Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma aşkarlanıb

Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma aşkarlanıb

Allahverdi Musayev deyir ki, uşaqlar arasında virusa yoluxmadan sonra ağırlaşma olsa belə, ölüm halları indiyədək olmayıb
"Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma halları aşkarlanıb". Bu barədə Sputnik Azərbaycan-a eksklüziv açıqlamasında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev məlumat verib. O bildirib ki, COVID-19-a yoluxmaya 10 yaş üzərində uşaqlar arasında rast gəlinib. A. Musayevin sözlərinə görə, COVID-19 xəsəliyinə yoluxma xəstəxanaya başqa xəstəliklərlə əlaqədar müraciət edən uşaqlarda koronavirusa görə müayinə aparılarkən aşkarlanıb:
"Hansısa bir uşaq xəstəxanaya əməliyyat üçün gəldikdə bu sırada onda qarın ağrısı, qusma olduqda, eləcə də bağırsaq infeksiyası keçirdikdə, müayinələr aparılır. O zaman məlum olur ki, həmin uşaqda COVID-19 pozitivdir. Yaxud da müayinələr zamanı məlum olur ki, həmin uşaq artıq COVID-19 xəstəliyini keçirib. Bu zaman biz uşağın xəstəxanaya qəbul edilib-edilməməsi barədə qərar veririk".
A.Musayev deyib ki, Azərbaycanda 10 yaşın üzərində uşaqlarda koronavirusun ağırlaşması hallarına da rast gəlinib: "Virusun təsir etdiyi bir sindrom var. Virusu keçirdikdən sonra ürəkdə, böyrəkdə, bağırsaqda ağırlaşmalar olur, qaraciyər zədələnir.
Bu hallara çox nadir olsa da, rast gəlinir. Amma uşaqlar arasında virusa yoluxmadan sonra ağırlaşma olsa belə, ölüm halları indiyədək olmayıb. İndiyə qədər bizdə 10 yaşdan yuxarı 10-a qədər (12, 13, 14 yaş aralığında) uşaqda ağırlaşma qeydə alınıb. Onlar sağalaraq evə göndəriliblər. Düzdür, o uşaqlar ağır vəziyyətdə xəstəxanaya daxil olublar. Amma onlar sağalaraq evə buraxılıblar. Uşaqlar arasında koronavirusdan ölüm halı qeydə alınmayıb".
A.Musayev bildirib ki, immun sistemi zəif olan uşaqlarda virusa yoluxmanın ağırlaşacağı ehtimal olunsa da, praktikada buna çox rast gəlinmir.

Mənbə: gundeminfo.az