Sahil boyu düzülən tarixi binalar, romantik mühit, bir fincan çay… – Günel Yaz İstanbulun incisi BOĞAZDAN YAZIR…

Dünyanın dörd bir yanından Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi və “Safe Tourism” layihəsi daxilində Türkiyəyə üz tutan turistlər içərisində azərbaycanlı jurnalistlərin arasında mən də iştirak edirdim.

“Safe Tourism” proqramı vasitəsilə, İstanbulun həm tarixi, həm də turistik yerlərini görməklə yanaşı, koronavirus epidemiyası əleyhinə ölkədə görülən tədbirləri yaxından görmək və araşdırmaq fürsəti tapdım. Üç günlük səfərim də əfsanəvi şəhər olan İstanbulun gözdə və tarixi məkanlarını, abidələrini, məscidlərini ziyarət edib, tarixi məkanlarını, abidələrini, məscidlərini ziyarət etməyi planlaşdırmışdım.

Və təbii ki, Disneyin cizgi filmlərindəki nağıllar aləminə bənzəyən İstanbul boğazına getmək planlarımın içərisində idi… Və nədənsə, boğaza jurnalist həmkarlarəmla deyil, tək getmək istəyirdim… İstanbulun şıltaq havası demək olar ki, bu istəyimin də gerçəkləşməsinə şərait yaratdı. Qarlı, soyuq hava bir günlük proqramımızı təxirə salmışdı. Artıq sərbəst idik. Məndə fürsətdən istifadə edib, üz tutdum sahil tərəfə. Xoşbəxtlikdən qaldığımız otel təşkilatçılar tərəfindən o qədər möhtəşəm bir yerdə seçilmişdi ki, boğaz mənzərəsindən tam zövq almaq imkanımız vardı…

Yollar artıq yavaş-yavaş buz baglayırdı. Heç tanımadığın küçələrdə gəzmək, divarlara yazılan maraqlı yazıları oxuyaraq, arzuladığın mənzərəyə addım-addım yaxınlaşmaq insana xoş təsir bağışlayırdı. Artıq küçənin bitməsinə az qalıb, bilirdim ki, bu uzun yol aydınlığa açılacaq. Möhtəşəm mənzərə məni gözləyirdi. Mənimlə bərabər turistlər də boğazın mənzərəsini görməyə gəlirdilər…

İstanbul ilin istənilən vaxtında gözəldir. Lakin qışda isə, qar örtüyü evlərin damlarına, ağaclara hətta yol boyu düzülən işıq dirəklərinə belə xüsusi cazibə verir. Dənizin sahilindəki mənzərəni isə söz ilə ifadə etmək mümkün deyil. Bu vaxtı bütün şəhər böyük bir nağıl dekorasiyasına bənzəyir – sanki şəhər, sehrli çubuqla Disneyin cizgi filmlərindəki nağıllarına çevrilib. Bu, nağıllar aləminə düşmək üçünsə, mütləqdir ki, İstanbula səfər edəsiniz.

Qar bu qədimi şəhərə xüsusi bir cazibə verir və siz qışda İstanbulun küçələri və meydanları boyunca saatlarla dolaşa, müzeylərə, tarixi binalara baxa bilərsiz. Bəlkə də İstanbul küçələrində şəhərin ecazkar görünüşünün təsirində özünə məxsus xüsusi dadı olan isti türk çayından daha cox həzz alacaqsınız. Boğazdakı bir çox tarixi binalar isə marağınıza səbəb olacaq.

Boğazda gördüyünüz və fotoşəkil çəkə biləcəyiniz bir çox tarixi bina var ki, onlar Qız qalası, Çırağan Sarayı, Dolmabahçe Sarayı, Ortaköy Məscidi, Anadolu qalası, Qalatasaray adası və s. Tarixi binaları və xoş mənzərələri ilə boğaz bir çox millətdən insanları bura gəlməsinə səbəb olur. Boğaz həm də insanların xoş günlərinin şahidi məkan kimi də yaddaşlar da qalıb…

Mənə elə gəlir ki, boğazın romantik mühiti bəylərin öz yarlarına evlilik təklifi etmək üçün əla fürsət yaradır. Bu mənzərənin təsirindən insan sevgiyə heç bir zaman “yox” deməz deyə düşünürəm. Əgər sevdiyinizə qovuşduğunuzda ona unudulmaz xatirələr qazandırmaq istəyirsizsə, bu məkanı seçə bilərsiniz.

Düşünürəm ki, boğaz İstanbulun cazibədar mühitinin və gözəlliyinin formalaşmasında misilsiz rol oynayır İki qitəni bir-birindən ayırması və beynəlxalq mənada çox əhəmiyyətli bir yer olması Boğazı əhəmiyyətli bir ünsür halına gətirir. Boğazın dərin mavi suları, və ətrafdakı tarixi binalar və mənzərələr İstanbulun tamamilə fərqli bir vəziyyətə çevrilməsinə səbəb olur.

Bəs Boğazda günəşin batışını gördünüzmü? Görməmisinizsə, mütləq gedib, bu bənzərsiz gözəllikdən zövq almalısınız. Bu, heç bir gözlliklə müqayisə edilə bilməyəcək biz mənzərədir. Gecə qaranlığına qərq olmağa başlayır və göylə rəngini dəyişməyə başlayan dəniz bir az dalğalanır. Yük gəmilərinin işıqları boğazın qarşınızda sərsəm olan uzaq nöqtələrinə parlayır…Yüklərinin nə olduğunu, haradan gəldiklərini, hara getdiklərini düşünürsən.

Sonra üfüqdə itməyə başlayan yük gəmilərini ağlınızdan silib, və yeni üfüqdə gördüyünüz yük gəmisinə bir ad verib, suallara cavab tapmağa çalışırsınız. Və yenidən külək üzünüzə vurmağa başlayır və bu lazımsız düşüncələrdən ayılırsınız. Sonra baxışlarınız rəngarən işıqlara keçir … Boğazı hər iki tərəfdən əhatə edən rəngarəng işıqlar …

O dövrdə dənizdəki əksləri İstanbulun yağlı köhnə evlərinin hündür pəncərələrini xatırladan işıqlar.

Qarşı sahildəki şəhər divarlarının qalıqları sanki tarixin yükünü öz üzərinə götürür … Qarşı tərəfdə dinc bir sükut var …İnsanlara hüzur verən bir rahatlıq …

Hər şeydən əvvəl, böyük bir günün burada bitəcəyinı hiss etmək, Sonra açılacaq olan yeni bir səhifəyə yaxın olmaq …

Depresif bir gündə həyatda boğulduğunuzu və hər şeyin üzərinizə gəldiyini düşünməyə başladığınız zaman boğaza getməyi seçin.

Görəcəyiniz mənzərə, təsvir edə bilməyəcəyiniz bir sevinc sizi həyata daha möhkəm bağlama kömək edəcəkdir.

Çünki burası İstanbul boğazıdır. Qələm alanların ilham tapıb, şair olacağı yerdir. Ruhunuzun dinclik tapacağı yerdir…

Günel Yaz

İstanbul

Turkustan.info

ƏVVƏLKİ XƏBƏR

Erməni generalı boğaraq öldürən şəhid Cəbrayıl Dövlətzadə barədə bilinməyənlər - VİDEO

SONRAKI XƏBƏR

La Sapienza Roma Universitetinin məzunu Mingəçevir Dövlət Universitetində fəaliyyətə başlayıb (FOTO)