Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının ikinci həftəsi uğurla yekunlaşıb

Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının ikinci həftəsi uğurla yekunlaşıb

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız semestrinin online imtahan sessiyasının ikinci həftəsi də uğurla yekunlaşıb. 18-22 yanvar tarixlərini əhatə edən imtahanlar “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub.

İkinci imtahan həftəsində bakalavriat səviyyəsi üzrə ümumilikdə 133 qrupda təhsil alan 2454 tələbə 156 imtahanda iştirak edib. Məsafədən təşkil olunan imtahanlarda yalnız 2 tələbə iştirak etməyib. İmtahanların nəticəsinə əsasən tələbələrin 39%-i 51-100 bal, 38%-i 71-100 bal, 23%-i isə 91-100 bal ilə qiymətləndirilib. Cəmi 1 tələbənin qeyri-kafi qiymət aldığı ikinci imtahan həftəsində 2 tələbənin Appelyasiya Komissiyasına müraciəti qeydə alınıb.

Magistratura səviyyəsində isə 21 qrup üzrə ümumilikdə 44 imtahan keçirilib. Magistrantların 22%-nin 71-100 bal, 76%-nin isə 91-100 bal ilə qiymətləndirildiyi imtahanlarda 100% iştirakçılıq qeydə alınıb.

2021-ci ilin 11 yanvar tarixində başlayan payız semestrinin imtahan sessiyası 6 fevral tarixinədək davam edəcək.

Qeyd edək ki, MDU-da cari tədris ilinin payız semestrinin imtahan sessiyası Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrinin tələbləri əsasında təşkil olunub. İmtahan Qərargahı, “Qaynar xətt” və Appelyasiya Komissiyasının çevik və operativ fəaliyyəti təmin edilib.

Mənbə: az.trend.az