Yol kənarında dəfn edilən 17 şəhidin qəbrini su basdı - Valideynlər etiraz edir - Video

Yol kənarında dəfn edilən 17 şəhidin qəbrini su basdı - Valideynlər etiraz edir - Video

İkinci Qarabağ müharibəsində həlak olmuş 17 hərbi qulluqçunun ailə üzvləri iki gündür hərbiçilərin Bakı ətrafındakı Qaradağ rayonunda “boş yerdə” dəfn edilməsinə etiraz edirlər. Onlar hərbiçilərin digər hərbiçilərlə birlikdə ikinci Şəhidlər Xiyabanında dəfn edilməsini tələb edirlər.

Bu gün etirazçılar dəfn olunmuş hərbiçilərin qəbirlərini açmağa çalışıblar. Mərmər plitələri qaldırdıqda yeraltı sular çıxıb, bu, həlak olanların valideynlərini daha da qəzəbləndirib. Amma polis əməkdaşları qəbirləri açmağa imkan verməyiblər.

Valideynlər bildiriblər ki, Bakının Yasamal və Nəsimi rayonlarından olan 17 hərbiçinin cəsədi ailələrinin icazəsi olmadan Qaradağ rayonunda yol kənarında dəfn edilib.

Dünən valideynlər artıq etiraz əlaməti olaraq Müdafiə Nazirliyi yaxınlığında Tbilisi prospektini və Parlament prospektini bağlayıblar.

Müdafiə Nazirliyi valideynlərin etirazları ilə bağlı şərh vermir.

Mənbə: pia.az