Mətbuatın reket adlı “yamağı” - Onlar jurnalist yox, cinayətkardırlar

Ələsgər Əhmədoğlu: “Kiminsə reket olması, qeyri-reket olması birmənalı olaraq sübut yoxdursa, ifadə edilməməlidir”
Qulu Məhərrəmli: “Biri sayt açır, onun məqsədi cəmiyyəti məlumatlandırmaq deyil, qazanc üçün fəaliyyət göstərməkdir”
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllının özünü jurnalist kimi təqdim edən şəxsə qarşı təhqiramiz sözlər səsləndirməsi ilə bağlı yayılan səs yazısı həmkarları, eləcə də ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Anar Cəbrayıllını şəxsən tanıyan qələm əhli onun yanında olduğunu ifadə edərkən, olaya uzaqdan baxanlar əksini söylədilər. Kimliyindən asılı olmayaraq qarşı tərəfin şərəf, ləyaqətini alçaldacaq sözlərlə incidilməsinin, təhqir edilməsinin yolverilməz olduğunu dedilər. Bu da təsadüfi deyil. Jurnalist öz vəzifəsini yerinə yetirərkən insan hüquqlarını, etik davranış qaydalarını nəzərə almalıdır.
Dünyanın müxtəlif yerlərində jurnalistika fəaliyyəti fərqli olsa da, onun prinsipləri eynidir. Bütün jurnalistika kodeksləri dəqiq, balanslı, doğru olmağa səslədiyi kimi, təhqirin, böhtanın, rüşvətin yolverilməz olduğunu deyir. Daha sonra mətbuat xidmətinin rəhbəri səs yazısı ilə bağlı sosial media hesabından açıqlama verərkən, təhqir etdiyi şəxsin “reket jurnalist” olduğunu və onu bezdirərək bu hala çatdırdığını yazdı.
AYNA ekspertlərlə bu məsələdə bəzi məqamlara aydınlıq gətirməyə çalışıb.
Media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlu “Mətbuat xidməti rəhbəri hansı hallarda, hansı əsaslarla jurnalistin cavabını yubada və ya cavab verməkdən imtina edə bilər?” sualına cavabında bildirib ki, ümumiyyətlə, mətbuat xidmətləri jurnalistlərin bütün suallarına istinasız cavab verməlidirlər: “Kütləvi İnformasiya Vasitələri haqqında qanunun 8-ci maddəsi bunu məcbur edir. Əlbəttə ki, şifahi sorğulara yazılı cavab yox, şifahi cavab vermək lazımdır. Bu qanunvericilikdə tələb kimi nəzərdə tutulub. İstisna hal, bu ola bilər ki, qanunvericiliyə görə jurnalistin sualı dərhal mümkün olmadıqda, ən geci 24 saat içində cavablandırılsın. Bu, o deməkdir ki, hansı informasiyanı axtarmaq, dəqiqləşdirmək insan hüquq və azadlığının qorunması məqsədi daşıyırsa, daha aydın ifadə etmək üçün bəzi hallarda bu sorğuya cavab vermək mümkün olmazsa, gün ərzində cavab verilməlidir. Bunun xaricində hər hansısa formada cavabdan imtina nəzərdə tutulmayıb. Bütün hallarda informasiya varsa, cavab verilməlidir, yoxdursa, “informasiya mövcud deyil” deyilməlidir”.
“Filankəs reket jurnalistdir” deyilməsinə qaldıqda isə Ələsgər Əhmədoğlu bunun legetim yanaşma olmadığını bildirib: “Kiminsə “reket jurnalist” adlandırılması legetim yanaşma deyil. Çünki reket fəaliyyəti Cinayət Məcəlləsində cinayət əməlidir və bir şəxsə “sən cinayətkarsan” deyilməsi məhkəmə qərarı ilə sübuta yetirilməyibsə, bu, böhtan xarakteri daşıyır. Bu baxımdan istənilən jurnalistə “reket jurnalist” deyib onun reket fəaliyyətinin məhkəmə qərarı ilə təsdiq olunmadığı təsdiqlənənə qədər, həmin jurnalist üçün də imkan var ki, məhkəməyə getsin və “reket jurnalist” deyən şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün böhtan maddəsi ilə (Cinayət Məcəlləsinin 47-ci maddəsi) iddia qaldırsın. Bu baxımdan düşünürəm ki, kiminsə reket olması, qeyri-reket olması birmənalı olaraq sübut yoxdursa, ifadə edilməməlidir”.
Əməkdar jurnalist, professor Qulu Məhərəmli də tez-tez işlədilən bu ifadənin – “reket jurnalist” ifadəsinin yanlış olduğunu deyib: “Hesab edirəm ki, bu ifadə kifayət qədər qüsurlu və yanlışdır. “Reket jurnalist”, “reket jurnalistikası” ifadələri işlədilsə də, bunun yanlış olduğunu düşünürəm. Çünki reketlik qanunazidd fəaliyyət növüdür. Reketliklə kimsə polis adından və ya başqa yoxlama səlahiyyəti, insanlara təsir imkanı olan peşə sahələrində çalışanlar da məşğul ola bilir. Bunlar da zaman-zaman ifşa olunur. Jurnalist adı altında da bu fəaliyyətlə məşğul olanlar var. Məsələn, biri sayt açır, onun məqsədi cəmiyyəti məlumatlandırmaq deyil, qazanc üçün fəaliyyət göstərməkdir. Ona görə də, bu adamlara jurnalist deməyin özü qəbahətdir. Bir halda ki, bunlar qanunazidd əməllərlə məşğul olur, insanları qorxutmaq, şantaj eləməklə onlardan pul almağa çalışırlar, bu, tamamilə hüquqa zidd fəaliyyətdir. Ona görə də, jurnalistikaya heç bir aidiyyatı yoxdur, jurnalistikanın heç bir məqsədini özündə ehtiva eləmir. Belə olan halda, bu ifadəni işlətmək, bununla bağlı komissiya yaratmaq, kimisə reket elan etmək, kimisə bu ad altında jurnalistikaya “yamamaq” doğru deyil. Bununla məşğul olan jurnalist təşkilatı olmalı deyil. Bununla hüquq mühafizə orqanları məşğul olmalıdır”.

Teref.az

ƏVVƏLKİ XƏBƏR

KİV: Qırğızıstanın keçmiş Baş naziri Abılqaziev saxlanılıb

SONRAKI XƏBƏR

"İnter" futbol klubu "Milan"ı məğlub edərək İtaliya Kubokunun yarımfinalına yüksəldi