“Mixaylo” ləqəbli döyüşçü: “Şuşada 5 saat yaralı halda döyüşüb”

Qəhrəmanlar ölmürlər, onlar əbəbiyyən yaşayırlar. Bəzən başqa simada, görkəmdə dünyaya yenidən gəlirlər. Ya da hamısı bir-birinə bənzərdir deyə belə düşünürük. Hələ Azərbaycan kimi ərənlər diyarında igidlər tükənməz. Bir ölüb min dirilərik. Məsələn Vətən müharibəsində sona qədər savaşan bir igid var. Onun adı da, ayaması da bizə tanışdır. O, şəhid Mehti Şixəliyevdir, ləqəbi də “ Mixaylo”. Bu ismi daşıyan iki qəhrəmanımız: biri İkinci Dünya müharibəsində şücaət göstərən Mehdi Hüseynzadə, digəri Vətən savaşında qəhrəmancasına şəhadətə ucalan Mehti Şixəliyev.

 

Gəlin, 21-ci əsrin Mixaylosunu yaxından tanıyaq.

 

Mehti Yalçın oğlu Şixəliyev 16.02.19916-cı il tarixində Hacıqabul rayonunun Meyniman kəndində dünyaya göz açıb. Orta məktəbi doğma kəndində oxuyub. 2014-cü ildə hərbi xidmətə yola düşüb. Əsgərliyini Tərtər bölgəsinin Çaylı kəndində Həsənqaya postu deyilən ərazidə keçirib. O, nizam-intizamlı, çalışqan olması ilə daim seçilib. Sonra Xüsusi Təyinatlı Qüvvələrin 100 ballıq sınağından , 96 göstərici ilə 6 aylıq kursa qəbul olunub. Müddətdən artıq hərbi qulluqçu kimi XTQ-nin funksiyalarını və vəzifələrini yüksək səviyyədə mənimsəyib. Cəlilabad rayonunun Göytəpə qəsəbəsində “N” saylı hərbi hissədə xidmətə başlayıb. Gürcüstanda 1 aylıq ixtisas kursundan keçib. “Aprel” döyüşlərində də ən öndə savaşıb. Mehti “ Cümhuriyyətin 100 illiyi yubileyi” medalı ilə təltif olunub. Qəhrəmanımız bir neçə il öncə gizir rütbəsinə layiq görülüb.

Vətən savaşında “Spayk” adlı tank əleyhinə ağır qurğunu təkbaşına dağa qaldırıb, onlarla erməni qulluqçusunu məhv edib. Onunla çiyin-çiyinə döyüşən dostları deyir ki, Şuşada silahdaşlarını xilas edərkən minamyot Mehtinin yanında partlayıb, qəlpə yarası alaraq, qələbəyə saatlar qalmış şəhadətə ucalıb.

“Sherg.az”la həmsöhbət olan Mehtinin anası Şəlalə xanım oğlu ilə müharibə zamanı danışdıqlarını xatırlayır:

-Cəmi 3 dəfə əlaqə yarada bildi. Son söhbətimiz oktyabrın 20-i oldu. Müharibədən heç nə danışmazdı, sirr verməzdi. Ümumiyyətlə , Mehti sirr saxlayan uşaq idi, işi də ondan bunu tələb edirdi. Təkcə özümüzdən muğayat olmağımızı istəyirdi.

-Yəqin döyüş yoldaşları şəhadətindən sonra sizinlə onun haqqında danışdılar...

-Bəli, onlar Mehtinin əsl qəhrəman olduğunu söyləyirlər. Amma işi ilə bağlı nə isə demədiyi üçün biz bilmirdik. Mehti bütün döyüşlərdə iştirak edib, sona qədər savaşıb. Ona bir orden, bir neçə medal verilib. Fikrimcə, yenə medallara layiq görüləcək.

- Silahdaşları Mehtinin müharibədəki şücaətindən nələr dedilər?

-Bizə gələnlər onunla axıra kimi savaşa bilməyiblər, yaralanıblar. Biri dedi ki, o, yarlanana qədər Mehti 10 erməni tankını vurub. Sonda taqım komandiri olub. Şuşada yaralanmasına baxmayaraq, 5 saat döyüşüb. Deyirlər, qan axmadan dünyasını dəyişib.

-Bəs hərbçi olmağa necə qərar verib?

-Onun uşaqlıq arzusu idi. Hələ yeniyetmə vaxtlarından diləyirdi. Özü də Xüsusi Təyinatlı qüvvələri istəyirdi. Arzusuna da çatdı. Lakin tale elə gətirdi ki, Mehti qəhrəmancasına Şuşada şəhid oldu.

-Bir övlad kimi hansı xüsusiyyətləri ilə yadınızda qalıb?

-Çox gözəl, ağıllı, həm də dəcəl uşaq idi. Pisi yaxşıdan ayırd edə bilirdi. Uşaq vaxtı yalnız tapança ilə müharibə oyunları oynayırdı. Aza qane olurdu, evdəki vəziyyəti başa düşürdü. İdmanı, “turnik”də məşq etməyi,üzməyi, karateni çox sevirdi. Dərslərini da yaxşı oxuyurdu. Hər kəsdən seçilirdi, fərqli idi. Yadıma gəlir, o vaxt özünə “turnik” düzəltmişdi. Elə hər şey ordan başladı. Bir də xarici musiqiləri xoşalırdı. Ən çox Anriq İqlesiyası dinləyirdi.

-Ləqəbi də “ Mixaylo” olub. Səhifəsinə elə yazmısız.

-Hə, uşaqlıqdan Mixaylo deyirdik.

-Həyata keçirə bilmədiyi bir arzusu varmı?

-Onun xəyalları çox idi. Özünə şəhərdən ev alıb, ailə qurmaq fikrində idi. Sevdiyi vardı, mənə demişdi. Biz Mehti ilə həm də dost, sirdaş kimi idik. Ailədə ən çox bir-birimiz bağlı olmuşuq. Ən çox məni istəyirdi, elə mən də onu. Ona görə bacı və qardaşları Mehtini qısqanırdılar. Qeyd edim ki, onun hərbçi olmağında da dəstəyim var.

-Şəlalə xanım, sonda oğlunuzla bağlı yadınızda qalan bir xatirəni bölüşə bilərsinizmi...

- Ona hələ az yaşında qeyrətli olmağı öyrətmişdim. Bizim məhəllədə qız uşaqları böyüyürdü. Bir dəfə sual verdim, dedim, Mehti küçədəki qızlar sənin bacılarındı, bilirsən? Qayıtdı ki, ana, şübhəsiz elədir. Həmişə Mehti onların qeyrətini çəkdi. Bir dəfə də söylədim, istəyirəm ki, hər kəndə gələndə, səni yaxşı mənada barmaqla göstərsinlər ki, o, Yalçının, Şəlalənin oğludur. Bu söz onun yadında qalıb. Kursu keçəndən sonra zəng elədi ki, xatırlayırsanmı, o vaxt mənə belə demişdin. İndi kursu keçdim, kəndə istədiyin kimi anacaqlar məni.

Allah rəhmət eləsin...

 

Qeyd edək ki, Mehti Şixəliyev ölümündən sonra “ Qarabağ” ordeni və “Vətən uğrunda”, “ Cəbrayılın azad olunmasına görə”, “ Füzulinin azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” medelları ilə təltif olunub.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

“Amazon” şirkətində çalışan azərbaycanlı Yaşar Əhmədov - VİDEO

SONRAKI XƏBƏR

Rusiyalı ekspert: "ATƏT-in Minsk qrupu əhəmiyyətini itirib"