Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi Polşada anılıb – FOTO

Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi Polşada anılıb – FOTO

Azərbaycanın Polşadakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Xocalı soyqırımı haqqında Polşa ictimaiyyətinin məlumatlandırılması istiqamətində bir neçə tədbir həyata keçirilib.

Bu barədə Azərbaycanın Polşadaki səfirliyi məlumat yayıb.

Bildirilib ki, Polşanın “Dziennik Trybuna” qəzetinin çap versiyası və internet səhifəsində səfir Nərgiz Qurbanovanın Xocalı Soyqırımına həsr edilmiş “Qafqaz göründüyü kimi deyil” başlıqlı məqaləsi dərc edilib.

Məqalədə 26 fevral tarixində Azərbaycan xalqının Xocalı soyqırımının növbəti anım gününü qeyd etdiyi bildirilir. Faciənin tarixi barədə geniş məlumat verilərək, bir gecədə 613 Xocalı sakininin, o cümlədən, 106 qadın, 63 uşaq və 70 yaşlının Ermənistan silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilməsi, 1275 mülki şəxsin girov götürülməsi barəsində acı həqiqətlər oxucuların diqqətinə çatdırılıb.

Məqalədə həmçinin Ermənistanın 1987-ci ildə Azərbaycanın Dağlıq Qarabağ muxtar vilayətinə rəsmi iddia irəli sürməsi və nəticədə Azərbaycana qarşı hərbi təcavüzü, BMT Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağ bölgəsinin Azərbaycan məxsusluğunu təsdiq edən 4 qətnamənin qəbul edilməsi vurğulanmışdır.

Səfir N.Qurbanova “Dzennik Tribuna” qəzetində 44 günlük Vətən Müharibəsi zamanı Ermənistan tərəfindən hərbi cinayətlərin törədilməsi, döyüş bölgəsindən kənarda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Beyləqan, Goranboy, Ağstafa, Siyəzən, Kürdəmir, Xızı şəhərlərində və rayon mərkəzlərində mülki şəxslərin və obyektlərin qadağan edilmiş kasset mərmilərlə xaincəsinə bombalanması, nəticədə 100-dən çox mülki şəxsin, o cümlədən 11 uşağın həlak olması və 400-dən çox mülki şəxsin yaralanması və mülki infrastrukturun məhv edilməsi barədə məlumat verib.

www.trybuna.info/bez-kategorii/kaukaz-nie-taki-jak-sie-wydaje/

Bununla yanaşı, Səfirliyin təşəbbüsü ilə Varşavanın Regional Qan Donor Mərkəzinin binasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş qanvermə aksiyası keçirilib.

Tədbirdə Xocalı soyqırımı barədə məlumatları özündə əks etdirən bannerlər quraşdırılıb, faciə ilə bağlı broşür və kitabçalar qan verməyə gələn insanlar arasında paylanıb.

Daha bir təşəbbüs kimi Səfirlik tərəfindən Varşavada yerləşən Yanuş Kurçak adına 2 saylı Uşaq Evinin sakinləri olan kimsəsiz uşaqlar üçün şirniyyatlar və oyuncaqlar alınaraq qarşı tərəfə təqdim edilib. Bununla Xocalı soyqırımı və Ermənistanın törətdiyi digər müharibə cinayətləri vaxtı qətlə yetirilmiş məsum Azərbaycanlı uşaqların xatirəsi anılıb.

Digər bir tədbir Səfirlik və Polşadakı Azərbaycan diaporunun nümayəndələri ilə təşkil olunub. Belə ki, Varşavanın ən nüfuzlu “Raffles Europejski Warsaw” hotelində Xocalı soyqırımının ildönümünə həsr edilmiş onlayn konsert keçirilib. Tədbirdə Polşada fəaliyyət göstərən Azərbaycan Diasporunun nümayəndəsi Fərid Cəfərli çıxış edib, daha sonra Varşavada yerləşən Karol Şimanovski adına 4 saylı dövlət musiqi məktəbinin şagirdlərinin ifasında klassik musiqi inciləri səsləndirilib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilmiş Xocalı soyqırımına həsr edilmiş film polyak dilinə tərcümə edilərək geniş ekranda nümayiş etdirilib. Həmin tədbir peşəkar çəkiliş qurupu tərəfindən lentə alınıb və xüsusi internet keçidi vasitəsi ilə “Facebook” şəbəkəsi üzərindən Polşa ictimaiyyəti arasında yayımlanıb.

Qeyd edilən tədbirlərlə yanaşı, Səfirliyin inzibati binasının qarşısında Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş guşə yaradılıb.

Mənbə: www.oxu.az