Hər kəs özünü haqlı sayır, bəs cəmiyyət niyə uzlaşa bilmir?

Hər kəs özünü haqlı sayır, bəs cəmiyyət niyə uzlaşa bilmir?
“Gündəlik həyatda fikir ayrılıqları, mübahisələr və qarşılıqlı iddialar əvvəllər də mövcud olub. Lakin bu hallar əsasən insanlar arasında birbaşa ünsiyyət zamanı meydana çıxır və geniş çevrəni əhatə etmirdi.
Bu gün isə sosial şəbəkələrin yayılması ilə vəziyyət dəyişib. İnsanların sosial platformalarda öz status və mövqelərini nümayiş etdirməsi, xüsusilə də fərqli fikirlərə qarşı reaksiyaların artması daha çox müşahidə olunur. Diqqət çəkən məqamlardan biri də budur ki, bu münasibətlər həm qadınları, həm də kişiləri əhatə edir. Sosial tədqiqatlarda və müxtəlif nəzəriyyələrdə kişilərin daha çox aqressiv davranış və mövqe nümayişi ilə, qadınların isə səmimiyyət, yumşaqlıq və kompromisə meyilliliklə əlaqələndirildiyi yanaşmalar mövcuddur.
Lakin sosial şəbəkələrin genişlənməsi qadınların cəmiyyətdəki status və rollarına da təsir göstərir. Burada söhbət yalnız fərdi statusdan deyil, insanların cəmiyyətdə mövqelərini gücləndirmək istəyindən də gedir. Qadınların sosial sahələrdə daha fəal iştirakı və fərqli statuslar qazanması ilə münasibətlərdə müəyyən dəyişikliklər baş verir. Bu baxımdan qadın və kişi rollarına aid edilən xüsusiyyətlərin sosial münasibətlərə təsiri də müzakirə mövzusuna çevrilir”.

Bu barədə Sosial-Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin sədri, AMEA Fəlsəfə və Sosiologiya institutunun aparıcı elmi işçisi sosioloq Hüseyn İbrahimov deyib.

Qeyd edək ki, gündəlik həyatda adi fikir ayrılıqları belə bəzən mübahisəyə, qarşılıqlı ittihamlara və münasibətlərin pozulmasına gətirib çıxarır. İnsanlar çox vaxt qarşı tərəfi anlamağa çalışmaq əvəzinə öz mövqeyini müdafiə etməyə üstünlük verir. Xüsusilə sosial şəbəkələrdə fərqli fikirlərə sərt reaksiyalar, təhqirlər və qarşılıqlı ittihamlar diqqət çəkir.

Sosioloq qeyd edib ki, mehribanlıq, səmimiyyət və kompromisə meyillilik yalnız qadınlara, aqressivlik isə yalnız kişilərə aid xüsusiyyətlər deyil.

“Bu gün həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində insanların sosial münasibətlərində müşahidə olunan gərginliklər mübahisələrin ailə və məişət mühitindən tutmuş ictimai həyata qədər müxtəlif sahələrdə üzə çıxmasına səbəb olur. İnsanların fərqli fikirlərə sərt reaksiya verməsi, qarşı tərəfi təhqir etməsi və onun mövqeyini anlamadan mühakimə yürütməsi münaqişələri daha da dərinləşdirir. Bəzən insanlar qarşı tərəfin hansı səbəbdən müəyyən fikir səsləndirdiyini araşdırmadan emosional reaksiyalar verirlər.

Bu hallar xüsusilə gənclər arasında daha çox diqqət çəkir. Sosial şəbəkələrdə mövqe nümayiş etdirmək, mübahisələrə qoşulmaq və qarşı tərəfə aqressiv münasibət göstərmək bəzən insanların sosial statuslarını təsdiqləmək vasitəsinə çevrilir. Belə yanaşma isə fikir ayrılıqlarının sağlam müzakirə çərçivəsindən çıxaraq qarşıdurmaya çevrilməsinə şərait yaradır. Mövcud vəziyyətin səbəblərindən biri sosial şəbəkələrdən istifadə mədəniyyətinin yetərincə formalaşmamasıdır.

Onlayn mühitdə davranış qaydalarına əməl etmək, şəxsi sərhədləri qorumaq və hər paylaşıma reaksiya verməmək bu mədəniyyətin əsas elementlərindəndir. İnsanların sosial şəbəkələrdə saatlarla vaxt keçirməsi, tanımadıqları şəxslərin şəxsi həyatına aid paylaşımları izləməsi və əhəmiyyətsiz hesab edilə biləcək məsələlər ətrafında mübahisələrə qoşulması problemin bir hissəsidir. Təbii ki, cəmiyyətin və dövlətin maraqlarına toxunan məsələlərlə bağlı sosial fəallıq göstərilməsi müsbət haldır. Lakin ailə və məişət həyatına aid fərdi paylaşımların mütəmadi müzakirə obyektinə çevrilməsi, insanların şəxsi həyatına müdaxilə edilməsi və bu mövzular ətrafında qarşıdurmaların yaradılması arzuolunan deyil. İnsanlar sosial şəbəkələrdə gördükləri hər məlumata münasibət bildirmək məcburiyyətində olmadıqlarını anlamalıdırlar. Bəzi istifadəçilər paylaşım etməklə və müzakirələrdə fəal iştirak etməklə öz sosial mövqelərini gücləndirəcəklərini düşünürlər. Bu isə sosial-psixoloji və emosional amillərlə bağlıdır.

Şəxsi məsələlərlə əlaqəli paylaşımlar ətrafında yaranan ziddiyyətli fikirlər insanların aqressivliyini artıra, qarşılıqlı münasibətlərdə həssaslığı gücləndirə bilər. Buna görə də mübahisə mədəniyyətinin qorunması üçün insanların lazımsız müzakirələrə qoşulmaqdan çəkinməsi və vaxtlarını daha səmərəli fəaliyyətlərə yönəltməsi vacibdir. Əslində, mübahisə hər zaman qarşıdurma ilə nəticələnməməli, tərəflərin bir-birini dinləməsinə və mümkün kompromisin əldə olunmasına şərait yaratmalıdır. İctimai əhəmiyyət daşıyan məsələlər ətrafında aparılan müzakirələrdə fərqli mövqelərin səsləndirilməsi təbiidir. Əsas məsələ fikir ayrılıqlarının qarşılıqlı hörmət çərçivəsində müzakirə olunmasıdır. Əgər mübahisə zamanı məqsəd qarşı tərəfi anlamaq deyil, onu alçaltmaq və öz mövqeyini zorla qəbul etdirməkdirsə, bu, mübahisə mədəniyyətinin zəiflədiyini göstərir. Nəticədə cəmiyyətdəki sosial münasibətlər də bundan mənfi təsirlənir.

Son dövrlərdə bu cür mübahisələrin ailə münasibətlərindən təhsil mühitinə qədər müxtəlif sahələrdə, xüsusilə yeniyetmələr və gənclər arasında artması narahatlıq doğurur. Bu baxımdan uşaqların və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair yaş məhdudiyyətləri və valideyn razılığı kimi məsələlər də aktuallıq qazanır. Yeniyetmələr və gənclər sosial medianın ən fəal istifadəçiləri arasındadırlar və burada uzun müddət vaxt keçirmələri onların ünsiyyət tərzinə, davranışlarına və fərqli fikirlərə münasibətinə təsir göstərə bilər.

Bu yaş qrupunun sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi, onlayn davranış mədəniyyətinin formalaşdırılması və rəqəmsal asılılığın azaldılması kompleks yanaşma tələb edir. Çünki sosial medianın təsiri yalnız mübahisə mədəniyyəti ilə məhdudlaşmır, gənclərin ümumi davranışlarına və sosial münasibətlərinə də sirayət edir. Sosial şəbəkələr insanların fikir və davranışlarının formalaşmasına məktəb, kitab və digər tərbiyə mühitləri qədər, bəzi hallarda isə daha güclü təsir göstərə bilər. Buna görə də yeniyetmələrin sosial platformalara çıxışının yaşa uyğun şəkildə tənzimlənməsi, onların rəqəmsal savadlılığının artırılması və sağlam ünsiyyət vərdişlərinin aşılanması müsbət addımlar kimi qiymətləndirilə bilər. Bütün bunlar cəmiyyətdə mübahisə mədəniyyətinin qorunmasına və insanlar arasında daha sağlam münasibətlərin formalaşmasına kömək edə bilər”.

Mənbə: www.aznews.az