Abort masasında bitən həyat - Azərbaycanda can alarkən neçə qadın canından olub?

Abort masasında bitən həyat -

Şəmkirdə abort zamanı 35 yaşlı bir qadının həyatını itirməsi abortların təhlükəsini, ümumiyyətlə doğru olub-olmamasını yenidən gündəmə gətirdi. Bir qadının hamiləliyini sonlandırmaq qərarı faciə ilə nəticələnib. Təbii ki, bu rəqəm “bir”lə məhdudlaşmır. İndiyədək neçə-neçə qadın abort masasında canından olub, Nə qədər acı olsa da, təəssüflə deməliyik bu son deyil, davam edəcək.

Bəs bu hadisə təsadüfi tibbi ağırlaşmadır, yoxsa səhiyyədəki daha ciddi problemin, daha doğrusu etinasızlığın göstəricisidir?


Mərhumun ailə üzvləri həkimləri səriştəsizlikdə, laqeydlikdə qınayır. Buna qədərki ölümlə nəticələnmiş abort hallarının əksəriyyətində də tibbi personal əsas hədəf alınıb. Təbii ki, ən yaxın insanlarını itirmiş ailə üzvlərinin acısını, dərd içində başqalarını günahlandırmasını anlamaq olar. Bəs həkimlər özləri bunu etiraf edirlərmi?

Mama-ginekoloq Sevinc Baxşıyeva deyib ki, heç bir həkim, hətta tibbi personal nə özünün, nə işlədiyi xəstəxananın adına belə ləkə yaxılmasını istəməz:

“Çünki həkim, eləcə də tibb bacıları yaxşı bilirlər ki, yarasız tibbi xidmət, etinasızlıq aşkar olunarsa, həm xəstəxananın adına ləkə gətirər, həm də bu birbaşa cinayətdir. Kim belə ağır məsuliyyəti üzərinə götürər? Əlbəttə ki, naməlum şəraitdə, qanunsuz əməliyyat aparan həkimləri nəzərdə tutmuram. Onlar həm dövlət, həm də Allah qarşısında cavab verəcəklər.

Qanunla icazə verilən müddətdəki döl əgər sağlamdırsa, inkişaf problemi yoxdursa, ananın səhhətinə ziyan etmirsə həkim olaraq onun yaşaması üçün həmişə əlimizdən gələni etmişik, lakin son qərar qadınındır. Əminəm ki, adına, məsləyinə, insanlığa sayığısı, məsuliyyət hissi olan hər bir həkim işini ləyaqətlə görər. Sadəcə bəzən xəstə əməliyyatdan sonra diqqət etmir, həkimin tövsiyəsini qulaqardına vura bilər. İcazəsiz dərman qəbul edənlər də olur, səbəblər çoxdur”.

Yeri gəlmişkən, Allah qarşısında alnıaçıq cavab verə bilmək üçün abort hansı halda mümkündür, din buna icazə verirmi?

İslam dinində (eləcə də digər səmavi dinlərdə) hamiləliyin süni şəkildə, səbəbsiz yerə (uşaq sayının çoxluğuna, maddi çətinliyə, selektiv abort və s.) sonlandırılması günah hesab olunur. Lakin hamiləliyin müddətindən, ananın sağlamlığına olan təhlükədən asılı olaraq icazə verilir. Amma istənilən halda həssas mövzulardan biridir: həm dində, həm də cəmiyyətdə.

Abortun icazə müddətinə gəlincə, bəzi təriqətlərdə 5-6-cı həftələrə qədər (embrionda ürək döyüntüsü yarandığı günə qədər), bəzilərində isə 120 gün (ruhun bədənə üfürüldüyü vaxt) icazə verilir.


Qeyd edək ki, rəsmi statistikaya görə, abortların sayı 2025-ci ildə 95 mini ötüb. Dövlət Statistika Komitəsinin açıqladığı ana ölümü göstəricilərində abort zamanı ölüm halları ayrıca göstərilmir. Ümumilikdə bütün hamiləlik, doğuş və doğuşdan sonrakı dövrlə əlaqəli ölümləri əhatə edir.

Məsələn, 2020–2025-ci illərdə ölkədə qeydə alınmış ümumi ana ölümü halları belədir: 2020 - 20, 2021 - 20, 2022 - 18, 2023 - 33, 2024 - 29, 2025 - 26 ana ölümü qeydə alınıb.

Şəfiqə Şəfa

Mənbə: bizim.media