Vaksinasiya, yoxsa kütləvi "ÇİPLƏNMƏ"? - MƏNTİQLİ CAVAB

Vaksinasiya, yoxsa kütləvi "ÇİPLƏNMƏ"? - MƏNTİQLİ CAVAB

Bir daha kütləvi "çiplənmə" haqqında...

Ümundünya Səhiyyə Təşkilatının (ÜST) sənədlərinə baxdım. Bu gün dünyada 3 mindən bir qədər çox dərman preparatı ÜST-nın qeydiyyatından keçib. Əslində bu qədər dərman preparatı vur-tut 100-150 molekulun müxtəlif variantlarıdır. Hansısa benzol qrupunda karbon atomunu kükürdlə əvəz edib və ya yerini dəyişib yeni preparat alırlar. 10-15 il eksperimental-klinik sınaqlardan keçirib dərman preparatlarının reyestrinə daxil edib kütləvi satışa buraxırlar. Həmin o 3 min preparatın hərəsinin 5-6, bəzilərinin daha çox sinonimi, analoqu, çeşidli-çeşidli ticari adları var. Sonuncuları da nəzərə alsaq, dərman preparatlarının sayı azı 30-50 mindir. Nə yazıq terapevtlərin halına. Bu qədər preparatdan ən təcrübəli, ən yaddaşlı terapevt maksimum min preparatı, əksəriyyəti isə 50-100-ünü praktik təcrubəsində istifadə edir. Postsovet məkanında ən çox satılan dərman preparatları siyahısında "Nurofen", "Spazmalqon", "Kardiomagnil", "Diklofenak" və s. liderlik edir. Avropada, ABŞ-da, Avstraliyada və s. bir qədər fərqlilik ola bilər. E, C, D vitaminləri, Omeqa yağı, antihipertenzivlər öndə ola bilər.

Bütün bunları niyə yazıram? Kimlərinsə başını ağritmaq üçünmü? Yaxud digər səbəblərdənmi?

Qayıdaq antipeyvənd təbliğatçılarının "deyirlər", yaxud sosial şəbəkələrdə "yazırlar"la başlayan arqumentlərinə.

Onlar, bir qayda olaraq, "Fatma Nisə qarı"ya, "Tükəzban xala"ya və ya "Məmmədqulu kişi"yə istinad etməklə dediklərini, yazdıqlarını "əsaslandırırlar", bəziləri daha irəli gedərək, ən yeni kompüter-proqramlaşdırma texnologiyalarının məhsullarını kütləvi surətdə elektron dövriyyəyə buraxırlar.

Məqsəd "çiplənmə" adı ilə insanları vaksinasiya prosesindən uzaqlaşdırmağa nail olmaqdır

Bu sahədə təbliğati boşluqlardan istifadə edərək, "çiplənmə"ni insanlığın fəlakəti, yeni dünya müharibəsinin başlanğıci səviyyəsinə catdirmaqdadırlar.

1-2 saat əvvəl zibil qutularından plastik qablar, alüminium, dəmir-dumur yığmaq kimi olduqca ağır və azrentabelli əməklə ailəsini pis-yaxşı dolandıran bir qonşum yaxınlaşaraq "Bu çiplənmə nə məsələdir?" deyə soruşdu. Dedim: "Zəhmətkeş adamsan, yaxşı qonşusan, yeganə övladının böyüməsi və təhsili üçün dişinlə, dırnağınla əlləşirsən, gecən-gündüzün yox. Sənə bu gün neçə nəfər dostun, qohumun, əqrəban zəng edib?" Dedi: "Heç kim".

Dedim: "Sən "heç kimə" lazım deyilsənsə, Bill Qeytsə, Marka, Maksa, Bill Klintona və ya Putinə niyə lazım olmalısan ki, onlar əlbir olub səni, məni, milyonları, 7 milyardı "çipləsinlər"?!"

"Çipləmə" bu qədər vacib idisə, o zaman bu hoqqa (koronavirus infeksiyası) onların nəyinə lazım idi?! Hərəsinin nəzarətində dünyanın ən nəhəng 5-6 əczaçılıq şirkətləri, yastıqlarının altında da 100-200 milyard dollar və nəhəng dövlətlərin resursları, 30-50 min müxtəlif dərman preparatları. Onların da bir qismini uşaqlar, digər qismini orta yaşlı, üçüncü qismini yaşlılar və qocalar hər ay, hər həftə, hər gün qəbul edirlər. Elə həmin mikroskopik ölçülü çipləri öz şirkətlərində, fabriklərində yerləşdirsinlər, "Nurofen"in, "aspirin-kardio"nun, vitaminlərin, antibiotiklərin içində yeritsinlər insanlara. Daha bu qədər on, yuz milyardlar xərcləyib bu qədər antikorona vaksinləri istehsal etməyə nə ehtiyac var?..

Həmin çipləri içməli suyun, ərzaq məhsullarının tərkibinə salmaq çoxmu çətindir?..

Allah xətrinə, əhalimiz arasında müsbət tendensiyalar da son günlər coxalmaqdadır. Mənimlə təmasda olan tanıdıqlarım və tanımadıqlarım arasındakı peyvənd əleyhdarlarına "Mən artıq peyvənd olunmuşam" deyən kimi ikinci sualı vermirlər və hamılıqla "O zaman mən də vurduracağam" deyirlər. Görünür, "çiplənmə" söhbətlərinə və 5G nağıllarına əsəb sistemimizin xeyli resurslarını sərf etməli olacağıq!

AHİB üzvü, dosent Ədalət Rüstəm

Mənbə: sonxeber.az