Britaniyalı üzgüçü Luis Puq İranla münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazından üç gün ərzində təxminən 15 kilometr məsafə qət edərək üzüb.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, 56 yaşlı üzgüçü bu addımla müharibənin təbiətə və ətraf mühitə vurduğu ziyana diqqət çəkmək istəyib.
BMT-nin Okean Dözümlülüyü üzrə zabiti olan Puqun marşrutu boğazdakı Musandam adasından Omanın Musandam yarımadasının şimal ucundakı Hörmüz burnuna qədər uzanıb.
“Lewis Pugh” Fondunun məlumatına görə, üzgüçülüyün ilk günündə Puqun olduğu yerdən təxminən 4 kilometr aralıda bir neft tankerinə mərmi dəyib.
İkinci gün üzgüçü onu mayeləşdirilmiş neft qazı daşıyan “Tara Gas” gəmisindən ayıran burundan alovların yüksəldiyini görüb və gəmi hələ də yanarkən onun yaxınlığından üzüb keçib. Puq həmin anları belə təsvir edib: “İlk ağlıma gəmidəki dənizçilər gəldi. Alovlar çox böyük idi. Bu gəmilər yüksək dərəcədə alovlanan qazlar daşıyır və birinə hücum təkcə heyət üçün deyil, həm də ətrafdakı dəniz həyatı üçün fəlakətli nəticələrə səbəb ola bilər”.
Münaqişə başlayandan bəri Hörmüz boğazında uzunməsafəli üzgüçülüyə cəhd edən ilk şəxsin məhz Puq olduğu bildirilir.
Plimutda doğulan üzgüçü müharibənin uzunmüddətli ekoloji fəsadlarına diqqət çəkib: “Müharibə böyük insan əzablarına səbəb olur. Həyatlar itirilir, ailələr dağılır, evlər, xəstəxanalar və məktəblər bir neçə dəqiqə ərzində məhv edilə bilər. Lakin çox az diqqət yetirilən başqa bir qurban var: təbiətin özü. Üstəlik, bu zərər münaqişələr bitdikdən sonra da uzun müddət davam edə bilər”.
Puq lamantinlər, dəniz tısbağaları və balina köpəkbalıqlarının məskunlaşdığı boğazda neft dağılmalarının mərcan riflərinə, dəniz otları çəmənliklərinə və manqrov meşələrinə ciddi ziyan vura biləcəyini vurğulayıb. O, münaqişələrin dayandırılmasına, boğazın yenidən açılmasına və ekoloji zərərin aradan qaldırılması üçün tədbirlər görülməsinə çağırıb.




Mənbə: qafqazinfo.az