ABŞ əlavə 200 milyon doza COVID-19 vaksini sifariş edib

ABŞ əlavə 200 milyon doza COVID-19 vaksini sifariş edib

Prezident Co Bayden çərşənbə axşamı ABŞ-ın 300 milyonluq əhalisinin payızın əvvəlinə qədər vaksinasiyası üçün əlavə 200 milyon doza COVID-19 peyvəndi aldığını bildirib.

ABŞ 100 milyon doza Pfizer-BioNTech və 100 milyon doza Moderna peyvəndi alıb. Bayden dozaların bu il yayın sonu, payızın əvvəli çatdırılacağını bildirib.

Bu son sifarişlə birlikdə ABŞ ümumi olaraq 600 milyon doza peyvənd almış olur.

"Hələ ki, əlimizdə deyil, lakin sifariş etmişik" deyən Bayden bildirib ki, "Əlavə 200 milyon dozanın bu yay çatdırılacağını gözləyirik".

Administrasiya həmçinin yaxın üç həftə ərzində ştatlara göndərilən vaksinlərin sayının da artırılacağını elan edib.

Bayden bildirib ki, administrasiyası ştatlara göndərilən vaksinlərin həftəlik dozasını 8,6 milyon dozadan 10,1 milyon dozaya qədər artıracaq.

Hazırda dünyada koronavirusa yoluxanların ümumi sayının 100 milyondan çox olduğu xəbər verilir. Ölənlərin sayı isə 2,1 milyondan çoxdur.

Con Hopkins koronavirus mərkəzinin çərşənbə axşamına olan məlumatına görə, ABŞ-da yoluxmaların sayı 25,5 milyonu ötüb. Ölənlərin sayı isə 424 mindən çoxdur.

Bir həftə əvvəl and içərək prezidenlik vəzifəsinə başlayan Bayden vəzifəsinin ilk 100 günündə 100 milyon COVID-19 peyvəndinin tətbiq olunacağına söz verib.

Çərşənbə axşamı keçirdiyi mətbuat konfransında o, pandemiyaya son qoyulmağın "müharibə vaxtı göstərilən səyləri"- tələb edəcəyini deyib.

"Artıq 400 mindən çox amerikalı həyatını itirib" deyən Bayden bildirib ki, "Bu, müharibə dövründəki səyləri tələb edir, bu mübaliğə deyil".

Mənbə: www.amerikaninsesi.org