Uşaq əməyi istismarının aradan qaldırılması ilinə start verilib

Uşaq əməyi istismarının aradan qaldırılması ilinə start verilib

BMT 2021-ci ili Beynəlxalq uşaq əməyinin istismarının aradan qaldırılması ili elan edib. Cümə axşamı BMT-də bu ilə rəsmi start verildiyi virtual tədbir keçirilib. Bu il çərçivəsində əsas vəzifə uşaqların istismarına qarşı mübarizə məqsədilə beynəlxalq birliyi səfərbər etməkdir. Kaspi.az BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, BMT 2025-ci ilə qədər uşaq əməyinin istismarına son qoymağa çağırır.
"Bu il uşaq əməyinin istismarı probleminə diqqəti cəlb etmək və onu birdəfəlik aradan qaldırılmaq çağırışımızı dəstəkləmək naminə dünyanı bir araya gətirmək üçün unikal bir fürsətdir”, – deyə BMT Uşaq Fondunun (UNICEF) rəhbəri Henriyetta For söyləyib.
"İndi pandemiyadan sonrakı bərpa dövründə, uşaqlar gələcəyini seçə bilsinlər deyə gəlin hər bir uşağın təhlükəsizlik və təhsil haqqını təmin etməyə kömək edəcək sosial sistemləri gücləndirək”, – deyə o, əlavə edib.
Beynəlxalq əmək təşkilatında (BƏT) qeyd edirlər ki, bu gün dünyada 5 yaşından 17 yaşınadək olan hər on uşaqdan biri işləməyə məcburdur. Bununla yanaşı, pandemiyanın yaratdığı böhran şəraitində yetkinlik yaşına çatmayan zəhmətkeş "ordusu" sürətlə artır. Bir çox yoxsul ailələr uşaqları qazanc üçün göndərmək məcburiyyətində qalır.
"BƏT yenidən uşaq məşğulluğunun qlobal səviyyəsinin qiymətləndirilməsini aparacaq. Bu, bəlkə də o qədər də maraqlı səslənmir: bizə yenidən yeni rəqəmlər niyə lazımdır? Lakin, onlar, əlbəttə ki, lazımdır, çünki hansı proqramların nəticə verdiyini, hansıların - yox, göstəricilərin harada aşağı düşdüyünü, harada artdığını biləndə, o zaman biz uyğun hərəkət edərək, səylərimizi mövcud problemlərin həllinə yönəldə bilərik”, – deyə BƏT rəhbəri Qay Rayder deyib. 

Mənbə: kaspi.az