Döyüşdən gələn var !- "Yoldaşımı da, qızımı da yoxluğuma hazırlayırdım" - Fotolar

Döyüşdən gələn var !- "Yoldaşımı da, qızımı da yoxluğuma hazırlayırdım" - Fotolar

"Beş yaşlı qızımı da öyrəşdirirdim, deyirdim ki,ata müharibəyə gedəcək"

"O da mənə arada sual verirdi ki, ata, müharibəyə nə vaxt gedirsən?"

Vətən savaşında cəbhəyə yollananlar arasında jurnalistlərimiz də var idi. Onlar bu dəfə haqlarımızı qələmlə deyil, silahla müdafiə etdilər. Ərazi bütövlüyümüz, xalqımızın rifahı uğrunda canla-başla cəbhəyə yollandılar. Qələmini süngüyə dəyişənlərin sırasında “Oxu.az”ın əməkdaşı Aqşin Kərimov da var. O, “Sherg.az”a müsahibəsində 44 gün ərzində yaşadıqları, qələbə ilə evə döndüyü an keçirdiyi hissləri açıqlayıb.

-Müharibə başlayarkən siz də ordu sıralarında oldunuz, könüllü olaraq getmişdiniz?

- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən çağırış vərəqi gəlmişdi. Buna qədər özümü müharibəyə hazırlayırdım, fiziki hazırlıq səviyyəmi daha da qaldırmışdım. Müharibə filmlərinə daha da çox baxırdım ki, psixoloji hazırlığıma təsir göstərsin. Mənə “Aqşin, müharibə olsa, gedəcəksən?” kimi suallar çox verilirdi, həmişə “hə” cavabını verirdim. Düzü, artıq vaxtın yetişdiyini hiss edirdim, özümü müharibədə görürdüm.

Yadıma gəlir, idman edərkən daha çox döyüş üçün lazım olan hərəkətləri edirdim – yerdə sürünmək, özünü tullayıb yerə atmaq və sair. Nəhayət zaman yetişdi və gözlədiyim kimi məni müharibəyə çağırdılar, bu çağırışdan kənarda qalmaq mənim üçün əskiklik olardı. Mən “kimdən artığam ki, getmirəm” demirdim, “kimdən əskikəm ki, müharibəyə yollanmıram” deyə düşünürdüm.

- Müharibədən əvvəl jurnalist kimi cəbhə bölgəsində olmuşdunuz?

- İyulda Tovuz döyüşlərində media nümayəndəsi kimi iştirak etmişdim. Tovuz döyüşləri, bəlkə də, mənim üçün həm də müharibə sınağı idi. Çünki orada da neçə dəfə təhlükə altında olduq, mərmilər yaxınlığımıza düşdü. Artilleriya atəşlərinə qulaqlarım alışdı, özü də bu dəfə poliqonda yox, real döyüş meydanında. Sonradan bu mənə müharibə zaman psixoloji üstünlük də verirdi, yəni mərmi səsləri eşidəndə çox soyuqqanlı davranırdım, ancaq ehtiyatı da əldən vermirdim.

- Gedişinizi ailəniz necə qarşıladı?

- Ailəmə də, atama da, anama da demişdim ki, müharibə başlasa, cəbhəyə gedəcəyəm. Yoldaşımı, qızımı da yoxluğuma hazırlayırdım, ən azından müvəqqəti yoxluğa. Beş yaşlı qızımı da öyrəşdirirdim, deyirdim ki, ata

Döyüşdən gələn var !- "Yoldaşımı da, qızımı da yoxluğuma hazırlayırdım" - Fotolar

müharibəyə gedəcək. O da mənə arada sual verirdi ki, ata ermənilərlə nə vaxt müharibəyə gedirsən? Hamısına soyuqqanlı olmağı demişdim. Çağırış vərəqi gələndə artıq vaxtın yetişdiyini dedim, görüşdüm, qucaqladım hamısını, başıma nə gələcəyini bilməsəm də, ürəklə, böyük şövqlə cəbhəyə yollandım. Müharibə olduğundan cəbhə xəttinə yaxınlaşdıqca topların, raketlərin səsi bizi müşayiət edirdi.

- Bir az da döyüş yolunuzdan danışaq...

- Döyüş yolum Ballıqaya, Murov istiqamətində keçdi. Tarix yazılmasına şahidlik etmək, o tarixin bir parçası olmaq böyük fəxrdir. Hərbi hissənin bölmələri Talış, Suqovuşan istiqamətində idi. Müharibə çətinlikdir, dözüm tələb edir, hər şeyə hazır olmalısan. Hətta 10 saniyə sonra başına nə gələcəyini bilmirsən. Oturduğun, yemək yediyin, ya da yatdığın yerdə artilleriya atəşi səni haqlayır.

 

-Sağ qaldığını hansı səbəblə əlaqələndirirsən – qismətlə, yoxsa düzgün qorunmağınla?

-Məncə qismətdir. Taledən söz düşmüşkən, bir məqamı da deyim.

Müharibədən sonra minaya düşərək şəhid olan polkovnik Babək Səmidli bizi psixoloji olaraq döyüşə hazırlayarkən deyirdi:

- Ya şəhid olacaqsınız, ya qazi , ya da döyüşüb evinizə salamat qayıdacaqsınız. Şəhid olmaq isə ən böyük zirvədir, hər adama qismət olmur. Qarşımızda çıxışı hamımızı daha da ruhlandırırdı. Elə oldu ki, özü ən böyük zirvəyə yüksəldi.

- Müharibədə yaşadıqlarınızı yazmağı düşünürsünüzmü?

- Bəli, belə bir planım var.

- Həm jurnalist, həm də döyüşçü kimi Vətən müharibəsində iştirak etmək necə hissdir?

- Təsəvvür edin, müharibədə jurnalist olduğuma görə, hamı mənə yaxınlaşır, ağzımdan qələbə xəbərini eşitmək istəyirdi. “Sən jurnalistsən də xəbərin olar” deyə bildirirdilər. Mən isə burada əsgər olduğumu, onlar kimi xəbərsiz olduğumu söyləyirdim.

Bir tərəfdən də xoş hiss idi, çünki hamı sənə yaxınlaşır, sual verir, müzakirələr açmaq istəyir və səni dinləyir. Axı jurnalistsən.

- Döyüş zamanı heç vaxt unuda bilməyəcəyiniz hansı hadisəni danışa bilərsiniz?

- Yalnız birini deyəcəyəm. Müharibə bitən gün biri atama zəng edib. Gecə olduğuna görə, atam çox narahat olub, deyib ki, yəqin Aqşinin “qara xəbərini” verəcəklər. Özü də ürəyi xəstədir. Həyəcanla telefonu açıb. Zəng edən adam “əmi təbrik edirəm, müharibə bitdi” deyib, telefonu söndürüb. Atam nə qədər geri zəng etsə də, telefonu qapalı olub.

Televizoru açıb, görüb ki, Prezident xalqa müraciət edir, zəfər çaldığımızı deyir.

Səhəri gün həmin nömrəyə zəng edib, adam açıb, deyib ki, əmi bağışla, nömrəni səhv yığmışdım. Atam isə ona təşəkkür edib, deyib ki, nə bağışla, sən mənə dünyanın ən yaxşı xəbərini vermisən.

- Ailəniz tərxis olunub gələndə sizi necə qarşıladı?

- Xalqımızın ənənəsi var, kimsə uzaqdan ya da təhlükəli yerdən gələndə onun qarşısında yaxınları qurban kəsir. Qurban kəsildi, atam, anam, yoldaşım, qardaşım, kövrəldi, qucaqlaşdıq...

- Yəqin ki, döyüşçü olmaq jurnalist olmaqdan daha çətin idi...

- Təbii ki, döyüşçü olmaq üçün verilən tələblər bir başqadır.

- Qələbə xəbəri sizə necə deyildi?

- Hücuma keçdiyimiz zaman qələbə xəbəri gəldi. İnanmırdıq. Nədənsə müharibə zamanı həmişə düşünürdüm ki, gözləmədiyim bir zamanda gözlənilməz bir hadisə olacaq. Elə də oldu. Çox çətin relyefdə hücuma keçəcəyimiz ərəfədə müharibənin bitdiyi xəbərini aldıq, hücum əmri geri götürüldü.

 

Söhbətləşdi: Yeganə Bayramova

Mənbə: sherg.az