Çində alimlər gənələr vasitəsilə yayılan yeni virus aşkarlayıblar. ALTNV adlandırılan virus güclü qızdırma, halsızlıq və mədə-bağırsaq problemlərinə səbəb ola bilər.
Xarici mediaya istinadla xəbər verilir ki, təqiqatçılar gənə dişləməsindən sonra hərarəti yüksələn 3163 nəfərin analizlərini araşdırıblar, nəticədə onların 329-da, yəni 10,4 faizində ALTNV müəyyən edilib.
Yoluxma halları Çinin Henan, Hubey, Anhoy və Şandun əyalətlərində qeydə alınıb.
ALTNV-nin aşkarlanmasına alimlərin daha əvvəl məlum olan başqa təhlükəli gənə virusunu – Dabi virusunu (DBV) araşdırması səbəb olub. Bu virus ağır qızdırma və qanda trombositlərin azalması ilə müşayiət olunan sindromla əlaqələndirilir.
Mütəxəssislər müşahidə ediblər ki, DBV-yə xas simptomları olan xəstələrin təxminən 30 faizində test nəticəsi mənfi çıxıb. Daha ətraflı araşdırma zamanı Orthonairovirus cinsinə aid ALTNV adlı başqa törədici aşkarlanıb. Alimlərin məlumatına görə, bu virusa yoluxmanın məlum olan ən erkən halı 2009-cu ilə təsadüf edir.
ALTNV hansı simptomlara səbəb olur?
Yalnız ALTNV-yə yoluxduğu müəyyən edilən 56 xəstənin vəziyyəti ətraflı öyrənilib. Əsas simptom qızdırma olub. Xəstələrin 84 faizi güclü yorğunluqdan, 80 faizi isə mədə-bağırsaq problemlərindən şikayət edib.
Yoluxanların 38 faizində trombositopeniya, yəni qanda trombositlərin sayının azalması aşkarlanıb. Trombositlərin azalması qanaxma riskini artıra bilər. Lakin alimlər bunun ALTNV-yə yoluxan bəzi xəstələrdə niyə baş verdiyini hələ müəyyən edə bilməyiblər.
Yalnız ALTNV-yə yoluxan xəstələr arasında ölüm halı qeydə alınmayıb.
İki virusa eyni vaxtda yoluxmaq daha təhlükəli olub
Araşdırmada 38 nəfərin eyni anda həm ALTNV, həm də DBV-yə yoluxduğu müəyyən edilib. Bu xəstələrdə xəstəlik daha ağır keçib, tənəffüs problemləri və böyrək funksiyalarının pozulması müşahidə olunub.
Bu 38 xəstədən 7-si həyatını itirib. Bu, 18,4 faiz ölüm göstəricisi deməkdir. Tədqiqatçılar DBV ilə yanaşı ALTNV-yə yoluxmanın xəstəliyin ağırlığını artıra biləcəyini düşünürlər.
Hazırda nə ALTNV, nə də DBV üçün xüsusi müalicə mövcuddur.
Virusu hansı gənə yaya bilər?
Yeni virusun mümkün daşıyıcısını müəyyən etmək üçün alimlər Çinin 15 əyalətindən toplanan təxminən 47 min gənəni də araşdırıblar. ALTNV ümumilikdə gənələrin 1,3 faizində aşkarlanıb. Asiya uzunbuynuzlu gənələrində isə bu göstərici 1,75 faiz olub.
Alimlər məhz Haemaphysalis longicornis növünü yeni virusun ən ehtimal olunan daşıyıcısı hesab edirlər. Laboratoriya təcrübələri də həmin gənələrin ALTNV-ni siçanlara ötürə bildiyini göstərib.
Asiya uzunbuynuzlu gənəsi artıq yalnız Asiyada yayılmır. Bu növ ABŞ-da ilk dəfə 2017-ci ildə aşkarlanıb və hazırda 21 ştatda qeydə alınıb. Gənəyə Avstraliya və Yeni Zelandiyada da rast gəlinib.
Bununla belə, alimlər vurğulayırlar ki, gənənin ABŞ-da yayılması ALTNV virusunun da orada dövr etməsi demək deyil. Hazırda virusun ABŞ-da olub-olmadığı məlum deyil.
Mənbə: lent.az