Dərslərə az qalmış Bakıda yollar bağlandı: Sakinlər NARAZIDIR – AAYDA-dan açıqlama

Dərslərə az qalmış Bakıda yollar bağlandı: Sakinlər NARAZIDIR –   AAYDA-dan açıqlama

Son günlər Bakının bir sıra ərazilərində yol təmiri işləri aparılır. Belə ki, Binəqədi rayonunda Gülməmməd Ramazanov küçəsi, 8 Noyabr prospektinin müəyyən hissələri, Yeni Günəşli və digər ərazilərdə həyata keçirilən işlər zamanı nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Xüsusilə yeni tədris ilinin başlamasına az müddət qalmış bəzi küçə və yolların təmirə bağlanması sakinlərin narazılığına səbəb olub.

Onların işlərin vaxtının düzgün seçilmədiyini və bu səbəbdən şəhərdə nəqliyyat yükünün artdığını bildirirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Binəqədi rayonunda və 8 Noyabr prospektində təmir işləri artıq yekunlaşdırılıb. Yeni Günəşlidə isə işlər davam etdirilir.
Qurumdan qeyd olunub ki, təmir proqramına iyunun 15-dən başlanılıb. Yay tətili müddətində işlərin sürətləndirilməsi üçün tədbirlər gecə-gündüz, o cümlədən istirahət və bayram günlərində aparılıb.
Bildirilib ki, yeni tədris ili öncəsi paytaxtın mərkəzi hissəsində təmir işləri yekunlaşdırılıb – ümumilikdə 65 küçə və prospekt yenilənib:
“Proqrama əsasən ümumilikdə 110 küçə və prospektdə təmir işlərinin aparılması nəzərdə tutulub. Əsas məqsəd yeni tədris ili başlamazdan əvvəl nəqliyyat hərəkətinin daha intensiv olduğu mərkəzi küçə və prospektlərdə işlərin yekunlaşdırılması olub”.
Agentliyin məlumatına görə, Yasamal, Nərimanov, Səbail, Nəsimi və Xətai rayonlarında əsas təmir işləri tam yekunlaşdırılıb. Nizami rayonunda isə işlərin böyük hissəsi başa çatdırılıb:
“Beləliklə, paytaxtın mərkəzi hissəsində və nəqliyyat intensivliyinin yüksək olduğu əsas küçə və prospektlərdə təmir işləri yeni tədris ilinin başlanmasına qədər tamamlanıb.
Hazırda proqram çərçivəsində nəzərdə tutulan 110 küçə və prospektdən 65-də təmir işləri tam yekunlaşdırılıb.
Növbəti mərhələdə işlər nəqliyyat intensivliyinin nisbətən aşağı olduğu şəhərətrafı ərazilərdə davam etdirilir. Sabunçu, Xəzər, Pirallahı, Suraxanı, Binəqədi və Qaradağ rayonlarının ərazilərində yerləşən küçə və yollarda təmir işləri mərhələli şəkildə həyata keçirilir.
İşlərin təşkili zamanı nəqliyyat vasitələrinin hərəkətinə mümkün qədər az təsir göstərilməsinə xüsusi diqqət yetirilir. Texnoloji prosesin imkan verdiyi hallarda təmir işləri hərəkət tam dayandırılmadan və ya qismən məhdudlaşdırılmaqla icra olunur. Tam məhdudiyyətin zəruri olduğu mərhələlərdə isə nəqliyyat vasitələrinin alternativ yollara yönləndirilməsi təmin edilir”.
Qurum şəhərətrafı ərazilərdəki təmir işlərinin də yaxın müddətdə mərhələli şəkildə yekunlaşdırılacağını açıqlayıb:
“Proqramın icrası ilə qısa müddət ərzində Bakı şəhəri və şəhərətrafı ərazilərdə 110 küçə və prospekt üzrə rahat və təhlükəsiz hərəkət şəraitinin təmin olunması nəzərdə tutulur. Miqyasına görə paytaxt üzrə son illərin ən geniş təmir proqramlarından biri olan bu layihənin əsas hissəsi yay ayları ərzində icra edilib və hazırda proqram yekun mərhələsinə daxil olub”.

Mənbə: www.bakupost.az