Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirilib

Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirilib

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib. Videokonfransda Ədəbiyyat İnstitutun direktor müavinləri, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərli, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, Rəşad Qasımov və İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli, İnstitutun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli açıb. Akademik bildirib ki, bu il Xocalı soyqırımının yad edilməsi əvvəlki illərdən fərqlənir. Bu fərq Ali Baş Komandanımızın rəhbərliyi ilə aparılan Vətən müharibəsinin qələbə ilə başa çatması ilə müşahidə olunur. Qarabağın işğaldan azad edilməsi Azərbaycanın dövlətçilik və hərb tarixinin bənzərsiz hadisəsidir. Xocalı soyqırımını qələbəmizdən sonra anmağın səciyyəvi cəhətləri var. Prezidentimizin başçılığı ilə böyük qayıdış başlayıb. Azərbaycan xalqı inanır ki, artıq Qarabağın hərbi və siyasi taleyi etibarlı əllərdədir. Biz böyük qələbə əhval-ruhiyyəsində olsaq da, Xocalı faciəsini həmişə qeyd etməliyik. Dünya erməni faşizminin əsl üzünü tanımalıdır. Xocalı faciəsinə obyektiv qiymət vermədən Qarabağ münaqişəsinin mahiyyətini anlamaq çətindir. Bu faciəyə obyektiv siyasi qiyməti ulu öndər Heydər Əliyev vermişdir. Prezidentimiz İlham Əliyev və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva hər il Xocalı soyqırımı abidəsini yad edirlər. Dünyanın bir çox ölkələrində Xocalı qətliamı soyqırım kimi tanınır. Bu yöndə Leyla Əliyevanın həyata keçirdiyi "Xocalıya ədalət" kompaniyasını xüsusi vurğulamaq lazımdır. Hər il Ədəbiyyat İnstitutunda bu faciənin ildönümü yad edilir.

Sonra Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova "Xocalı faciəsi Azərbaycan ədəbiyyatında" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Xocalı soyqırımına həsr edilmiş poeziya nümunələri, nəsr və dram əsərləri, publisistik əsərlər təhlil edilib.

Onlayn tədbirdə millət vəkili, professor Jalə Əliyeva da iştirak edib. O, çıxışında qeyd edib ki, biz böyük qələbəni qazanmaqla bərabər, otuz illik kədərimizi də unutmayacağıq. Xocalı faciəsinin izlərini 44 günlük müharibədə bir daha gördük. Ermənilər Gəncədə, Bərdədə, Tərtərdə, Naxçıvanda mülki əhaliyə atəş açmaqla öz xislətlərini bir daha ortaya qoydular. Bu hadisələr tarixlə birgə ədəbiyyatda da öz əksini tapacaq.

İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd çıxış edərək şöbə əməkdaşlarının Xocalı soyqırımı mövzusunda kifayət qədər əsərlər yazdıqlarını, mətbuatda yayımladıqlarını bildirib. Qarabağ mövzusuna həsr olunmuş şeirlərdən ibarət antalogiya hazırladığını və İranda çap olunacağını deyib.

Filologiya üzrə fəlsəfə doktoru Fəridə Hicran həmin günlərin canlı şahidi kimi ağrılı xatirələrini bölüşüb. Bu faciənin dünyada tanıdılması üçün apardığı mücadilədən söz açıb. Bununla bağlı bir neçə kitab çap etdirdiyini bildirib. Həmçinin onun iştirakı ilə xaricdə yayımlanmış televeriliş nümayiş olunub. Bundan əlavə Fəridə Hicran "Mən sizə nə söyləyim" şeirini də səsləndirib.

Tədbirin sonunda Nurəngiz Günün poeması əsasında hazırlanan "Xocalı simfoniyası" filmi nümayiş olunub.

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

Mənbə: olaylar.az