“İstiqlal Zirvəsi” !- "Bu işi görənlərə "çox sağ ol" deyirik

“İstiqlal Zirvəsi” !- "Bu işi görənlərə "çox sağ ol" deyirik

Bu layihədə milli və türk dünyasına xas simvollara üstünlük verməsi möhtəşəmdir

Prezident İlham Əliyevin “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” sərəncamına əsasən “İstiqlal Zirvəsi” layihəsi hazırlanıb. Tanınmış novator, memar-dizayner Muxtar Ərturanın müəllifi olduğu layihəni türkiyəli və azərbaycanlı memar, dizayner və mühəndis qrupları ərsəyə gətiriblər. Təqdimetmə mərasimində qeyd olunub ki, layihə iki dövlət, bir millətin, o cümlədən türkçülüyün rəmzidir.


Novator M.Ərturan deyib ki, bu, Azərbaycan və Türkiyə mühəndislərinin birgə əməyidir. Vurğulayıb ki, nəinki səngərdə, döyuşdə, iqtisadi və ticari əlaqələrdə, həmçinin memarlıq sahəsində bir nümunə olan “Zəfər Muzeyi” gələcək nəslə dostluğun, qardaşlığın və birliyin rəmzi kimi qalacaq. “İstiqlal Zirvəsi” Azərbaycan bayrağının simvolları - milli atributlarımızdan olan və Türk Dünyası simvollarını əks etdirən aypara və səkkizguşəli ulduz şəklində, ultramüasir, çoxmərtəbəli bina olmaqla layihələndirilib.

Bina paytaxt Bakı şəhərinin ən yüksək yerində nəzərdə tutulub. Muxtar Ərturan nəzərə çatdırıb ki, teleqüllənin qərb istiqamətində araşdırma aparıblar və həmin yerin memorial kompleksin yerləşməsi üçün məqbul olduğu qənaətinə gəliblər. Layihə bir yenilik olmaqla həm ölkə vətəndaşları, həm də əsasən xarici turistlər üçün nəzərdə tutulub.

Muzey elektron və vizual tablolarla təchiz ediləcək. “Smart voice Tablo” hər bir qonağa konkret eksponat barədə sərbəst məlumat verəcək, insansız çalışacaq. Layihədə həmçinin, müstəqillik tariximizi və İstiqlalımızı əks etdirən “Smart kitabxana”, səsli və vizual görüntülərlə təchiz olunmuş müasir rəsm qalereyası və 3D sinemalar da nəzərdə tutulub. Bina həm də Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının Mərkəzi olacaq. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans, akt zalları və fərqli təyinatlı otaqlar yerləşəcək.

 

Möhtəşəm dizayna sahib layihə barədə “Şərq”ə danışan tarixçi-alim Boran Əzizli bildirib ki, “İstiqlal Zirvəsi” projesi gözəl olmaqla yanaşı, olduqca vacib təşəbbüs və lazımlı ideyadır. Alimin sözlərinə görə, tarix boyu zəfərlə başa çatan bütün müharibə qəhrəmanlarına özəl abidələr, muzeylər yaradılıb:

“Ən qədim dövrdən millətin taleyində böyük əhəmiyyət kəsb edən tarixi qələbələrin şərəfinə zəfər tağları, xüsusi memorial abidələr ucaldılıb. İnsanların öz qəhrəmanlarını anması üçün müəyyən vahid mərkəzlər yaradılıb. Bu baxımdan 44 günlük Vətən müharibəsinə həsr olunmuş və çoxşaxəli funksiya daşıyan “İstiqlal Zirvəsi” layihəsinin hazırlanması müsbət addımdır.

Bunu alqışlayır və təqdir edirik. Xüsusən, ortaq memar qruplarının milli və türk dünyasına xas simvollara üstünlük verməsi, layihədə rəmzi olaraq Azərbaycan-Türkiyə qardaşlığının əks olunması, türk millətinin ən çətin anda bir-birinə dayaq durmasının simvollaşdırılması möhtəşəm incəliklərdir.

 

Bu işi həyata keçirənlərə çox sağ ol deyirik və işlərində uğurlar arzulayırıq”.

Mənbə: sherg.az