir dəfə gizlətmədən dedi ki, Prezident Administrasiyasından universitetdə “təmizlik” aparmağı tapşıdırblar. Biz hamımız bilirdik ki, Kamal Abdulla administrasiyanın rəhbəri Ramiz Mehdiyevə arxalanır. Amma mən və bir neçə nəfərin etirazından sonra nəzərdə tutduğu ssenarini həyata keçirə bilmədi. Bununla belə, universitetdən çox adam çıxarıldı. Məndən əvvəl yerimə artıq kadr hazır idi, gəlib sənədləri aparıb baxırdı, sonradan bildim ki, Elsevər adında oğlandır. Etiraz edəndə də Kifayət Hacıyeva dedi ki, buranın ağası özüdür, necə istəsə, elə də olacaq. Beləliklə, məni özümdən xəbərsiz 2018-ci ilin noyabrın 23-də Azad Həmkarlar İttifaqı Komitəsinə keçiriblər. Ancaq 5 dekabra qədər işimdə olmuşam, işdən çıxarandan sonra maaşımı da vermədilər. Nəsimi Rayon Məhkəməsində iddia qaldırdım, amma Kamal Abdullanın təsiri nəticəsində rədd olundu. Eyni vəziyyətlə Apelyasiya Məhkəməsində qarşılaşdım. Bilirsiniz, əgər məni işdən çıxartmaq istəyirdisə, açıq deyərdi ki, cavanları toplayır, daha bəsdir. Mən onu başa düşərdim, halbuki, Kamal Abdullanın da yaşı 70-ə yaxındır, yaxud arxalandığı Ramiz Mehdiyevin yaşı 82-ni ötüb, ancaq işləyir”.

“Tələbələrdən xoşuna gəlmədiyi müəllimlərə qarşı istifadə edir”

2019-cu ilin fevralın 11-də tələbələri rəhbərliyə qarşı iğtişaşa qaldırmaqda ittiham olunaraq işdən çıxarılan “İngilis ədəbiyyatı” fənnindən dərs deyən Pərvin Mürsəliyeva da Kamal Abdullanın idarəçiliyini bərbad hesab edir:

“Onun tələbələr arasında xüsusi adamları var, onları universitetdə “xəlifə”, yaxud “kölgə” adlandırırlar. Onlardan xoşuna gəlmədiyi müəllimlərə qarşı istifadə edirlər. Bu uşaqlar “Facebook”da bizim kimi müəllimlərə qarşı trolluq edirlər. Həmin tələbələr dərsə də gəlmirlər. Əlimdə konkret faktlar var, mənə qarşı Nərgiz Qurbanovadan istifadə etdilər, bu tələbə 4 il dərsə gəlməyib. Mən Nərgiz Qurbanovaya 1 semestr qayıb yazmışam, dərsə gəlmirdi. O isə mənim haqqımda mətbuatda yazı yazdı. Hazırda məhkəmədə iddia qaldırmışam. Təəssüf ki, Kamal Abdulla son iki ildə ən savadlı kadrları universitetdən uzaqlaşdırılıb. Məsələn, illərlə universitetdə çalışan Beynəlxalq əlaqələr üzrə prorektor Jalə müəlliməni uzaqlaşdırdı”.

“Rektora qarşı olanlar sıxışdırılır”

Adlarının açıqlanmasını istəməyən iki tələbə də Meydan TV-yə Dillər Universitetində baş verənlərdən danışıb.

“Rektora qarşı olan bütün müəllimlər, tələbələr sıxışdırılır. Heç kim irad bildirə bilmir, həmin uşaq gözümçıxdıya salınır. Etiraz edəndə də adama müxalifətçi damğası vururlar. Ona görə də ən yaxşı üsul kimi susmağı, ya da rektora yaxın olmağı seçmək lazım gəlir,”- tələbələrdən biri deyib.

Hazırda 3-cü kürs tələbəsi olan digər tələbə isə hər hansı problemlə rastlaşmadığını söyləyib:

“Deməzdim hər şey yüksək səviyyədədir, amma digər universitetlərdən də pis deyil. Başqa tələbə dostlarımız da var, onlardan vəziyyəti eşidirik, heç nə fərqli deyil. Ümumilikdə ölkədə təhsilin səviyyəsi eynidir. Kamal müəllimi də nə görürəm, nə də haqqında pis fikir eşidirəm”.

Mənbə: www.xural.com