Türkiyə bu gündən COVID-19-la bağlı qadağaların aradan qaldırılması mərhələsinə addım atır

Türkiyə bu gündən COVID-19-la bağlı qadağaların aradan qaldırılması mərhələsinə addım atır

İstanbul, 2 mart, AZƏRTAC

Türkiyə bu gündən etibarən yenidən “nəzarətli normallaşma” - COVID-19-la bağlı qadağaların aradan qaldırılması mərhələsinə addım atır.

AZƏRTAC xəbər verir ki, bununla bağlı ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Nazirlər Kabinetinin martın 1-də keçirilən növbəti iclasında qərar qəbul olunub.

Alınan qərarlara əsasən, martın 2-dən etibarən Türkiyənin COVID-19-la bağlı vəziyyətə görə az və orta riskli vilayətlərində qadağalar yumşaldılır. Bu gündən etibarən ölkədə ənənəvi tədris sistemi, bir sıra dövlət qurumlarda iş qrafiki, kafe və restoranların fəaliyyəti (vaxt və müştəri məhdudiyyəti çərçivəsində) bərpa olunur, həftə sonu və həftə içi hər gün axşam saat 21:00-dan səhər saat 05:00-dək davam edən evdən çıxma qadağası aradan qaldırılır. Həftə sonu qadağası yüksək riskli bir çox vilayətlərdə olduğu kimi, İstanbul və İzmirdə bir müddət yalnız bazar günləri davam edəcək, paytaxt Ankarada isə tamamilə ləğv edilir. Yumşaldılma tədbirləri yaşı 65-dən yuxarı və 20-dən aşağı olanlara aid qadağaları da əhatə edir. Belə ki, bu yaş qruplarına daxil olanların evdən çıxma saatları artırılır.

Ölkədə toy, nişan və bu kimi digər mərasimlərin bir saat ərzində bəzi vilayətlərdə maksimum 50, bəzilərində isə 100 nəfərlə keçirilməsinə icazə veriləcək.

Qeyd edək ki, may ayından etibarən Türkiyə ərazisində turizm mövsümünün açılması gözlənilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az