Azərbaycanda nikahların sayı kəskin azalıb - Sosioloq səbəbləri açıqladı

Azərbaycanda nikahların sayı kəskin azalıb -

Azərbaycanda nikahların sayı azalmağa, nikaha daxil olanların orta yaşı isə artmağa davam edir.
Rəsmi məlumata görə, 2025-ci ildə ölkədə 48 546 nikah və 20 675 boşanma qeydə alınıb. Nikahların sayı əvvəlki illə müqayisədə 1,9%, boşanmalar isə 3,3% azalıb.

2011-ci illə müqayisədə nikahların sayı 44,9% azalıb, boşanmaların sayı isə 92,4% artıb. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 9,7-dən 4,7-yə enib, boşanmaların sayı isə 1,2-dən 2-yə yüksəlib.
Nikaha daxil olanların orta yaşında da artım müşahidə edilir. 2000-ci ildə nikaha daxil olan qadınların orta yaşı 23.6, kişilərin isə 28,4 idi. 2025-ci ildə isə nikaha daxil olan qadınların orta yaşı 25,1, kişilərin isə 30,1 olub.
Statistik göstəricilər Azərbaycanda nikahların sayının uzunmüddətli dövrdə əhəmiyyətli dərəcədə azaldığını, boşanmaların sayının isə əvvəlki dövrlərlə müqayisədə yüksək səviyyədə qaldığını göstərir.
Mövzu ilə bağlı danışan sosioloq, Fəlsəfə və Sosiologiya İnstitutunun dosenti Hüseyn İbrahimov bildirib ki, bu problemlərin aradan qaldırılması üçün sosial medianın maarifləndirici fəaliyyətindən əlavə, cəmiyyətdəki digər institutların, xüsusilə ailə institutu ilə əlaqəli qurumların birgə fəaliyyət mexanizmlərinin yaradılmasına ehtiyac var:
"Nəzərə almalıyıq ki, qlobal tendensiyalar fonunda bir çox dəyərlərin cəmiyyətimizə sürətlə sirayət etməsi bütün dünyada olduğu kimi, Azərbaycanda da ailə institutuna və ailə münasibətlərinə təsirsiz ötüşməyib. Xüsusilə ailədaxili rolların bölgüsündə ciddi dəyişikliklər baş verib. Bir sıra tədqiqatlarda qeyd olunur ki, ənənəvi ailə modelində kişilər daha çox status və funksional məsuliyyət daşıyır, qadınlar isə münasibətlərdə səmimiyyətin qorunması və kompromisə nail olunması baxımından mühüm rol oynayırdılar. Son dövrlərdə cəmiyyətimizdə bu bölgüdə də ciddi dəyişikliklər müşahidə edilir. Qadınların ailədə status və məsuliyyət daşımaq funksiyası artıb. Bu dəyişikliklər ailədaxili rolların bərabər bölgüsü v ilə yanaşı, ailənin psixoloji və sosial-demoqrafik xüsusiyyətlərinə də təsir göstərir".
Hüseyn İbrahimovun sözlərinə görə, digər mühüm amillərdən biri gənclərin təhsil almaq məqsədilə xarici ölkələrə üz tutmasıdır:
"Xaricdə təhsilin davam etdirilməsi ilə bağlı göstəricilərin artması gənclərin ailə qurma yaşına da təsir edir. Hazırda gənclər sosial və psixoloji baxımdan özlərini daha hazırlıqlı hiss etməyə, həyatda müəyyən mövqe qazandıqdan sonra evlilik qərarı verməyə üstünlük verirlər. Bir çox ölkələrdə bu proseslərin müxtəlif mərhələlərdən keçdiyini görürük. Buna görə də nikah yaşının 28-30-a yüksəlməsini avtomatik olaraq təhlükəli tendensiya hesab etmək düzgün olmaz. Düzdür, bunun əhalinin təbii artımına müəyyən təsirləri var. Lakin digər tərəfdən, insanın ailə məsuliyyətini dərk etməsi baxımından daha yetkin yaşda nikaha daxil olmasının əhəmiyyəti də böyükdür".
Sosioloq bildirib ki, yarım əsr əvvəl 25-30 yaşlarında olan insanların ailə institutuna münasibəti ilə indiki gənclərin yanaşması arasında ciddi fərqlər mövcuddur:
"Bunun əsas səbəblərindən biri dünyagörüşünün dəyişməsidir. Dünyagörüşü insanın əldə etdiyi hüquqi, dini, siyasi, ekoloji və digər biliklərin məcmusudur. Ailə institutu ilə bağlı biliklər də bu sistemin mühüm hissəsidir. Əvvəlki dövrlərdə ənənəvi ailə modelləri və ailə tərbiyəsi gənclərdə ailə məsuliyyətinin daha erkən yaşlarda dərk olunmasına şərait yaradırdı. İndi isə informasiya axınının həddindən artıq çox olması, sosial şəbəkələrdən intensiv istifadə və onlayn asılılığın yayılması gənclərin ailə məsuliyyəti barədə düşüncələrinin formalaşması prosesinə təsir göstərir. Bəzi hallarda bu proses daha uzun çəkir".
Sosioloqun sözlərinə görə, hazırda ailənin atomizasiyası prosesi də müşahidə olunur. Bu anlayış ailə üzvləri arasındakı emosional, sosial və funksional bağların zəifləməsini, onların getdikcə daha müstəqil və bir-birindən təcrid olunmuş şəkildə yaşamasını ifadə edir.
"Bu mövzu ilə bağlı araşdırmalar aparan Mehriban Qasımovanın fikirlərinə görə, prosesə təsir edən amillərdən biri ailələrin sosial qayğıları, xüsusilə mənzil və yaşayış şəraiti ilə bağlı problemlərdir. Bu çətinliklər gənclərin ailə qurmasını gecikdirə və bəzi hallarda ailələrin dağılmasına səbəb ola bilər.Lakin ailənin kiçik tərkibli olmasını yalnız sosial problemlərlə əlaqələndirmək düzgün olmaz. Yüksək inkişaf etmiş, əhalinin gəlir səviyyəsinin yüksək olduğu ölkələrdə də ailələrdə uşaq sayı azdır. Bəzi ailələrdə ümumiyyətlə uşaq olmur, digərlərində isə bir və ya iki uşaqla kifayətlənirlər. Deməli, burada yalnız maddi vəziyyət deyil, həm də cütlüklərin qarşılıqlı istəkləri və şəxsi seçimləri mühüm rol oynayır.
Digər tərəfdən, həyatın tələbatları əvvəlki dövrlərlə müqayisədə artıb. Valideynlər övladlarının gələcəkdə daha yaxşı təhsil almasını, öz ehtiyaclarını qarşılaya bilməsini və həyatda müəyyən mövqe qazanmasını istəyirlər. Bu səbəbdən bəzi ailələr daha az uşaq sahibi olmağa üstünlük verirlər. Çünki hər bir uşağın qayğısına qalmaq və onun ehtiyaclarını qarşılamaq valideynlərdən daha çox vaxt və resurs tələb edir", - deyə o qeyd edib.
Hüseyn İbrahimov boşanmaların səbəblərindən danışarkən bildirib ki, bu prosesə dünyagörüşünün dəyişməsi, ailədaxili rollarla bağlı fikir ayrılıqları və cütlüklərin nikahdan əvvəl bir-birini kifayət qədər tanımaması kimi amillər təsir göstərə bilər:
"Ailə qurmaqda sevgi mühüm amildir. Lakin sevgi əsasən hisslərə söykəndiyi halda, ailə institutu yalnız hisslərlə idarə oluna bilməz. Ailə qurmaq düşünülmüş, planlaşdırılmış və məsuliyyət tələb edən qərardır. Təsadüfi deyil ki, ailə planlaşdırılması anlayışı mövcuddur. Bu, ailənin qurulmasından əvvəl gələcək həyatın, məsuliyyətlərin və imkanların nəzərə alınmasını əhatə edir. Bu baxımdan düşünürəm ki, gənclər ailə qurmamışdan əvvəl qərarlarını ciddi şəkildə götür-qoy etməli, gələcək həyatlarını, məsuliyyətlərini və bir-birindən gözləntilərini ətraflı müzakirə etməlidirlər.
Boşanmaların artması da cəmiyyətə psixoloji təsir göstərir və bəzi gənclərin evliliyə münasibətini dəyişə bilər. Bütün bu amillər əhalinin say dinamikasına təsir göstərir. Nikah yaşının yüksəlməsi, azuşaqlı ailə modelinə üstünlük verilməsi və boşanmaların artması demoqrafik proseslərdə nəzərə alınmalı məqamlardır".
Sosioloqun fikrincə, müşahidə olunan dəyişikliklərin müəyyən hissəsi cəmiyyətin keçdiyi transformasiya mərhələsi ilə bağlıdır:
"Demokratik cəmiyyətlərdə baş verən dəyişikliklər, qlobal tendensiyalar və ölkələr arasında qarşılıqlı təsirlər ailə münasibətlərinə də təsir edir. Müasir dövrdə həyat tərzi və dəyərlər qlobal xarakter daşıyır, bir ölkədə baş verən dəyişikliklər digər cəmiyyətlərdə də özünü göstərə bilir. Bu dəyişikliklər fonunda boşanmaların artması, nikah yaşının yüksəlməsi və ailələrin uşaq sayının azalması kimi tendensiyalar bəzən müsbət, bəzən isə mənfi nəticələr doğura bilər. Hesab edirəm ki, hazırda cəmiyyəti narahat edən bu proseslər zamanla müəyyən sabitlik mərhələsinə keçə bilər. Gələcəkdə, xüsusilə 2030-cu illərə doğru, dünyagörüşündə və davranış modellərində baş verən dəyişikliklərin müəyyən qədər sabitləşməsi mümkündür. Bununla belə, bu proqnozun özünü doğruldub-doğrultmayacağını zaman və statistik göstəricilər müəyyən edəcək".
Lalə

Mənbə: www.bakupost.az