Lənkəranda yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması ilə bağlı müzakirələr aparılıb

Lənkəranda yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması ilə bağlı müzakirələr aparılıb

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Evində xüsusi karantin rejimi qaydalarına əməl olunmaqla keçirilən tədbirdə yeniyetmə və gənclərin narkotik vasitələrdən və digər zərərli vərdişlərdən uzaqlaşdırılması ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə Lənkəran Rayon Polis Şöbəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin, Gənclərin Karyera İnkişafı Mərkəzinin Lənkəran Numayəndəliyinin, Lənkəran Şəhər Təhsil Şöbəsinin və Lənkəran Dövlət Universitetinin əməkdaşları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə bildirib ki, yeniyetmə və gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən başçıcası, onların sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur. Bəzən həyətdə, küçədə, məktəbdə, işdə hətta bir narkomanın olması ətrafdakılara fəlakətli təsir göstərir.

Diqqətə çatdırılıb ki, gənclərin və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil, bu işdə bütövlükdə cəmiyyətin bütün təbəqələri, hər bir vətəndaş, ictimai qurumlar, kütləvi informasiya vasitələri, mədəni-maarif müəssisələri fəallıq nümayiş etdirməlidirlər.

Çıxış edənlər yetkinlik yaşına çatmayanların və gənclərimizin narkotikdən və digər zərərli vərdişlərdən uzaq olması bağlı təkilflərini bildiriblər.

Bildirilib ki, yeniyetmə və gənclərin narkotik və digər zərərli vərdişlərdən uzaq olması, onların idmana cəlb edilməsi və eyni zamanda asudə vaxtlarının səmərəli təşkili ilə bağlı vaxtaşırı maraqlı tədbirlər keçirilməlidir.

Mənbə: azertag.az