"Türkiyədə başlayıbsa bizdə də olacaq" - İnfeksionistdən koronavirusun yeni ştammı barədə AÇIQLAMA

"Türkiyədə başlayıbsa bizdə də olacaq" - İnfeksionistdən koronavirusun yeni ştammı barədə AÇIQLAMA

Həkim-infeksionist: “Əgər birinci dalğa zamanı hamı yoluxsaydı, indi vaksinə ehtiyac qalmayacaqdı”

Dünyada və Azərbaycanda vaksinasiya işləri davam etdirilsə də, virusun yeni ştammlarının olacağı kimi xəbərlər insanları naümid edib. Xüsusilə də “Britaniya ştammı”nın yayılması xeyli narahatlıq doğurub. Digər tərəfdən də, ABŞ-ın Kaliforniya ştatında daha yoluxucu və təhlükəli koronavirus növü aşkarlanıb. Bu mutasiya San-Fransisko universiteti alimlərinin yeni araşdırması ilə ortaya çıxıb. Belə ki, tədqiqatçıların araşdırması nəticəsində İngiltərə və Cənubi Afrikada mövcud olan koronavirusun yeni mutasiyasından fərqli növü aşkar edilib. Universitet professorlarından biri Çarles Çiu nəticələrdən narahat olduğunu, lakin panikaya ehtiyac olmadığını vurğulayıb.

Bu arada Oxford Universitetinin mütəxəssisləri 2021-ci ilin yayında yeni koronavirus stammlarının səbəb olduğu COVID-19 əleyhinə peyvənd sınaqlarına başlamaq niyyətindədirlər. Bunu qurumun professoru Sarah Gilbert İngiltərə parlamentinin Lordlar Palatasının Elm və Texnologiya Komitəsində dinləmə zamanı söyləyib. Sarah Gilbert Oxford Universitetində İngilis-İsveç əczaçılıq şirkəti olan “Astrazeneca” üçün COVİD-19 peyvəndini hazırlayan qrupa rəhbərlik edir.

Azərbaycanda isə virusun yeni ştammlarının yayılacağı haqda xəbərlər var. İnsanlar son günlər vaksin olunmamaq üçün müqavimət göstərir, müxtəlif şayiələr yayırlar. “Əgər hər kəs peyvəndləmə prosesində iştirak etməsə, istənilən effekt əldə olunmasa, biz üçüncü dalğanı yaşaya bilərikmi” kimi sual da ortaya çıxır.

Qeyd edək ki, hazırda ölkəmizdə 50 yaşdan yuxarı şəxslər vaksin olunurlar. “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları bunlardır:

Sosial:

səhiyyə işçiləri (həkim, orta və kiçik tibb heyəti, texniki heyət);

hüquq-mühafizə orqanlarının əməkdaşları;

hərbi qulluqçular;

saxlanılan, həbs edilmiş şəxslər və məhkumlar;

təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

Tibbi:

yaşlı əhali (?65);

TSXX, xroniki hemodializ xəstələri, şəkərli diabet II tip(?50), piylənmə(?18).

Strategiyada nəzərdə tutulduğu kimi, vaksinasiya mərhələli şəkildə davam etdirilir.

Gülnarə Əhmədova

Bizimlə söhbətdə infeksionist Gülnarə Əhmədova mövzu ilə suallarımıza cavab verib və bəzi məqamlara aydınlıq gətirib: "Vaksinlərdən yüz faiz nəticə gözləmək düzgün deyil. Özümüzü qorumalıyıq. Maska taxmaq, gigiyena qaydalarına əməl etmək, sosial məsafəni saxlamaq lazımdır. Vaksin yüz faiz zəmanət vermir. Peyvənd edirik ki, bəlkə kömək olar. O ki qaldı virusun yeni ştammına, mutasiya insan bədənində əmələ gəlir. Əgər İngiltərədə oldusa, Türkiyədə başlayıbsa, deməli, bizdə də olacaq. Bundan qaçmaq mümkün deyil. Virus bir bədəndən o birisinə keçir. Əgər vaxtında, birinci dalğa zamanı hamı yoluxsaydı, indi vaksinə ehtiyac qalmayacaqdı. Karantin də yarımçıq edildi, əslində heç karantin lazım deyildi, hamı bu virusa yoluxmalı idi".

İnfeksionist bildirir ki, bu günə kimi xəstələrdə vaksinlərdən sonra hər hansı yan təsir müşahidə olunmayıb: “Demək olar ki, heç qızdırma da yaratmır. İndiyə kimi ölkəmizdə peyvənd olmayıbmı?! Ən təhlükəli peyvənd qızılcaya qarşı olan vaksindir. Ondan kiməsə heç nə olmayıbsa, bunda ümumiyyətlə heç bir mənfi təsiri ola bilməz. Heç allergik reaksiya da vermir. Allergik reaksiya o adamlarda olur ki, uşaqlıqda peyvəndlərə qarşı reaksiyası olsun. Peyvəndin tərkibində olan maddələrə qarşı allergik reaksiya olur. Bizim 15 saylı poliklinika demək olar ki, respublika üzrə rekord nəticə göstərib, günə 200 nəfər insan peyvənd olunur. Heç bir mənfi reaksiya da olmayıb. Bəzən deyirlər təzyiqi olan adamlara peyvənd olmaz. Dərman içirir, təzyiqi salırıq, peyvəndi də edirik. Heç bir problem də olmur. Bir sözlə, bir ümidimiz vaksinlərdir, bəlkə nə isə kömək olar. Amma əsas məsafə saxlamaq, gigiyena qaydalarına əməl etməkdir”.

Azər Nağıyev

İnfeksionist-hepatoloq Azər Nağıyev də mövzu ilə bağlı suallarımızı cavablandırıb: ""Britaniya ştammı" Azərbaycanda yoxdur, rəsmi məlumatlarda da “Britaniya ştammı”nın olmadığı bildirilib. Bizim ölkəmizə də gələ bilər. Çünki müəyyən ölkələrə işlə, təhsillə bağlı gediş-gəliş olur".

İnfeksionist xəstələrin sayında azalmaların olduğunu qeyd edir: “Xəstələrin sayı peyvənd başlamamışdan əvvəl azalıb. Hazırda yoluxanlar az saydadır. Düşünürəm ki, vaksinasiyadan sonra da azalmalar olacaq. Düzdür, riskli dalğalanmalar olacaq, fikrimcə, kritik vəziyyət olmayacaq. Əlbəttə, əgər bütün qaydalara riayət edərsək...”

Mənbə: cia.az