Ötən həftənin üç əhəmiyyətli məqamı

Son bir həftə ölkəmizdə yenə bir neçə xüsusi məqamla yadda qaldı.
Birinci məqam - Prezidentin Fərmanı.
Hər kəsə məlumdur ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Azərbaycanına, insanına, ruhuna qovuşmuş Qarabağımızın bərpası, yenidən əvvəlki vəziyyətinə qaytarılması, dirçəldilməsi yolunda Müzəffər Ali Baş Komandanın tapşırıq, göstəriş və tövsiyələri ilə mühüm addımlar atılmağa başlanılıb…
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva AZƏRTAC-a bildirib ki, bu addımlar sırasında Qarabağ Dirçəliş Fondunun yaradılmasını, icra hakimiyyətlərində şəhid ailələri və qazilərlə bağlı müvafiq şöbənin təşkil edilməsinin nəzərdə tutulmasını, Füzuli-Şuşa yolunun çəkilməsini, Füzuli aeroportunun təməlinin qoyulmasını xüsusilə qeyd etmək lazımdır.
Artıq bu sıraya daha bir yenisi əlavə olunub. Bu da ölkə Prezidentinin yanvarın 21-də imzaladığı Fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin təyin edilməsi məsələsidir.
Həmin Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin təsis edilməsi nəzərdə tutulur. Həmçinin Fərmanla müəyyənləşdirilmiş qaydada Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri rəhbərlik edəcəklər. Eyni zamanda, xüsusi nümayəndələr Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirəcəklər.
Bəli, bunun özü Zəfərimizə növbəti Zəfər, uğurumuza daha bir uğur qatılması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilməlidir. Bunun özü Qarabağımıza bir daha övlad yanğısı, sevgisi ilə sarılmağımızın, ona əvvəlkindən də daha çox sahiblənməyimizin təcəssümüdür, təntənəsidir.
Bu, bir daha "Qarabağ bizimdir, heç zaman bizim olmadığı qədər bizimdir”, "Qarabağ Azərbaycandır” deməyimizin, onu bir daha təsdiqləməyimizin ifadəsidir. Bəli, son Fərman Qarabağımızın bərpası, dirçəldilməsi, onun idarəetməsinin daha yüksək səviyyədə təmin və təşkil edilməsi baxımından çox önəmli və əhəmiyyətlidir.
Bunun müsbət töhfələri mütləqdir, qaçılmazdır və çox da zaman tələb etməyəcək.
İkinci məqam-Qardaşları bir daha yaxınlaşdıran "Dostluq” layihəsi.
Məlum olduğu kimi, Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən bütün ölkələrlə, xüsusilə qonşu, dost, qardaş ölkələrlə sıx əməkdaşlıq, tərəfdaşlıq, müttəfiqlik münasibətlərinə üstünlük verib. Hər zaman bu istiqamətdə də səmimi niyyətlərini və addımlarını ortaya qoyub. Belə ölkələrdən biri də Xəzərin o tayında olan qardaş və dost Türkmənistandır. 2018-ci ildə Aktauda Xəzəryanı dövlətlərin başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalaması, həmin ilin payızında Azərbaycan Prezidentinin Türkmənistana səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına mühüm töhfə verdi. Bu il yanvarın 21-də imzalanmış Anlaşma Memorandumu isə ölkələrimiz arasındakı dostluq, qardaşlıq münasibətlərini daha da möhkəmləndirdi.
Belə ki, həmin gün Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirildi. Görüşün yekunu olaraq isə tarixi anlaşma-imzalanma mərasimi baş tutdu, Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalandı. Bu, çox böyük tarixi hadisədir, nailiyyətdir. Bu, 44 günlük Zəfərin davamıdır, bu, daha bir Qələbə müjdəmizdir. Bu Qələbənin həm də iki qalibi var, burada uduzan yoxdur, burada yalnız və yalnız qazanan var. Qalib də, qazanan da iki qardaş və dost - Azərbaycan və Türkmən xalqları, Azərbaycan və Türkmənistan dövlətləridir.
Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir, Xəzər ölkələrimiz arasında təbii sərhəd olmasına baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək.
Qeyd olunduğu kimi, Türkmənistan və Azərbaycan nisbətən gənc müstəqil dövlətlərdir. Belə ki, bizim müstəqil dövlətlərə çevrilməyimizdən hələ 30 il keçməyib, lakin bu illər ərzində çox böyük uğurlar qazana bilmişik. Bu gün inamla irəliləyirik, sosial rifah, iqtisadi inkişaf, qlobal transmilli layihələr sahəsində çox mühüm məsələləri həll edirik. Ölkələrimiz investisiyalar üçün açıqdır. Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar. Ona görə ki, əmindirlər, onların vəsaitləri qorunacaq. Onlar bu ölkələrdə siyasi sabitliyə əmindirlər, o da bu gün ən mühüm inkişaf amilidir. Sabitlik olmadan inkişaf mümkün deyil. Sabitlik tərəqqiyə, rifaha, investisiyalara, ən iri beynəlxalq şirkətlərin diqqətinə və bununla da ölkələrin beynəlxalq aləmdə rolunun, onların təsirinin möhkəmlənməsinə gətirib çıxarır. Bu gün ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı, ortaq köklərimiz, ortaq dilimiz, ortaq dinimiz barədə danışarkən, biz, əlbəttə, bütün bu müsbət cəhətləri belə səmərəli əməkdaşlığa transformasiya etmişik. Prezidentimizin də bəyan etdiyi kimi, beləliklə, biz, sadəcə, Xəzərdə bir yataq haqqında Memorandum imzalamırıq, bu gün biz münasibətlərimizin gələcək uğurlu inkişafında çox mühüm addım atırıq. Yaşasın, Azərbaycan-Türkmən dostluq və qardaşlığı, yaşasın, Azərbaycan-Türkmənistan dostluq, qardaşlıq və "Dostluğ”u!
Üçüncü məqam-şəhidlərimizə, qazilərimizə daha bir dövlət qayğısı, diqqəti.
Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin 18 illik hakimiyyəti dövründə də şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, əlilləri və qazilərinə diqqət, qayğı əsas prioritetlərdən olub. İstər ölkə Prezidenti, istərsə də onun ən yaxın, ən sadiq silahdaşı-Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, Qarabağ savaşı əlillərinə, qazilərinə, veteranlarına xüsusi münasibətləri, həssaslıqları və sevgiləri ilə seçiliblər, daim onların yanlarında olublar. Elə son zamanlarda yaradılan YAŞAT Fondu bu diqqət və qayğının, bu həssas münasibətin əyani nümunəsidir.
Bu istiqamətdə daha bir addım kimi 25 yanvar tarixində ölkə Prezidenti tərəfindən imzalanan növbəti Sərəncamı göstərmək olar. Belə ki, dövlət başçısı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb ki, burada da Vətən müharibəsi əlilləri və şəhid ailələrinin 5 il ərzində mərhələlərlə mənzillərlə təmin olunması nəzərdə tutulur.
Ümumiyyətlə, Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aşağıdakı şəxslərin (ailələrin) 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirmək tapşırılır: 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində qeydə alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə qeydə alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş , yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində qeydə alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.
Sərəncamla yerli icra hakimiyyəti orqanlarına tapşırılır ki, göstərilən şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamda göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
Bəli, bunun özü də daha bir diqqət və daha bir qayğı nümunəsidir.
Ötən illər ərzində yüzlərlə, minlərlə Şəhid ailəsi, Qarabağ əlili, veteranı və qazisi evlərlə, mənzillərlə təmin olunublar, həmin mənzillərin açılış mərasimləri keçirilib və bir neçəsində də şəxsən ölkə rəhbəri və birinci xanım iştirak edib, öz xeyir-dualarını veriblər.
Budəfəki Sərəncamla da bir daha şəhid ailələri və Böyük Vətən müharibəsi əlillərinin, qazilərinin mənzillərlə təmin olunması nəzərdə tutulur ki, bu da qəhrəman Vətən övladlarının kimlərdənsə asılı olmaması, dövlətin himayəsi, nəzarəti və qanadı altında olması deməkdir. Əsl dövlət və dövlətçilik nümunəsidir budur. Dövlətə və dövlətimizə də yaraşan budur, onu güclü edən də elə budur - öz vətəndaşına, öz insanına, baş tacı olan övladlarına sonuna qədər sahiblənmək, onları öz əzəmətli qanadları altına toplamaq! Var olsun, yaşasın, belə dövlət!


 

Kaspi.az

ƏVVƏLKİ XƏBƏR

Kişiyə yeni qol köçürüldü – Dünyada ilk

SONRAKI XƏBƏR

Erməni spikerə “agent” ittihamı