Vətən müharibəsində sağlamlığını itirmiş şəxslərin və şəhid ailələrinin məşğulluğa cəlb olunması diqqətdə saxlanılır

Vətən müharibəsində sağlamlığını itirmiş şəxslərin və şəhid ailələrinin məşğulluğa cəlb olunması diqqətdə saxlanılır

Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsidir. Mütərəqqi sosial siyasət həyata keçirən dövlətimiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirir. Ölkəmizdə qazilər, şəhid ailələri, müharibə iştirakçıları dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Artıq müharibə iştirakçılarının bilik və bacarıqlarına uyğun işlə təmin olunması prosesi gedir. Şəhid və qazilərin məsələləri ilə məşğul olan şöbələrdə müharibə iştirakçılarının işə cəlb edilməsi diqqət mərkəzində saxlanılır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov bildirib ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qazi və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması dövlətimizin başçısı tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi evlərin və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir.

Deputat qeyd edib ki, dövlətimizin başçısının ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid və əlil olan, müharibədə itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi ilə bağlı Sərəncamı cəmiyyətdə böyük razılıqla qarşılanıb. Həmçinin qazilərin müalicə və müayinəsi üçün xaricdən ölkəmizə mütəxəssislər dəvət olunub. Eyni zamanda, müalicə üçün xaricə göndərilən qazilərin də sayı artmaqdadır. “Müharibədə sağlamlığını itirmiş şəxslərin və şəhid ailələrinin üzvlərinin məşğulluq proqramına cəlb olunması, onların həyat şəraitlərinin yaxşılaşdırılması dövlətimizin sosial siyasətinin ən vacib hissəsidir. Həssas kateqoriyadan olan insanların dövlət qayğısı ilə əhatə edilməsi bütün sahələrdə özünü büruzə verir”, - deyə deputat qeyd edib.

 

Mənbə: azertag.az