Enmə və qalxma zamanı təyyarədə pəncərə pərdələri niyə açıq olmalıdır? – SƏBƏB

Enmə və qalxma zamanı təyyarədə pəncərə pərdələri niyə açıq olmalıdır? – SƏBƏB

Yəqin çoxlarınız təyyarə ilə səfər etmisiniz və göyərtədə olarkən enmə və qalxma zamanı bələdçinin sizə illüminatorun (pəncərə) pərdəsini açıq saxlamağı tələb etdiyini yəqin unutmamısınız.
Bunun səbəbi haqda heç düşünmünüz?
Bu sualı AZAL-ın planlaşdırma və monitorinq üzrə sabiq mühəndisi Elmar Məcidova ünvanladıq.
O, Bizim.Media-ya açıqlamasında bunun təhlükəsizlik baxımından edildiyini vurğuladı.
“İllüminatorun pərdələrinin açıq olması təyyarədə baş verə biləcək hər hansı bir təhlükəyə qarşıdır, çünki qısa zaman kəsiyində təhlükəsizlik tədbirlərinin görülməsində böyük rol oynayır. Adətən qəza baş verəcək anda təyyarə bələdçilərinin nə az, nə çox 90 saniyə vaxtları olur. O da vaxtını təyyarədə olan sərnişinləri çıxarmağa həsr edir".
"Təbii ki, bu vaxt ortalama bir zamandır, çünki təyyarə tiplərinə və sərnişin sayına görə fərqlənir. Bunun üçün də uçuşdan və enişdən qabaq təyyarə bələdçiləri və digər məsul şəxslər qəza və xilas etmə tədbirlərini yüksək səviyyədə təşkil etməyə çalışırlar” deyə o, qeyd edib.
Elmar Məcidov illüminatorun pərdələrinin açıq olmasının digər səbəblərini də açıqladı:
“Sərnişinlər təyyarədə əyləşən zaman pəncərədən çölə baxırlar. Bu da uçuş zamanı baş verə biləcək hər hansı bir qəzanı vaxtında görüb təyyarədəki məsul şəxslərə məlumat verməyə, lazımı tədbirləri görməyə imkan yaradır".
"Eyni zamanda pəncərə açıq olanda bələdçilər qəza zamanı təyyarədən kənardakı vəziyyəti görə və bu haqda gəmi kapitanına operativ məlumat ötürə bilir".
"Və ən nəhayət, işıqlandırma zamanı elektrik enerjisində problem yaranarsa, pərdənin açıq olması vacibdir, çünki illüminatordan göyərtəyə işıq düşməlidir. Bu da vacib məsələlərdən biridir”.

Mənbə: teref.az