Polşada abortlarla bağlı qanun sərtləşdirilib

Polşada abortlarla bağlı qanun sərtləşdirilib

Polşada "Abortlar haqqında" qanunun sərtləşdirilməsi barədə Konstitusiya Məhkəməsinin qərarı qüvvəyə minib.

Open.az “Guardian”a istinadən xəbər verir ki, artıq polyak qadınlar hamiləliyi yalnız təcavüz, insest hallarında, həmçinin həyat və sağlamlığa təhlükə olduğu təqdirdə dayandıra biləcək.

Qərara əsasən, döldə ağır patologiya aşkarlansa belə abort etmək qadağandır. Belə ki, ölkədəki abortların mütləq əksəriyyəti (98 %) məhz bu səbəbə görə baş tutub. Nəşr qeyd edir ki, beləliklə, Polşa faktiki olaraq abortları yasaqlayıb.

Bildirilib ki, qərar hələ ötən ilin oktyabrında qəbul edilib, lakin kütləvi etirazlara görə onun qüvvəyə minməsi ertələnib. 2020-ci ilin payızında abortlara qadağanın ləğv edilməsini tələb edən 400 min sakin küçələrə axışmışdı.

Qeyd edək ki, Polşada abortlarla mübarizə hələ 2015-ci ildə mühafizəkar Haqq və Ədalət Partiyasının hakimiyyətə gəlişi ilə başlanıb.

Mənbə: open.az