“Azəriqaz” sayğac iddiaları ilə bağlı “açıq qapı” günü keçirdi - FOTO

“Azəriqaz” sayğac iddiaları ilə bağlı “açıq qapı” günü keçirdi  - FOTO

“Azəriqaz” İstehsalat Birliyi abonentlər arasında qaz sərfiyyatının sayğaclarda istifadədən çox yazılması ilə bağlı ictimaiyyətdə yaranan məlumatlara növbəti dəfə münasibət bildirib.

“Qafqazinfo” məlumatına görə, məsələ ilə bağlı “Azəriqaz”ın Metrologiya Departamentində “açıq qapı” günü keçirilib. Qeyd edilib ki, bu addım sayğaclara müdaxilə edilmədiyinin sübutu kimi atılıb.

Qurumun baş direktoru Ruslan Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “2019-cu ildə 2200 kubmetr limiti keçən abonentlərin sayı 460 min idisə, bu il həmin abonentlərin sayı 588 min olub. Ötən il biz 2019-cu ilə nisbətən əhali xətlərində 490 milyon kubmetrə yaxın qaz qəbul etmişik. Bu da o deməkdir ki, bu qaza tələbat var və biz də ona görə bu qədər artıq qaz qəbul etmişik. Bu da əsasən pandemiya ilə əlaqədardır.

Pandemiya dövrü başlayandan sonra bizdə sənaye müəssisələrində tələbat 30-40 faiz aşağı düşdü. Çünki sənaye obyektlərinin sayında azalma oldu, kafe-restoranların fəaliyyəti dayandı. Amma əhalidə sərfiyyat artmağa başladı. Əhali əvvəlki illərə nisbətən daha çox evdə qaldı, ailələr özünü daha çox qorumağa başladı. Bizim də borcumuz əhalinin tələbatını ödəməkdir. Beləcə qaz sərfiyyatı artdı”.

R. Əliyev bildirib ki, bəzi abonentlət şikayətlərində borc məbləğinin işlədilən qaza nəzərən çox yazıldığını iddia edir: “Abonentlər iddia edirlər ki, sayğac pulu çox yazır. Biz qazı pulla hesablamırıq, kubmetrlə hesablayırıq. Ona görə sərfiyyat artanda pul da artıq olmalıdır”.

Gülnar Əliyeva

Mənbə: qafqazinfo.az