Qəzetlər media məkanında mövqeyini niyə itirir? - ANALİZ

Niyə heç kim qəzet oxumaq istəmir- günah yazanlardadır, yoxsa oxumayanlarda?

Həmişə cəmiyyəti narahat edən məsələlərdən yazmışıq. Bu dəfə isə ənənəni pozaraq özümüzdən yazmaq istəyirik. İndi dəb düşüb, hamı deyir, qəzet oxuyan yoxdur, qəzetlər satılmır və s. Bu, faktdır, lakin bütün hallarda olduğu kimi, burada da əsas məsələ faktın özü deyil, səbəbidir. Bəs qəzetlərin oxunmasının azalmasının səbəbləri nədir? Bu yazımızda bu suala cavab axtarmağa çalışmışıq.

İctimai etimadın itirilməsi təhlükəsi ilə üz-üzə

Getdikcə qəzet oxuma meylinin xeyli azalması və buna uyğun olaraq qəzetlərin satış həcminin düşməsi tendensiyası daha çox müşahidə olunur. Buna müxtəlif faktorlar təsir göstərir: elektron medianın, internet saytlarının artması, mütamadi olaraq qəzetləri almaq üçün çox adamın maddi imkanının çatmaması, ölkəmizdə dərc olunan qəzetlərin mövzu monotonluğundan oxucuların bezməsi, qəzetdə verilən materialların oxucuya çatanadək köhnəlməsi, bir çox jurnalistlərin cəmiyyətə yox, müxtəlif merkantil məqsədlərə xidmət etməsi və s.

Qəzetlərin material zənginliyinin olmaması bir yana, dizayn və rəng monotonluğu da oxucuya psixoloji təsir göstərir. Ölkə qəzetlərini izləyəndə adama elə gəlir ki, sanki hamısı bir adamın əlindən çıxıb. Kiçik istisnalar var, təbii ki, amma onlar olduqca azdır. Əksəriyyəti də rəngli çıxmır, təsəvvür edin, 21-ci əsrdir hələ də bir rəngli çıxır qəzetlərimiz, halbuki, yarım əsrdən çoxdur dünya qəzetləri rəngli çıxır.

Həm də oxucuların əsl mətbuata ehtiyac var, sözün əsl mənasında, müstəqil, qərəzsiz, obyektiv və həyatın bütün sahələrini, reallıqlarını özündə əks etdirən mətbuata. Oxucu qəzetdə özünü, yaşadığı problemləri, mövcud reallıqları axtarır.

Bu boşluqdan qeyri-ciddi və diletant xəbər saytları bəhrələnir, oxucu kütləsini istədiyi səmtə yönəldə bilir, aldadıcı, qərəzli, provakativ tipli məlumatları cəmiyyətə yeridə bilir. Bu isə həm milli təhlükəsizlik, həm də dövlət təhlükəsizliyi cəhətdən ciddi təhlükədir.

 

“Reket jurnalist”lərin gözdən saldığı mətbuat

 

Azərbaycan mətbuatında ən kəskin problemlərdən biri kimi “reket mətbuat” adı verilən bölümün fəaliyyət sferasının “çiçəklənməsi” göstərilir. Məlum olduğu kimi, Azərbaycanda 5000-ə yaxın media vasitəsi mövcud olduğu halda, ortalıqda normal fəaliyyət göstərən və dövrü çap olunan maksimum 10 ciddi mətbuat vasitəsi var.

Yüzlərlə qəzet var ki, qeydiyyatdan keçirilib, ildə 1 dəfə 4 səhifə həcmində bir-iki yüz tirajla çap olunur, redaksiyası, avadanlığı belə yoxdur, amma bu qəzetin “işçilərinin” sayı “Nyu-York Tayms”ın əməkdaşlarından çoxdur. Jurnalistikadan, mətbuatdan və ictimai məsələlərdən xəbəri olmayan bəzi “moşenniklər” indi olublar baş redaktor və sağa-sola vəsiqə paylamaqla məşğuldurlar.

Adını yaza bilməyən gözəgəlimli qız uşaqlarının cibinə vəsiqə qoyub əyalət şəhərlərinə dilənməyə göndərən “baş redaktor”ları cəzalandırmaq lazımdır. Yoxsa, “xoruz səsi eşitməmiş” adlar qoyulan “qəzetlər” mətbuatın və jurnalistlərin adını batırmaqda davam edəcəklər.

Bəzi məlumatlara görə, Azərbaycanda azı 50 min nəfər cibində jurnalist vəsiqəsi gəzdirir, halbuki həqiqi jurnalistika ilə məşğul olanların sayı uzağı 5 min nəfər olar. Nəticədə jurnalist imici artıq tamam fərqli şəkildə formalaşır və cəmiyyətdə bu rəyi dəyişmək getdikcə daha da çətinləşir.

 

Mətbuatı kimlər və necə gözdən salır?

 

Mətbuatın problemi təkcə səviyyəsiz və qeyri-peşəkar reket qəzetlərdən ibarət deyil. Əsas problemlərdən biri də adını müstəqil qoyaraq korparativ maraqlara xidmət edən qəzetlərdir ki, bunları xalqın dərdi-səri, güzaranı qətiyyən maraqlandırmır. Bunlar böyük maarifçilərin yaratdıqları “qəzetlər yalnız həqiqəti yazır” düşüncəsini və insanlarda formalaşmış analoji ənənəvi stereotipləri darmadağın ediblər.

İndi oxucu qəzetdə yazılanlara bir o qədər də inanmır, çünki başa düşür ki, hər qəzet öz idarə olunduğu təşkilatın və ya şəxsin siyasətinə uyğun olan şeyləri yazır və öz məqsədinə çatmaq üçün ağa qara demək bir çox qəzetlər üçün problem deyil. Özünü müstəqil elan edən bəzi mətbu orqanların haralara, kimlərə tabe oluduğu da artıq heç kimə sirr deyil.

Bəzi mətbuat orqanlarının materialları bir qayda olaraq, ancaq qan, ölüm, qırğın, ittiham, təhqir və söyüş dolu başlıqlardan ibarətdir. Oxucu bu “şok” xəbərlərdən bezib. Cəmiyyət artıq bu “şokaterapiyanı” həzm edə bilmir.

Şantaj, böhtan, qarayaxma, təhqir kampaniyası geniş vüsət alıb. Oxucu isə hər şeyi görür və başa düşür ki, belə “jurnalist”lərin, “mətbu orqan”ların dərdi xalqın, dövlətin taleyi, maraq və mənafeləri deyil, özlərinin şəxsi maraqlarıdır. Belə vəziyyətdə, mediaya inamın itməsi normaldır. Başqa cür ola da bilməzdi.

 

Çap mətbuatı internet mətbuata niyə uduzur?

 

Qəzetlərin internet portallarla rəqabətdə uduzmasının başqa səbəbləri də var. Onlayn resurslarda xəbəri daha tez çatdırmaq olur, material çox sayda foto, video və s elektron materialların müşayiəti ilə verilir, onları sosial şəbəkələrdə paylaşmaq olur, şərh yazmaq, müzakirə etmək, irad bildirmək, kiməsə dünyanın o başına göndərmək olur, istənilən vaxt əldə etmək olur və s.

Print-media, elektron mediaya informasiya operativliyində də xeyli uduzur, çünki saytlarda xəbər anında yayımlanır, qəzetlər isə bunu hələ sabah oxucuya çatdıracaqlar. Artıq hər kəs, TV, radio, internetdən bu xəbəri eşidib.

Son vaxtlar qəzet kiosklarında apardığımız müşahidələr və satıcılarla söhbətlərdən aydın olur ki, qəzet jurnallların satışı getdikcə zəifləyir, üstəlik, abunələr də azalıb. Bu satış həcmi və abunələrlə heç bir redaksiya xərclərinin heç yarısını belə ödəyə bilməz.

Çap mətbuatı yalnız dövlət yardımlarının sayəsində ayaqda qalır və tam sıradan çıxmır. Dövlətin mətbuatımıza ən böyük dəstəyi də budur. Əgər qəzetlərə illik maliyyə yardımları və layihələr üçün qrantlar verilməsəydi, indi ortalıqda 2-3 qəzet qalardı, ya qalmazdı.

 

Jurnalistlər ucuz işçi qüvvəsi statusundan çıxarılmalıdır

 

Qəzetlərin çoxu maddi problemlər ucbatından peşəkar jurnalistlərin yox, diletantların xdmətindən istifadəyə məcbur olur. Peşəkar jurnalistlər isə, acından ölməmək üçün perekvalikasiya prosesindən keçmək məcburiyyətində qalır və başqa sahələrə gedirlər. 300-500 manat maaşla ailə saxlamaq mümkün olmadığı kimi, qeyri-peşəkarların çalışdığı mətbu vasitələrin cəmiyyətdə nüfuz qazanmaları da mümkün deyil.

Azərbaycanda jurnalistlərin orta maaşı 200-300 avrodur. Qonşu ölkələrdə- Rusiya, Gürcüstan, Türkiyə və İranda eyni işi görən jurnalistlər azı 3-5 dəfə çox əməkhaqqı alırlar. Bunun müqabilində bizdə jurnlaistə gördürülən iş onlarla müqayisədə daha çoxdur. 20 nəfərlik işçinin işini 5-10 nəfərə gördürmək cəhdi işin dəyərini xeyli aşağı salır. Nəticədə kəmiyyət keyfiyyətdən üstün tutulur ki, bu da problemin əsas səbəbidir.

Təsəvvür edin ki, son 10 ildə jurnalistlərin maaşlarında artım müşahidə olunmur. Halbuki, bu 10 ildə bütün sahələrdə çalışanların maaşlarında dəfələrlə artımlar edilib, bü müddətdə bazar-dükanda qiymətlər neçə dəfə artıb. Amma jurnalist hələ də dünyanın ən bahalı şəhərlərindən biri olan Bakıda 300-500 manat maaşla ailə saxlamağa məcburdur. Bir çoxu kirayədə qalır, bunun yarısını da kirayə haqqına çıxsaq, vəziyyətin acınacaqlı olduğunu anlamaq olar.

Başqa sözlə, jurnalistləri yoxsulluq həddində yaşayan aztəminatlı kateqoriyaya aid etmək olar. Azərbaycanda aylıq minimum istehlak səbətinin dəyərinin 200 manat civarında olmasını nəzərə alsaq, ortalama 500 manat əməkhaqqı alan jurnalistin ailəsində adambaşına yaşayış minimumundan xeyli aşağı vəsait düşdüyünü aydın görmək olar. Belə bir ağır vəziyyətdə yaşayan, problemlərdən başı açılmayan insandan hansı iş keyfiyyəti, hansı peşəkarlıq, hansı iş həvəsi gözləmək olar?

 

Məşhur sualı özümüzə verək- Nə etməli?

 

Yaxşı olardı ki, qəzetlər xəbər dərc etməkdənsə, həmin xəbərlərə şərh, hazırlasınlar, sosial araşdırmalar, analizlər, müsahibələr və xüsusi reportajlarla oxucuya ünvanlansınlar. Yəni, qəzetdə, elektron resurslarda olmayan xüsusi materiallar olmaldır.

Print-media cəmiyyətdə o vaxt nüfuz qazanacaq ki, normal maaş verilən peşəkarlardan ibarət heyətə mailk ciddi qəzet-jurnallar maddi asılılıqdan qurtaracaq, sırf oxucu auditoriyasına hesablanmış rəqabətə girişəcək. O zaman bu mətbuat vasitələrinin hansının özünü doğruldacağı məlum olacaq.

Əgər cəmiyyətdə nüfuz qazanmaq, maddi gəlir əldə etmək, müasir və yüksək şəraitli iş mühitində çalışmaq istəyiriksə, o zaman ölkədə və dünyada gedən prosesləri dolğun və düzgün təqdim etməliyik. Təhqiramiz ifadələrdən, yalançı şoulardan, böhtan və şantajdan əl çəkməliyik.

Qərbdə jurnalistləri “cəmiyyətin gözətçi köpəyi” adlandırırlar. Bu vəzifə şərəflidir. Cəmiyyətin mənafeyi, dövlətimizin maraqları hər şeydən üstün olmalıdır.

Dünya şöhrətli jurnalist Pol Stenlinin medianın təyinatı haqda bir tərifi var- “Media cəmiyyətlə hadisələr arasında elə qoyulmuş güzgüdür ki, insanlar bu güzgüyə baxaraq hər şeyi olduğu kimi görür”. Azərbaycana məhz belə mətbuat lazımdır.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Nura yenidən ailə qurmaq istəyir? - CAVAB

SONRAKI XƏBƏR

Yaponiya ABŞ-la əlaqədar iddianı rədd etdi