“Vikipediya könüllüləri” layihəsi çərçivəsində görüş

“Vikipediya könüllüləri” layihəsi çərçivəsində görüş

Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə universitetdə “Vikipediya könüllüləri” layihəsi çərçivəsində görüş olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov ölkəmizdə və muxtar respublikamızda həyata keçirilən gənclər siyasəti barədə danışıb. Qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Vurğulanıb ki, bu gün muxtar respublikada gənclərlə bağlı bir sıra əhəmiyyətli layihələr həyata keçirilir. Onların yaradıcılıq axtarışlarının stimullaşdırılmasına, milli ruhda tərbiyəsinə, sosial müdafiələrinin və məşğulluqlarının təmin edilməsinə ciddi önəm verilir.

Universitetin Elm və innovasiyalar şöbəsinin müdiri Rza Məmmədov ali təhsil ocağında tələbələrin hərtərəfli inkişafı üçün müxtəlif tədbirlərin həyata keçirildiyini qeyd edib və magistrantları Gənclər Fondunun layihəsi ilə bağlı daha fəal olmağa səsləyib.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun bölmə müdiri Məhəmmədəli Məmmədli yeni yaradılan “Vikipediya könüllüləri” layihəsi barəsində məlumat verib. Azərbaycan Respublikası ilə bağlı bu gün internet resurslarına ciddi tələbat olduğunu diqqətə çatdıran Gənclər Fondunun bölmə müdiri magistrantları bu layihədə birgə əməkdaşlığa çağırıb.

Fondun aparıcı mütəxəssisi Sübhan Rəhimli slayd və videoçarxlar vasitəsilə layihənin məqsədi, gələcək fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, ölkəmiz və muxtar respublikamızla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gələcəyin mütəxəssisləri olacaq magistrlərin potensialından istifadə olunmalıdır.

Sonda layihə üzrə könüllü tələbələr qeydiyyata alınıblar.

Mənbə: azertag.az