Çox işləmək insanı öldürür: Azərbaycan siyahının harasında yer alır? - BİZİM TƏQDİMAT

Çox işləmək insanı öldürür: Azərbaycan siyahının harasında yer alır? - BİZİM TƏQDİMAT

Amerika Biləşmiş Ştatlarında 3500 işçi üzərində aparılan araşdırmalar zamanı məlum olub ki, uzun müddət çalışmaq gizli hipertoniya da daxil olmaqla yüksək qan təzyiqi kimi xəstəliklər yaradır.

Həftədə 49 saatdan artıq işləməyin gizli hipertoniya ehtimalını 70% artırdığı məlum olub.

Tədiqiqatlar zamanı işdəki stress, yaş, cinsiyyət, təhsil səviyyəsi kimi amillər nəzərə alınaraq qiymətləndirmə aparılıb.

Mütəxəssislər bildiriblər ki, insanlar uzun iş saatlarının onların sağlamlığını təhlükə altına atdığını anlamalı və bu iş rejiminə davam edəcəkləri təqdirdə mütləq tez-tez həkim müayinəsindən keçməlidirlər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 1 milyarddan çox hipertoniya xəstəsi var. Yüksək qan təzyiqinin ürək xəstəlikləri, insult və bəzi hallarda ölüm ehtimalını artırdığı bildirilir.

Maraqlıdır, hansı ölkələrdə iş saatı çoxdur? Ən çox hansı ölkələrin sakinləri belə ölüm təhlükəsi ilə üzləşirlər?

Cebhe.info mövzu ilə bağlı araşdırmanı təqdim edir.

Meksika iş saatının ən çox olduğu ölkədir.

*Bu siyahıda Rusiya 5-ci, Türkiyə 14-cü yerdə gəlir. OECD-nin 2017-ci ildə nəşr etdiyi Məşğulluq Hesabatına əsasən, 38 ölkə arasında ən uzun iş saatı olanların ilk beşliyi belədir: Meksika, Kosta Rika, Cənubi Koreya, Yunanıstan və Rusiya.

*Yaponiyada statistika ilə təsdiqlənmiş "çox işləməkdən ölmək" problemi var. Yapon dilində bunun adı da var: Karoşi. Karoşi kəlməsi iş təzyiqi nəticəsində yaranan stresdən ürəktutması və iflic kimi xəstəliklər keçirib, həyatını itirənlər və intihar edənlərlə bağlı istifadə olunur. Orta hesabla illik iş vaxtı 1713 saat olan Yaponiyada vəziyyət digər OECD ölkələrinə nisbətən daha yaxşıdır. Ancaq ölkədəki rəqəmlərdən əlavə bir ictimai həqiqət də var. Yapon qanunları həftəlik iş saatı ilə bağlı bir hədd təyin etməyib.

*Afrikada hər işçidən üçünün həftədə 48 saatdan uzun işlədiyi ölkələrin sayı, digər qitələrə nisbətən daha çoxdur. Məsələn, Tanzaniyada 48 saatdan çox işləyənlərin sayı 60 faizdir. Bəzi şəhərlər isə iş saatları mövzusunda bir-birləri ilə yarışırlar.

*Dünyanın ən böyük maliyyə şirkətlərindən biri olan İsveçrənin UBS-inin 71 şəhər arasında apardığı araşdırmaya görə, həftəlik 50.1 saatla Honkonq siyahıda ilk yeri tutur. Onu həftəlik 43.7 saatla Mumbay, 43.5 saatla Mexiko, 42.6 saatla Yeni Delhi və 42.1 saatla Banqkok izləyir. Meksika həftəlik iş saatları ilə yanaşı, dünyanın ən qəddar icazə siyasəti ilə də tanınır. Qanuni olaraq ödənişli illik məzuniyyətin aşağı həddi 10 gündən də azdır.

*Nigeriya, Yaponiya və Çindəki vəziyyət də bundan fərqli deyil. Braziliya isə işçilərinə ən az 20-23 gün illik məzuniyyət haqqı verir.

*Hindistanda isə vəziyyət daha ağırdır. Belə ki, burada iş saatlarının maksimum həddi olmadığı kimi, illik icazə haqqının da qanuni bir minimum limiti yoxdur.

*Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, əmək müqaviləsi əsasında işə qəbul olunan işçilər üçün tam iş vaxtı-müddəti Əmək Məcəlləsində nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq, işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda, gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda, gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda, gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Ancaq məlumdur ki, xüsusilə özəl müəssislərdə iş vaxtı daha uzundur.

Semra Ələkbərli

 

Mənbə: cebhe.info