Məktəblər yenidən bağlanacaq? - “Eyni səhvi təkrarladıq“

Xəbər verdiyimiz kimi, Respublika İncəsənət Gimnaziyasının fəaliyyəti 14 günlük təxirə salınıb. Bu müddət ərzində dərslər onlayn şəkildə tədris olun acaq. Qərarın verilməsinə səbəb qurumda 8 müəllim və bir neçə şagirdin koronavirus testinin müsbət çıxmasıdır.

Digər təhsil müəssisələri də fəaliyyətini dayandıra bilərmi?

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov Yenisabah.az-a açıqlamasında deyib ki, belə bir qərarın verilməsi gözlənilən idi:

“Əslində, bir neçə məktəbdə bu hallar var. Açıqlanmır, amma məndə olan məlumata görə, hətta bir çox məktəblərdə siniflər də bağlanıb. Problemin kökünə baxmaq lazımdır. Gimnaziyanın yerləşdiyi coğrafiya insanların daha çox hərəkət etdiyi yerdi. Oradakı avtobus dayanacağında mən özüm müşahidə aparmışam, insanların sayı olduqca çox olur, bu da təbii ki, yoluxmaya gətirib çıxaracaq. Çünki şagirdlər orada ictimai nəqliyyatdan istifadə edirlər. Biz məktəbləri ona görə açdıq ki, bir çox şagirdin təhsil hüququ bərpa olunsun, çünki evində texniki avadanlıqları olmayanlar var. Həmçinin onlayn rejimdə bütün dərsləri tədris etməyin mümkün olmaması da bu qərarın verilməsində aparıcı rol oynadı. Yoluxma sayına baxsaq, ortada o qədər də ciddi bir rəqəm yoxdur. Amma problem odur ki, biz eyni şeyi edib fərqli nəticə gözləyirik. Yəni 2020-ci ilin sentyabrın 15-dən oktyabrın 15-dək olan müddətdə 49 məktəb, 75 sinifdə yoluxma faktı aşkarlanmış və bağlanmaya gedilmişdi. Biz eyni səhvi yenə təkrarladıq, qaydalara yenə əməl etmədik”.

Ekspert hesab edir ki, məktəblər açılanda yoluxma hallarının yenidən artacağı gözlənilməlidir:

“Çünki dövlət qurumları arasında tamlıq yoxdur. İctimai nəqliyyatda biabırçı vəziyyət var. Məktəbi açıb, metronu açmamaq heç məntiqə sığmır. Çünki Bakının ictimai nəqliyyatı bu qədər insanı daşımaq gücündə deyil. Bakı şəhərində 2 100 avtobus var və o, yalnız 1 milyon insanı götürə bilir. Amma Bakı şəhərində təkcə təhsil alan şagirdlərin sayı 440 mindir. Götürücülük qabiliyyəti yoxdur. Nəzərə alsaq ki, ibtidai siniflərdə təkcə Bakı şəhərində 48 min adam oxuyur və onları məktəbə valideynləri aparır, bu rəqəm 100 minə çatır. Yəni açılmaya getmək əla, doğru qərar ola bilər, amma onu düzgün tənzimləmək lazım idi. Məntiq yoxdur ki, təhsil müəssisəsini açıb, ictimai nəqliyyatda ayrıca məktəbli avtobusları xəttə buraxmırlar”.

Həmsöhbətimiz məktəblərin açılmasının digər bir tərəfdən təhlükəli olmadığını vurğulayıb:

“Məktəblər ona görə açıq qalmalıdır ki, biz yoluxmuş şəxsləri müəyyənləşdirək. Əgər açıq qalmasa, yoluxan şəxslər bu və ya digər yerlərdə insanları yoluxduracaqlar, amma indi həmin şəxslər müəyyənləşib cəmiyyətdən tədric olunur. Koronavirusa qarşı ən yaxşı mübarizə yoluxmuş şəxslərin müəyyənləşdirilməsidir”.

Kamran Əsədov məktəblər yenidən bağlanacağını düşünmədiyini bildirib:

“Amma artıq bizim məhəllədə xalalar danışır ki, martın əvvəlində məktəblər bağlanacaq. Xalalar deyir, rəsmilər də indi az qala onları təsdiqləyir. Amma mən bağlanacağını düşünmürəm. Çünki statistikaya baxdıqda regionlarda yoluxmanın olmadığını görürük. Lakin ötən il sentyabr-oktyabr ayları ərzində Qubada bütöv bir məktəbdə yoluxma vardı. Mən məktəblərin bağlanmasını arzu etməzdim. Buna görə biz dedik ki, məktəblərin giriş və çıxışı müxtəlif olsun ki, sıxlıq yaşanmasın. Divarı iki metr söküb çıxış üçün yer yaratsınlar. Qaydalara riayət edilmir. Düşünürdüm ki, heç olmasa, bu dəfə Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsi məsələlərə daha çevik baxacaq. Amma görünən odur ki, yenə başlı-başına buraxıblar. “Ya vəlvələdən, ya zəlzələdən”, -deyərək əhəmiyyət vermirlər. Dövlət İmtahan Mərkəzi iyun, iyul və avqust aylarında 400 min insanın iştirak etdiyi imtahanlar keçirdi, bir yoluxma halı qeydə alınmadı. Özü də kifayət qədər kütləvi idi. Amma bunlarda hələ 15 gündür məktəbləri açıblar, qaydalara riayət edə bilmirlər, çünki nəzarət mexanizmi yoxdur, ən vacib məsələ budur”.

Sayad HƏSƏNLİ

Yenisabah.az

ƏVVƏLKİ XƏBƏR

Nadir Yalçın Rzazadədən danışdı: “Fəxri Xiyabanı sənə çox gördülər“

SONRAKI XƏBƏR

ABŞ səfirliyi bəyanat yaydı:"Gürcüstan demokratiya yolunda geriyə addım atdı"